Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin təsis konfransında iştirak etmək üçün Almaniyaya 6 günlük səfərimiz oldu. Hakimiyyətyönlü media resurslarının, xüssən də AzTV-nin “Almaniya dağılır” təbliğatının fonunda bu ölkəyə ilk səfərimi maraqla gözləyirdim. Ona görə yox ki, bu təbliğatın həqiqətə nə qədər uyğun olduğunu müqayisə edim. Tam əksinə, həqiqətə nə qədər uyğun olmadığı maraqlı idi.
Aydındır ki, səfərimizin müddəti və mahiyyəti alman iqtisadiyyatı və digər sahələr haqqında geniş məlumatlar toplamaq, araşdırma aparmaq üçün əlverişli deyildi. Bununla belə, az-çox müşahidə qabiliyyəti müəyyən nəticələr çıxarmağa imkan verirdi.
İlk növbədə onu qeyd etmək istəyirəm ki, Almaniyada ən çox bəyəndiyim şəhər və kənd arasında fərqin olmamasıdır. Hətta deyərdim ki, kəndlər şəhərlərdən daha abad və səliqəli təəssürat yaradır. Toz, palçıq kimi şeylərdən danışmaq belə gülüncdür.
Berlin hava limanında enib Frankfurta gedən 550 kilometrlik yolda gördüyüm saysız-hesabsız yük maşınları artıq bir nəticə üçün müəyyən ipucu idi. Bu maşınlar sübut edirdi ki, indiyə qədər olmadığım bir iqtisadi nəhəngin ərazisindəyəm. Azərbaycan vətəndaşlarının daha çox olduqları Türkiyədəki yükdaşımalar belə Almaniya ilə müqayisə oluna bilməz.
Frankfurtdakı otelimizin pəncərəsi Mayn çayına açılırdı. Almaniya miqyası üçün orta sayılan bu çayda gün ərzində üzən gəmilərin sayı şübhəsiz ki, Bakı dəniz limanına daxil olanların sayından çox idi. Dənizə açılan Hamburq, Bremen, Rostok, Kil və digər iri limanlardakı yükdaşımaların həcmini isə yalnız təsəvvür etmək qalırdı.
Bu və digər müşahidələr məni internetdə Almaniya iqtisadiyyatı haqqında daha çox məlumat əldə etməyə həvəsləndirdi. İlk növbədə, elə Almaniyanın ən böyük dəniz limanı olan Hamburla maraqlandım.
Hamburq Rotterdamdan sonra Avropanın 2-ci, dünyanın 9-cu böyük dəniz limanıdır. 2015-ci ildə yükdaşımaların həcmi 137,8 milyon ton təşkil edib. Bu zaman daha öncəki illə müqayisədə 5,4% azalma müşahidə olunub ki, burada da əsas amil Rusiyaya qarşı sanksiyalar olub.
Almaniya nəqliyyat arteriyasının daha bir önəmli subyekti Frankfurt hava limanıdır. 2015-ci ilin statistikasına görə, yükdaşımalarda 2077 min ton nəticə ilə Avropada ilk yeri tutan hava limanı sərnişindaşımada (61 milyondan artıq) 4-cü yerdədir. Bu göstərici üzrə Frankfurt hava limanı Avropanın Xitrou, Şarl de Qoll və Atatürk hava limanlarından geri qalır.
Almaniya deyəndə bir çoxunun ağlına təbii ki, avtomobil sənayesi gəlir. Bu sahədə XX əsrin 60-cı illərindən Avropada lider mövqe tutan almanlar son illərdə , ümumiyyətlə, qitədə rəqib tanımırlar. Avropa İttifaqında istehsal olunan avtomobillərin 1/3-dən çoxu Almaniyanın payına düşür.
Dünya üzrə isə ilk üçlük Çin, ABŞ və Yaponiya tutur. Almaniya bu siyahıda özü üçün o qədər də prestijli sayılmayacaq 4-cü yerdədir. Lakin nəzərə almaq lazımdır ki, Çin avtomobillərinin çox böyük hissəsi daxili istehlaka yönəlir. Bu səbəbdən də Almaniya dünya bazarında ABŞ və Yaponiya ilə rəqabət aparır.
Alman avtomobil sənayesinin lideri olan “Volkswagen” konserni ilə isə yalnız Yaponiyanın “Toyota” firması rəqabət apara bilir.
Ölkədə avtomobil sənayesi ilə yanaşı gəmiqayırma da yüksək inkişaf edib. Bu sahədə 1 milyondan artıq insan çalışır. Kənd təsərrüfatı, qida sənayesi, elektrotexnika, kimya sənayesi kimi sahələrdə də Almaniya dünya öncüllərindəndir. Son dövrlərin iqtisadi böhranları sübut edir ki, Almaniya iqtisadiyyatı həm də öz sabitliyi ilə seçilir.
Maraqlıdır ki, Almaniyada minimal əmək haqqı barədə ilk qanun yalnız 2014-cü ildə qəbul olunub və 2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Qanuna əsasən, işçinin 1 saatlıq əməyi ən azı 8,5 avro həcmində ödənilməlidir. Bizim üçün ağlasığmaz görünən bu maaşı statistikaya görə alman işçilərinin yalnız 11%-i alır. Digərlərinin maaşı daha yüksəkdir.
2015-ci ilin nəticələrinə görə, Almaniyada orta əmək haqqı özəl sektorda saathesabı 25,55 avro, özəl sektorda isə 29,69 avro təşkil edib. Ümumi orta aylıq əmək haqqı isə 3612 avroya bərabər olub. Lakin nəzərə alaq ki, bu brutto-maaşdır, yəni vergilər tutulmamış. Orta hesabla əmək haqqının 28%-i vergilərə, sosial ödənişlərə tutulur.
Almaniya həm də son 2 ildə büdcə ilini müsbət saldo – profisitlə başa vurmaqla fərqlənib. Müxtəlif məlumatlara görə, 2015-ci ildə büdcə profisiti 20 milyard avro civarında olub ki, bunun da dünyada ən böyük rəqəm olması mümkündür. Merkel hökuməti 2019-cu ilə qədər defisitsiz büdcə planlaşdırır.
Qiymətlərə gəlincə, Azərbaycanla müqayisədə bəzi, hərdən də əhəmiyyətli, istisnalarla Almaniyada həyat daha bahadır. Buraya avtomobilin parkinqindən tutmuş ərzaq, geyim, mənzil qiymətlərinə qədər geniş siyahını əlavə etmək olar.
Almaniyada hətta velosiped sürərkən mobil telefondan istifadəyə görə 25 avro cərimə nəzərdə tutulur. Avtomobili sərxoş halda idarə etmək isə 1500 avroya, xüsusilə ağır halda isə həbs cəzası və sürücülük hüququndan 5 ilə qədər məhrumiyyətə başa gələ bilər.
Lakin bahalığa rəğmən, yüksək əmək haqqı və dövlətin sosial siyasəti Almaniya əhalisinə həyat səviyyəsini ilbəil artırmağa imkan verir. Bu günlərdə “Deutsche Welle” (Alman dalğası) xəbər verdi ki, alman vətəndaşlarının bank əmanətlərinin, qiymətli kağızlarının və sığorta polislərinin həcmi 5,4 trilyon avro təşkil edib. Bu da keçən illə müqayisədə 169 milyard avro çoxdur.
Beləliklə, ən səthi müşahidələrə əsasən əminliklə söyləmək olar ki, AzTV Almaniyanın dağılmasını hələ çox gözləməli olacaq.