Daha 2 xarici şirkət Azərbaycandan getdi

Hər iki şirkət Azərbaycandakı filiallarının ləğv olduğunu elan edib

Source:


Hər iki şirkət Azərbaycandakı filiallarının ləğv olduğunu elan edib

Daha iki beynəlxalq şirkət Azərbaycandan gedib. Onlar Böyük Britaniyanın “Lloyd`s Register Inspection Limited” və Vvipson Capital Management UK Limited” şirkətləridir.

Məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

“Lloyd`s Register Inspection Limited” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.

Bununla yanaşı, “Vvipson Capital Management UK Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunub. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov,ev 51, mənzil 2 ünvanına bildirə bilərlər.

“Lloyd`s Register Inspection Limited” şirkətinin baş ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşir. Şirkət sənayenin müxtəlif sahələrində təhlükəsizlik xidmətləri təklif edir.

“Vvipson Capital Management UK Limited” isə konsaltinq və vəsaitlərin idarə olunması xidmətlərinin təklifi ilə məşğuldur.

Bunlar son bir neçə ildə Azərbaycanı tərk edən ilk şirkətlər deyil. Daha öncə “Champion Technologies Russia & Caspian BV” şirkəti Azərbaycan filialının bağlandığını elan etmişdi. Bu şirkət 2004-cü ildən Bakıda fəaliyyət göstərir və xüsusi reagentlərin geniş çeşidini təqdim edirdi. Neft-qaz sənayesində yaranan texniki problemlərin həlli ilə məşğul olurdu. Təsisçisi Texasın CS-US Holdings, Inc (ABŞ) şirkəti idi.

Azərbaycanda 23 illik iş təcrübəsi olan Türkiyənin “Seha” şirkəti də bağlandı. O, elektrik malları və elektrik avadanlığı satırdı. Şirkətin sahibi Bahri Tupuz “Hizmet” hərəkatı ilə əməkdaşlıqda ittiham edildi.

2016-cı ildə Azərbaycanda 20 illiyini qeyd edən “Nil Kitap Kirtasiye Sanayi Ltd. Sti.” şirkəti də “Hizmet” hərəkatı ilə əlaqələndirildi. O, sonradan adını dəyişərək “Axent Kirtasiye” MMC-yə çevrildiyini elan etdi. Şirkətin dəftərxana mallarının satışı üzrə mağazalar şəbəkəsi var.

Britaniyanın “Wicklow Corporate Services Limited”, İsveçrənin “Man Oil Group AG” şirkətləri də bir müddət öncə Azərbaycandan gedib.

Britaniya şirkətinin filialı Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərirdi. Ötən il bu şirkətin sahibi Səid Alum Bitinin Amerika Ticarət Palatasının üzvlərindən biri ilə şəxsi münaqişəsi olmuşdu. İş məhkəməyə qədər gedib. Nəticədə şirkət Amcham-dan çıxarılıb.

İsveçrənin “Man Oil Group AG” şirkətinin filialı isə 2011-ci ildə neftlə çirklənən əraziləri ən yeni texnologiyalarla təmizləmək üçün yaradılmışdı.

Ana səhifəXəbərlərDaha 2 xarici şirkət Azərbaycandan getdi