Dağıstanda toplaşan azərbaycanlılarla bağlı razılıq əldə olunub

“Sığınacaq, qida, tibbi xidmət məsələlərini iki ölkə birgə həll edəcək”

Source: Meydan TV


“Sığınacaq, qida, tibbi xidmət məsələlərini iki ölkə birgə həll edəcək”

Dağıstanda topşalan azərbaycanlılarla bağlı Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev razılığa gəliblər.

“Report”un Dağıstan rəhbərinin və hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ikitərəfli işçi qrupunun fəaliyyəti nəticəsində bu gün dövlət sərhədindəki Yaraq-Qazmalar buraxılış məntəqəsindən 250 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılacaq. Bundan başqa hələlik Rusiya ərazisində vətənə qaytarılmağı gözləyən Azərbaycan vətəndaşlarının sığınacaq, qida, tibbi xidmət ilə təmin olunması məsələlərini iki ölkə birgə həll edəcək.

Razılığa əsasən, Dağıstanın Dərbənd rayonunun Qullar kəndində yerləşən və Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus çadır düşərgəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən səhra çadır düşərgəsi salınacaq. Tibbi və psixoloji xidmətin təşkil olunacağı düşərgədə yerləşdiriləcək vətəndaşların mütəmadi qidalanmaları təmin olunacaq. Bunun üçün ərzaq məhsullarını yerli istehsalçılardan tədarük etmək nəzərdə tutulur.

Mətbuat xidmətindən hazırda Dərbənd rayonunda 650 nəfər Azərbaycan vətəndaşının vətənə qaytmaq üçün gözlədikləri bildirilib.

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Rusiya ilə sərhədləri bağlandıqdan sonra mart ayından Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Dağıstanda toplaşıblar. Rusiya FHN-nin yaratdığı çadır düşərgəsində müxtəlif vaxtlarda 900-ə yaxın Azərbaycan vətəndaşı olub. Azərbaycanlıların ayrı-ayrı zamanlarda 100-120 nəfərlik qruplarla ölkəyə qayıtması təmin edilsə də, çadır düşərgəsində şəraitdən narazılıq edənlər media və sosial şəbəkələr vasitəsilə Azərbaycan hökumətinə çağırışlar ediblər. İyunun 15-də düşərgədə vəziyyət gərginləşib. Ölkəyə qayıdacaq şəxslərin siyahısının tərtib edilməsi prinsiplərindən narazı qalanlar magistral yolu kəsməyə cəhd göstəriblər. Onların qarşısını Rusiyanın hüquq-mühafizə orqanlarının nümayəndələri alıblar. Qarşıdurma nəticəsində çoxlu sayda xəsarət alanlar olub. Bir-neçə Azərbaycan vətəndaşına qarşı cinayət işi açılıb.

Ana səhifəXəbərlərDağıstanda toplaşan azərbaycanlılarla bağlı razılıq əldə olunub