Dağılan komanda

Rusiyaya rəğbəti olan və ənənəvi müxalifətdən fərqli düşüncəyə malik siyasi qüvvələri dəstəkləyən şəxslərin hədəfdə ola biləcəyini ehtimal edə bilərik

Source:


Rusiyaya rəğbəti olan və ənənəvi müxalifətdən fərqli düşüncəyə malik siyasi qüvvələri dəstəkləyən şəxslərin hədəfdə ola biləcəyini ehtimal edə bilərik

Azərbaycanda ciddi nüfuz sahibi olan bankir və iş adamlarının həbsi ölkədə “mafiya qanunları”nın işlədiyini bir daha sübuta yetirdi. Heç kəsin taleyi sığortalanmayıb. Hər kəs istənilən anda milyonlarından məhrum ola və azadlığını itirə bilər. Azərbaycanda qanunlar işləmir. Qanunu pozmaq adi haldır. Lakin “ailə biznesi”nə xəyanət etmək olmaz. Bu, bağışlanılmazdır.

Son həbslər dalğasına nəzər saldıqda maraqlı tendensiyanın şahidi oluruq. Vurğulamaq lazımdır ki, həbs edilən və yaxud istintaqa cəlb edilənlərin əsas biznesi hakim ailə ilə bağlıdır. Bu həbslər fonunda Hacı İbrahim İbrahimlinin şəxsiyyəti daha çox müzakirə edildi.

Heydər Əliyevin hakimiyyətə gəlməsində önəmli rol oynayan bu sima yəqin ki, yalnız ailəyə məxsus milyardları mənimsədiyinə görə cəzalandırılmayıb. İstisna deyil ki, bu və həbs edilən bankirlərin xarici əlaqəsi iqtidarı narahat edib. Bəzi məlumatlara görə, hədəf seçilən bankir və iş adamlarının şimal qonşusu ilə sıx bağlılığı var.

Odur ki, tezliklə həbslərin siyasi çalar ala biləcəyi də istisna deyil. Hətta məsələyə müxalifətin də qatıla biləcəyi ehtimalı mövcuddur. Bu amilin ictimai rəydə özünə dəstək tapa bilməsində müxalifətin də günahı az deyil.

Müxalifət Rusiya amilində tərəddüdlər etməkdədir və Kremlə qarşı açıq çıxışlar etmir. Hakimiyyətdə olan bəzi məmurlar və oliqarxlar Rusiyanı özlərinə dayaq seçiblər. Digər tərəfdən onların müxalifət düşərgəsində maraqlarını müdafiə edəcək ciddi simalara ehtiyac yaranmayıb. Belə düşüncə isə bağışlanmır.

Bu fonda bankirlərin həbs olunması baş verənlərə ciddi yanaşmağa əsas yaradır və müəyyən mənada hakimiyyətin qarşıdakı hədəflərinin xəbərçısıdır. Təhlillər onu deməyə əsas verir ki, həbslər davam edə bilər.

İqtidar daxilində olan müxtəlif maraq qruplarını zərərsizləşdirməkdə israrlı görünür.

İqtidar ABŞ siyasi elitasını lənətlənməkdə davam edir. Lakin görünən budur ki, Bakının ehtiyat etdiyi yeganə dövlət Rusiyadır. Hakimiyyət oliqarxların müxalifətə transfer edə biləcəyindən də ehtiyat edir. Bütün bunlar Azərbaycanın küncə sıxıldığı bir zamanda həyata keçirilir.

Bir sözlə, Azərbaycan hakimiyyəti Qərb və Rusiyanın rəsmi Bakıya qarşı növbəti təzyiqlərinə kütləvi həbslərlə cavab verə, bu fonda da bütövlükdə müxalifətə ağır zərbələr endirə bilər. Yaranmış vəziyyətdə, Rusiya ilə bağlılığı olan hər bir kəs üçün ağır sınaq dövrünün başlanması qaçılmazdır. İstənilən halda, həbslərin davam edəcəyi, müxalifətin guya Rusiya layihəsi olduğunu “sübut” edəcək faktların tirajlanacağı şübhəsizdir. İlk növbədə, Rusiyaya rəğbəti olan və ənənəvi müxalifətdən fərqli düşüncəyə malik siyasi qüvvələri dəstəkləyən şəxslərin hədəfdə ola biləcəyini ehtimal edə bilərik. Sonrakı mərhələdə isə bu miqyasın daha da genişlənməsi mümkündür. Odur ki, çıxış yolları tapmaq, qabaqlayıcı addımların atılması zərurəti yaranır. Müxalifət mətbuatının susdurulması üçün addımların atıldığı bir sırada yeni həbslərin də aparılacağı ehtimalı yüksəkdir.  Nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı tənqidi fikirləri hətta bəzi müxalifət mətbuatı da tirajlamaqdan çəkinir.

Bir sözlə, görünən budur ki, hakimiyyət parlament seçkilərinə hazırlaşır. İqtidar daha sərt idarəçiliyə keçir. Siyasi müstəvidə vintləri sıxılır və əsas hədəfində də tənqidçi medianın, müxalifət partiyalarının, sosial şəbəkələrin və özlərini müstəqil aparmağa başlayan məmurların sıradan çıxarılması durur. Odur ki, dəqiq deyə bilərik:  qarşıda bizi olduqca sərt dövr  gözləyir. Vəziyyət daha kritik çalar alır. İqtisadi böhran daha da dərinləşməkdədir. Avropa Yay Oyunlarının nə ilə sonuclanacağı bəlli deyil. Hakimiyyət vəziyyətdən çıxış yolları axtarır. Hələ ki repressiyalarla ictimai rəyə nəzarət edə bilir. Lakin hakim komandanın dağılması perspektivi iqtidarı labirintə sürükləyir. Bir sözlə, vəziyyət, doğrudan da, ruscadır…

Ana səhifəXəbərlərDağılan komanda