”Dağlıq Qarabağ problemi Heydər Əliyevin hakimiyyəti dövrində yaranıb”

Arif Hacılı: ”Bütün proseslər Heydər Əliyevin hakimiyyətə gəlmək uğrunda mübarizəsilə dayandırıldı”

Source:
Ilham Əliyev
Ilham Əliyev


Arif Hacılı: ”Bütün proseslər Heydər Əliyevin hakimiyyətə gəlmək uğrunda mübarizəsilə dayandırıldı”

Prezident İlham Əliyevin 9 may Qələbə Günü münasibətilə keçirdiyi tədbirdə Dağlıq Qarabağ probleminin həllinin gecikməsi ilə bağlı göstərdiyi səbəblər müxalif düşərgədə birmənalı qarşılanmayıb.

Prezident 1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla getdiyini və dövlətin əsaslarının qoyulduğunu deyib: “Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin”.

İlham Əliyevin söylədiklərini Meydan TV-yə şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Azərbaycanın bir çox problemləri kimi Dağlıq Qarabağ problemi də məhz Heydər Əliyevin hakimiyyəti dövrində yaranıb: “Söhbət həm də onun sovet hakimiyyəti dövründə Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi illərdən gedir. Əslində, Azərbaycan xalqı özünün az-çox uğurlarını 1987-1993-cü illərdə qazanıb. Həmin illərdə ölkənin bir çox rayonunun Ermənistan tərəfindən işğalının qarşısı alınıb, eyni zamanda, Bakı, Gəncə, Sumqayıt kimi şəhərlər ermənilərin təsir imkanlarından xilas olub. İki rayon – keçmiş Şamuyankənd və Ağdərə işğaldan azad olunub, nəhayət, müstəqil dövlət qurulub və müstəqillik atributları qəbul olunub”.

Arif Hacılı
Arif Hacılı

Müsavat başqanı BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması haqda qətnamələrini xatırladaraq bildirib ki, erməni silahlılarının Kəlbəcərdən çıxarılması və hətta münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində qrafik də müəyyənləşmişdi: “Bütün bunlar məhz Heydər Əliyevin hakimiyyətə gəlmək uğrunda mübarizəsilə dayandırıldı. O, hakimiyyətə gəlmək ərəfəsində “pencəyimi çiynimə atıb, gedib Qarabağı azad edərəm” – deyirdi, amma YAP-ın Qurtuluş Günü kimi bayram etdikləri 15 iyundan sonra Azərbaycanın daha 6 rayonu işğal olundu, ardınca biabırçı Bişkek protokulu imzalandı. Nəticədə nəinki Dağlıq Qarabağ, aran Qarabağ da Ermənistan ordusunun nəzarəti altına keçdi. Bütün bunların fonunda Heydər Əliyevin Azərbaycanın problemlərini həll etməsi haqda deyilənlər siyasi təbliğat olduğundan heç kəs buna inana bilməz”.

Ana səhifəXəbərlər”Dağlıq Qarabağ problemi Heydər Əliyevin hakimiyyəti dövrində yaranıb”