“Dağıstan azərbaycanlılarına dəstək lazımdır” (VİDEO)


Əhmədxan Qurbanov:



Azərbaycansız Avrasiya İttifaqı effekt vermir”.



Müsahibimiz Dərbənd rayonunun icra başçısı Qurban Qurbanovun oğlu Əhmədxan Qurbanovdur.



Əhmədxan bəy, atanıza qarşı aparılan təzyiq kampaniyasının arxasında hansı amillər dayanır?

–         Bu, bir siyasi sifarişdir. Səbəb də odur ki, o, qanunsuz göstərişləri yerinə yetirmir. Əvvəlcə DİN, sonra prokurorluğun istintaq qrupunun rəsmiləri gəlib getdi, ardınca çağırdılar və müxtəlif güc vasitəsilə təzyiqlər başladı. Axı o da insandır, təzyiqlərə dözə bilmir və səhhətində problemlər yaşandı. Ancaq bütün bunlara baxmayaraq, atam vəzifədən getməyəcəyini dedi, çünki öz xalqına xidmət edir. Eyni zamanda, rayonun fəalları da toplaşıb onu müdafiə etdilər, dedilər ki, heç yerə getməyəcəksən. Ona görə ki, atamı xalq seçib. Amma təzyiqlər davam edir, məqsəd atamın rayon rəhbərliyindən uzaqlşadırmaqdır.



Hazırda səhhəti necədir?

–         İndi yaxşıdır, amma ev dustağıdır, ona görə heç yerə gedə bilmir.



Bəs istintaq davam edirmi?

–         İstintaq gedir, əlbəttə ki, qondarma şəkildə. Vəkillər və hüquqşünaslar da bildirir ki, bu, mülki işdir, cinayət işi deyil. Bütün hallarda bu siyasi işdir, siyasi sifariş açıq şəkildə görünür. Ona görə də Dağıstan azərbaycanlılarına dəstək lazımdır, böyük qardaş kimi sizlərdən bunu gözləyirik. Biz Dağıstanın yerli xalqıyıq,bu Konstitusiyada da yazılıb. Bugün Dağıstanda100 mindən çox azərbaycanlı var, amma sıxışdırılırıq, idarəetmə orqanlarında sayımız azdır, hüquq-mühafizə orqanları da daxil olmaqla başqa sferalarda azlıq təşkil edirik. Çünki imkan vermirlər, təzyiq altındayıq. Baxın, Rusiyada nə qədər azərbaycanlı yaşayır, amma Dövlət Dumasında 1 deputatımızyoxdur. Olmazmı ki, Dövlət Dumasında azərbaycanlıların nümayəndəliyi olardı və onlar Moskvada, Dağıstanda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə edərdilər? Bəli, Həştərxanda və basqa bölgələrdə azərbaycanlıların diasporu var, ancaq onların səsi federal səviyyədə eşidilmir. Amma Azərbaycanda rusların necə müdafiə olunduğunu hamı bilir, onların məktəbləri var, yaxınlarda Bakıda olan deputat Jirinovski özü də bunları gördü. Azərbaycanda olan rus məktəblərinin sayı qədər MDB respublikalarında rus məktəbləri yoxdur. Jirinovski də dedi ki, ruslar Azərbaycanda hərtərəfli müdafiə olunurlar. Olmazmı bu məsələni elə Rusiyada yaşayan azərbaycanlılar üçün də qaldırsınlar? Azərbaycanda İvanovka kəndinə olan qayğı Rusiyanın Dərbənd rayonuna niyə də olmasın?



Ancaq Rusiyanın Azərbaycan siyasətində bir məqam da var: Kreml Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını istəyir, həm də ölkəsindəki azərbaycanlıları sıxışdırır. Bu durumu necə izah edərdiniz?

–         Bugün Rusiya Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Çünki Azərbaycansız Avrasiya İttifaqı effekt vermir. Həm də Dağıstan sərhəd bölgəsi olduğundan geopolitik oyunda yer alıb, burdakı azərbaycanlılarda əməkdaşlığın güclənməsində rol oynaya bilərlər. Dağıstan Rusiya və Azərbaycan arasında dostluq körpüsüdür. Hər il mayın 9-da Xaçmaz və Dərbənd rayonları arasında dostluq tədbirləri keçirilir. Bir sıra güclər var ki, bunu istəmədiklərindən təsir imkanlarından istifadə edirlər. Amma Dağıstan azərbaycanlıları maliyyə potensialı baxımdan bölgənin ən güclü xalqıdır. Ona görə investisiya siyasəti aparılanda bu məqam xüsusilə nəzərə alınmalıdır.

Ana səhifəVideo“Dağıstan azərbaycanlılarına dəstək lazımdır” (VİDEO)