“Dağıstanda sərhəddə dözülməz şərait yaranıb”

Sərhəddə gözləyənlər dözülməz şəraitin yarandığını söyləyiblər

Source: Turan İA


“İnsanlar çadır düşərgəsində hazırlanan yeməkdən imtina ediblər”

Rusiya-Azərbaycan sərhədində ölkəyə buraxılmağı gözləyən Azərbaycan vətəndaşlarının sayı artır. Onlar Azərbaycana buraxılmalarının sürətləndirilməsini tələb edirlər. İyunun 2-də təxminən 100 nəfərdən ibarət daha bir qrupun sərhədi keçməsinə baxmayaraq, Kullar qəsəbəsinə Azərbaycan vətəndaşları gəlməkdə davam edirlər.

Bu barədə “Turan” İnformasiya Agentliyinə qəsəbədə çadır düşərgəsində qalan vətəndaşlar danışıblar.

Onlar iyunun 2-də Kullar qəsəbəsinə Dərbəndin “1001 gecə” mehmanxanasından əlavə 60 nəfərin gəldiyini deyiblər:

“İnsanlar mehmanxanada gözləməkdən yorulublar və sərhədə tərəf piyada getmək qərarına gəliblər. Dərbənd merinin müavini bunu gördükdə onlara “İkarus” ayırıb. İnsanlar asfalt zavodunun ətrafında yerləşiblər. Bu insanların adları aparılacaq şəxslərin siyahısında idi, amma aydın olmayan səbəblərdən onları aparmayıblar”.

“Turan” agentliyinə danışanlar sərhədə aparılan insanların seçilməsi meyarlarının aydın olmadığını bildirib:

“İyunun 1-də Azərbaycana aparılanlar arasında cəmi 40 nəfər çadır düşərgəsindən idi, qalan 60 nəfər kənardan gətirilib. Aydın məsələdir ki, qadınlar və uşaqlar prioritet olaraq aparılır. Amma aparılanlar arasında gənclərin sayı da az deyildi. Biz bir aya yaxındır burada yaşayırıq, amma Dağıstana cəmi bir neçə gün əvvəl gələnləri Azərbaycana buraxdılar”.

Sərhəddə gözləyənlər dözülməz şəraitin yarandığını söyləyiblər:

“Gündüz çadırlar çox isti olur. Gecə, əksinə, soyuq olur. Burada çimməyə imkan yoxdur. Çoxlarının ərzaq almağa pulu qalmayıb. Bu gün insanlar düşərgə mətbəxində hazırlanan yeməkdən imtina ediblər. Amma yeməyin keyfiyyəti pis olduğuna görə deyil, bu, vətənə buraxılmamağımıza etiraz idi. İnsanlar buraxılmanın sürətləndirilməsini tələb edirlər. Qoy heç olmasa bir-iki gündən bir 200 nəfər buraxsınlar. Burada vəziyyət çox gərgindir. İnsanlar qəzəbləniblər, əsəbiləşirlər. Bəziləri emosionaldır. Bir neçə insan sadəcə qanuni tələblərlə – vətənə buraxılmaları tələbi ilə çıxış etdiklərinə görə 3 gündən 5 günə qədər həbs ediliblər”.

Mayın 18-də Dərbənddə ümumilikdə 900-ə yaxın Azərbaycan vətəndaşı var idi.

Mayın 18-də və 26-da quru sərhədindən Rusiyadan Azərbaycana 251 nəfər qayıdıb. Aprelin əvvəlindən Rusiyaya müvəqqəti gedənlər Azərbaycana qayıtmaq üçün sərhəddəki neytral zonada gözləyirlər. Konkret olaraq, aprelin 6-da Nijni-Novqorodda vəfat edən 32 yaşlı Rövşən Zalovunun cənazəsi Azərbaycana buraxılmırdı. Sərhəddəki Azərbaycan vətəndaşlarının Meydan TV-yə müraciətindən sonra R.Zalovun cənazəsi sərhəddən buraxıldı.

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq

dayandırılıb

.

Ana səhifəSosial“Dağıstanda sərhəddə dözülməz şərait yaranıb”