Dağlıq Qarabağ münaqişəsi ətrafında nələr baş verir?

Əliyev və Paşinyan

Əliyev və Paşinyan

Rəsmi Bakının son addımları geniş rezonansa səbəb olub

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinə Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyevin sədr seçilməsi və Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində mühafizəsinin Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə keçməsi sosial şəbəkələrdə fəal müzakirə mövzusuna səbəb olub.

Sosial şəbəkə istifadəçiləri hesab ediblər ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında ciddi proseslər başlayıb və son günlər verilən xəbərlərin təhlili Azərbaycanın Dağlıq Qarabağ erməniləri ilə danışmağa razılaşdığını deməyə əsas verir.

Sosial şəbəkələrdə müzakirələrdə razılaşmanın nəticəsi kimi Dağlıq Qarabağın Azərbaycanlı icmasının da iştirakının təmin olunmasına nail olduğu qeyd olunur.
“Ermənilər sərhəddə yerdəyişmədən şübhələnirlər”

Digər tərəfdən Ermənistan mətbuatında Qazax rayonunda mühafizənin Dövlət Sərhəd Xidmətinə keçməsi gərgin müzakirələrə səbəb olub. Erməni politoloqları bir-birinin ardınca müsahibə verərək, bu yerdəyişmənin və son günlər sərhəddə həddən artıq sakitçiliyin olmasını Azərbaycanın hansısa məkrli planı kimi qəbul edirlər. Ermənistan mətbuatı Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun erməni həmrakı Mnatsakyanla razılıq əldə olunması bəyanatını da birmənalı qarşılamayıb. Erməni ekspertlər isə Qazax rayonunda olan sərhəddən Müdafiə Nazirliyinin qüvvələrinin çəkilməsini, bu qüvvələrin Dağlıq Qarabağ istiqamətində ordunun sayının artırılmasına gətirib çıxaracağına ehtimal edirlər.

“İctimaiyyət yetərincə məlumatlandırılmalıdır”

Ancaq Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu ehtimalı yaxına buraxmır.

Onun fikrincə, danışıqların yeni formatı qəbul olunmayıb və 20 ildən çoxdur birbaşa danışıqlar aparılır.

“Heç bir irəliləyiş də yoxdur. Formatın dəyişməsinin də nələrisə dəyişəcəyi inandırıcı deyil. Sadəcə, bu mövzunu danışıqlar görüntüsü yaratmaq üçün gündəmə gətiriblər. Təəssüf ki, həmsədrlər də həmin işlə məşğuldurlar, real bir iş görülmür. Real sənəd yoxdur ki, onun əsasında danışıqlar aparılsın. Sadəcə, tezislər, ideyalar müzakirə olunub”.

Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov

Tofiq Zülfüqarlı deyib ki, hazırda ümumi tezislərin müzakirəsi aparıldığından icmaların vəziyyəti, onların problemlərinin həlli indiki mərhələdə aktual deyil.
Sabiq XİN rəhbəri hesab edir ki, son danışıqlar barədə yetərincə informasiya yayılmayıb, halbuki, cəmiyyət məlumatlandırılmalıydı:

“Elə bu səbəbdən, əsassız fikirlər, şübhələr və konsepsiyalar yaranır. Bunu aradan qaldırmaq üçün real müzakirələrin mövcud olub-olmaması açıqlanmalıdır. Sonuncu görüş də Ermənistan və Azərbaycanda fərqli şərhlərlə cəmiyyətə çatdırılır. Məncə, məxfiliyin heç bir xeyri yoxdur, ictimaiyyət yetərincə məlumatlandırılmalıdır”.

“Azərbaycan tərəfinin 2019-cü ildə Qarabağ münaqişəsi ilə bağlı pozitiv gözləntiləri var”

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov sərhədin Dövlət Sərhəd Xidməti qoşunlarına həvalə edilməsinə sevinmək lazım olduğunu düşünür:

“Bu, sərhəddə vəziyyətin bir qədər sabitləşməsinin göstəricisidir. Çünki ordunu Dövlət Sərhəd Xidmətinin qoşunları əvəz edirsə, deməli, sərhəddə yaxın perspektivdə döyüş əməliyyatları gözlənilmir. Dövlət Sərhəd Xidməti qısamüddətli müdafiə və ya ilk zərbənin qarşısını almaq üçün nəzərdə tutulub. Digər tərəfdən qüvvələrin Dağlıq Qarabağa yönəldilməsi fikri yayılır, bu, elə deyil. Nə qədər ki, münaqişə həll edilməyib ordunun daimi dislokasiya yeri yaxınlıqda olmalıdır. Bu geniş miqyaslı döyüşlər təhlükəsi yaranacağı halda, onları qısa zamanda döyüş mövqelərinə çıxarda bilmək imkanının olması üçündür”.

İcmalçı hesab edir ki, Azərbaycan tərəfinin 2019-cü ildə Qarabağ münaqişəsi ilə bağlı pozitiv gözləntiləri var.

Onun sözlərinə görə, xarici işlər naziri Elmar Məmmədyarovun son bəyanatı da bu məqamı bir qədər təsdiqləyir. Nazir ermənistanlı həmkarı ilə son görüşdən sonra dedi ki, son illər ilk dəfə olaraq ümumi razılığa gələ bildilər.

Rauf Mirqədirovun sözlərinə görə, Dağlıq Qarabağ icması ilə əlaqələr olmalıdır, ancaq təmasların hansı səviyyədə aparılması başqa məsələdir.

“Ermənistanla Azərbaycan bir-birinin ərazi bütövlüyünü tam tanıyandan, işğal altında olan ətraf ərazilər azad ediləndən və erməni əhalisinə beynəlxalq təhlükəsizlik təminatı veriləndən sonra bölgənin yekun status məsələsi rəsmi Bakı ilə Dağlıq Qarabağ arasında aparılmalıdır. Sözsüz ki, Bakı müxtəlif kanallarla Dağlıq Qarabağ icması ilə əlaqə saxlamalıdır”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Onun fikrincə hökumət Dağlıq Qarabağın erməni icmasına düşmən mövqedə dayanmadığını göstərmək üçün bir sıra addımlar da ata bilər.

O deyib ki, bunlardan biri Azərbaycanın nəzarəti altında beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağda iştirakı mesaj kimi ola bilərdi. Bununla belə Rauf Mirqədirov statusun necə olacağı predmetinə Ermənistanın müdaxiləsinin yolverilməz olduğunu da deyib:

“Əgər danışıqları Ermənistanla aparsaq, biz bu dövlətin öz daxili işlərimizə müdaxiləsi hüququnu təsbit etmiş olacağıq”.

Siyasi icmalçı düşünür ki, 2019-2020-ci illərdə Azərbaycanı beynəlxalq aləmdə ciddi təlatümlər gözləyir. Qərb bloku ilə Rusiya arasındakı qarşıdurma uzun müddət davam edə bilməz. Bu baxımdan hansısa sxemlər və formalar əsasında yaxın iki ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olmalıdır. Yəni münaqişə davam etsə də, sonsuza qədər gərginləşməsinin qarşısı alınsın. Gözləntilər var, amma bu, qlobal oyunçuların maraqlarına bağlıdır. Əgər bunlar olmasa, yaxın dövrdə ciddi irəliləyiş olmayacaq.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8i8yqa

Ən çox baxılan