”Dağlardan torpaq layları üstümüzə gəlir”

Şamaxıda bir məhəllə torpaq laylarının altında qala bilər

Source:
Şamaxı şəhəri 48a məhəlləsində sürüşmə prosesi baş vermiş ərazidə yaşayış evlərinə yaranmış təhlükənin görünüşü
Şamaxı şəhəri 48a məhəlləsində sürüşmə prosesi baş vermiş ərazidə yaşayış evlərinə yaranmış təhlükənin görünüşü


Şamaxıda bir məhəllə torpaq laylarının altında qala bilər

“Evlərimizin altındakı torpaq qatının axını getdikcə sürətlənir. Biz bunu əməllicə hiss edirik. Evlərimiz əyilib, divarlarda iri yarğanlar əmələ gəlib. Çəpərlər dağılıb”.

Şamaxıda yeni salınmış 48a məhəlləsinin sakinləri Meydan TV-yə danışırlar ki, bir neçə gündür ərazidə torpaq sürüşməsi başlayıb. Məhəllə sakini Azər Balayev deyir, nəticədə yeni tikililər qəzalı vəziyyətə düşüb.

Evlər torpaq qatlarının ortasında qalıb

“Ev-eşik başımıza dağılır. Yaxınlıqdakı dağdan gələn torpaq qatlarının qarşısı alınmasa, bir gün evqarışıq torpaq qatlarının altında qalacağıq. Evlər aşağıda qalıb, torpaq qatlarının arasında itib-batır. Nə edək, necə edək, bilmirik. Hardansa gəlib torpaq qatını ölçüb getdilər. Başqa heç nə… Bizi kim köçürməlidir, hara köçürməlidir, gəlsinlər, bir çarə eləsinlər”.

Sakinlərin sözlərinə görə, səbəb son günlərin yağntılarıdır. Məhəllə sakini Sevda Bağırovanını sözlərinə görə, hər dəfə yağıntılar başlayanda torpaq sürüşməsi də aktivləşir:

“Bundan əvvəl də evimin divarlarında çat əmələ gəlmişdi. Sonra sürüşmə dayandı. Son günlər aktivləşən sürüşmə nəticəsində həmin çatlar iriölçülü yarıqlara çevrildi”.

Şıltaq təbiət, insanlara dəyən zərər…

Təbiətin şıltaqlığı və insanlara dəyən zərər bununla bitmir. Üstəlik, yeraltı qrunt suları da üzə çıxıb. Evlərin altındakı torpaq qatları yerini qrunt sularına verdikcə, tikililərin çökməsi daha da sürətlə yaxınlaşır. Sevda Bağırova:

“Evin altındakı qrunt sularının səsi qulağımıza gəlir. Uşaqları aparıb qohum evinə qoymuşuq, malı-heyvanı başqa kəndə yerləşdirmişik, əşyalarımızı toplamışıq. Durub torpaq laylarının yaxınlaşmasını seyr edirik. Ancaq rəsmi qurumlar nədənsə həyəcan təbili çalmır. Bu məhəllədə onlarla ev var və hamısı torpaq qatının altında qala bilər, ancaq heç kəsin vecinə deyil”.

Uşaq su ilə dolu yarğana düşmüşdü

Məhəllədəki evlərin ətraflarını dərin yarğanlar bürüyüb. Bu yarğanlara qrunt suları yığılanda isə azyaşlıların həyatı üçün təhlükə yaradır. Sakinlər deyir, bir ailənin azyaşlısını axtarıb yarğandan, xirtdəyinəcən suyun içindən tapıblar. Sakin Vasif Hüseynov:

“2 yaşlı uşaqdı, bir az da orda qalsaydı, ölərdi. Bir tədbir görsünlər, biz də bu ölkənin vətəndaşlarıyıq, kömək etsinlər, qapılarına gedəndə “məşğul oluruq” deyib, arxayın edib yola salmasınlar”.

Köçürülə bilərlər

Bəzi ailələr faciəylə üzləşməmək üçün evlərini tərk ediblər. Getməyə yeri olmayanlarınsa ümidi hökumətədir.

Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun nümayəndələri Şamaxıda olub, sürüşmə zonalarına baxış keçiriblər.

“Geoloqlar da təsdiqləyib ki, məhəllə ərazisindı ciddi sürüşmə-çökmə var. O məhəllədə sürüşmə əslində 1 ildən çoxdur ki, var idi, hazırda isə aktivləşib. Orada vəziyyət ürəkaçan olmasa da, müvafiq qurumlar lazımi tədbirlər görür. Ehtiyac yaranarsa, məhəllə sakinləri köçürüləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası ərazini nəzarətdə saxlayır.

Ana səhifəXəbərlər”Dağlardan torpaq layları üstümüzə gəlir”