Zərdüşt Əlizadə

Mənbə: Foto: Meydan tv

Başlıq: Zərdüşt Əlizadə

Dad yarımçıq əlindən!

İslahatı ahəstə, yavaş-yavaş aparmaq lazımdır

Prezident İlham Əliyev islahat istəyir!

Bunu özü deyib. Deyib ki, islahat aparmaq istəyir, lakin bəzi mühafizəkar qüvvələr ona mane olur.

Hadisələrin məcrasını və silsiləsini bilən və izləyən insanlar həmin andaca başlayıblar mərc bağlamağa: prezident kimi islahatlara mane olan şəxs vəzifəsinə təyin edəcək?

Başdan xarab birisi deyib ki, özü dərhal istefa verəcək, zira bir dövlətin başında 16 il oturan adam bilməlidir ki, hər şeyə, o cümlədən islahatların getməsinə və ya getməməsinə məsul olan şəxs onun özüdür.

Hər şeyi çox gözəl anlayan və guya bilənlər, ona deyiblər ki, yo-o-x, məsələ başqa cürdür! Prezident hazırlaşır, nəhayət ki, qocaman filosof və məmur Ramiz Mehdiyevi çoxdan layiq olduğu istirahətə göndərsin!

Kimisi deyib ki, buludlar Kəmaləddinin başının üstündə sıxlaşır və qaralır, kimisi deyib ki, xeyr, ona toxunmaq olmaz, toxunsalar, Əliyev üsul-idarəsi lapdan çökəcək...

Nə isə, çərənçilik, naqqallıq və laqqırtı həddən ziyadə çox idi.

Prezident özü göstərdi ki, kimlər islahatlara mane olur!

Bunlar kim olsa yaxşıdır? Kim?!

Baş nazirin müavinləri Hacıbala Abutalıbovla Əli Həsənov.

Heç kəsin ağlına belə gəlməyən adamlar! Görün bu islahat əleyhdarları, tərəqqi düşmənləri və inkişaf cəlladları necə maskalanıblarmış ki, heç kəs onların nə işlə məşğul olduğunu bilmirmiş! Ştirlits və Zorge qələt eləyirdilər bu iki islahat qəniminin yanında!

Bu iki şəxs necə də məharətlə adi korrupsiya aşiqinin libasına bürünmüşdülər! Hamı elə bilirdi ki, Hacıbala müəllim Bakı torpağını tikinti üçün hörmət müqabilində ayıranda və Əli müəllim qaçqınların payından nuş eləyib əhli-əyalını cənnət bağlarına salanda sadəcə korrupsiya ilə məşğul olurmuşlar. Lakin məsələ daha, qat-qat daha, təhlükəli imiş! Onlar eyni zamanda, daha doğrusu, əsasən, islahatlara mane olurmuşlar.

Necə? Nə təhər? Bu, dövlət sirridir. Deputatların seçilməsi, silah alınması, büdcə pullarının xərclənməsi, prezidentin ehtiyat fondundan rayonlara ayrılan pulların taleyi, SOCAR-ın neft pullarını hara və necə xərcləməsi ilə yanaşı dura biləcək dövlət sirridir.

Deyilənə görə, Əli Həsənov işdən çıxarılma xəbərini çox soyuqqanlı qarşılayıb və hətta İlham müəllimə dərin təşəkkürünü bildirib.

Amma Hacıbala müəllim çox əndişələnib və hönkürüb. İlham müəllim deyəndə ki, ay Hacıbala, niyə ağlayırsan, bəsdir də, qazandığın nəslinə yüz il çatar, Hacıbala müəllim cavabında deyib ki, mən vəzifədən çıxarılmağıma ağlamıram, mən ona ağlayıram ki, innən belə siz mənim səsimə həsrət qalacaqsınız və kefiniz durulmayacaq.

İlham müəllim ona toxtaqlıq verib deyib ki, narahat olma, tapşıraram, konsertlərdə “Parni iz Baku” sənin səsinlə danışarlar, kefim durular.

Bunu eşitcək Hacıbala müəllim toxtayıb və vida əlaməti olaraq İlham müəllim üçün “Parni iz Baku”dan kiçik bir səhnəciyi səsləndirib. Prezidentin kefi həqiqətən durulub və onlar çox mehriban ayrılıblar.

İslahatlara təkan vermək məqsədilə prezident boşalmış iki vəzifədən birinə Şahin Mustafayevi təyin edib.

Şahin müəllimin tərcümeyi-halı hamını xatircəm edir ki, islahat gedəcək. Bircə onu demək kifayətdir ki, Şahin müəllim orta məktəbi Noemberyan rayonunda erməni dilində qızıl medal ilə bitirib!

A kişilər! Həmin bu antitürk Ermənistanda ermənidilli məktəbdə qızıl medal almaq, bilirsiniz nəyə bərabərdir? Elnur Hüseynovun “O səs Türkiyə”müsabiqəsində birinci yer tutmasına! Gərək o biri iştirakçılardan bir yox, on baş uca olasan ki, sənə qızıl medal və ya birinci yeri versinlər!

Odur ki, belə qabiliyyət sahibinin islahatları irəli aparacağına mənim zərrə qədər şübhəm yoxdur.

Mən islahatların tarixi ilə çox maraqlanan adamam. Yadıma gəlir, Qorbaçov da islahat-islahat deyirdi. Axırı nə oldu? Hamı bilir.

İslahat naminə camaatın ipini bir az buraxdınsa, işin bitdi. Hadisələr dördnala çapıb sənin arabanı döngədə aşıracaq. Odur ki, islahatı ahəstə, yavaş-yavaş aparmaq lazımdır. Aptek tərəzisi ilə çəkib, çay qaşığı ilə töküb, çeçələ barmaqla qarışdırmaq lazımdır.

İslahat söhbətini eşitcək ənənəvi müxalifət yenə mitinq-mitinq oyununu başlamaq istədi. Lakin bu dəfə də alınmadı. Niyə? Çünki imtahanı Viloş müəllim götürürdü.

Yadıma gəlir, canlı yayımda göstərirdilər, hələ Ulu öndər idarə edirdi islahatları, kimsə Ramil Usubovdan prezidentə gileyləndi. Ulu öndər Ramıl Usubovu yanına çağırdı və hamı eşitsin deyə dedi: “Nə qədər mən varam, Ramil Usubov nazir olacaq!”

Ulu öndər gedəndən sonra da Ramil Usubov qaldı və hamı elə bildi ki, “nə qədər İlham Əliyev prezidentdir, Ramil Usubov nazirdir”...

Lakin Ramil müəllimin vəzifəsini artırıb qoydular Təhlükəsizlik Şurasının katibi və onun yerinə Vilayət Eyvazovu təyin etdilər.

Camaat qaldı nigaran. Aya, təzə nazir köhnə nazir kimi camaatı döyüb dağıda biləcəkmi? Yoxsa Ulu öndərin qurduğu tifaq dağılacaq?

19 oktyabr mitinqinin dağıdılması və ələlxüsus necə dağıdılması göstərdi ki, təzə nazir prezidentin tapşırığının öhdəsindən əla gəlib. Yəni imtahandan bir dənə yağlı “beş” alıb.

Bu sahədə də islahat yaxşı gedir. Əli Kərimlini başısarğılı görəndə yadıma özüm düşdüm. Mənim də, ayıb olmasın, “Youtube"-da başısarğılı görüntülərim var.

Düzdür, mən özümü Əli Kərimliyə nisbətən bir dərəcə yüksək sayıram, çünki onun başını adı polis işçiləri avtobusun qapısına vurub yaralayıb, mənim başımı şəxsən Daxili işlər naziri, AXC sədrinin müavini, polis general-leytenantı İsgəndər bəy Həmidov öz şəxsi tapançası ilə yarmışdı!

Fərqi görürsünüzmü?

İslahat indiki iqtidarın xeyrinədir, zira o zaman mən İsgəndər bəy Həmidovu tutdurub qoduqluğa salmasaydım, bəlkə hələ indinin özündə də Əli Kərimlinin başını şəxsən təzə nazir özü öz şəxsi tapançası ilə yaracaqdı.

Sözümün canı odur ki, ölkəmizdəki demokratik islahatlarda mənim də, başımın hesabına da olsa, payım var.

İslahat dedim, yadıma böyük rus yazıçısı qraf Saltıkov-Şedrinin hələ on doqquzuncu əsrdə prezident İlham Əliyevin islahatları barəsində dediyi sözlər düşür.

Ömrü boyu yüksək dövlət vəzifələrində çalışıb vitse-qubernator məqamına qədər yüksəlmiş məmur-yazıçı bu islahat söhbətləri barəsində belə yazmışdı: “Ömrüm boyu eşidirəm ki, ali məqamlı məmurlar Rusiyada islahatların vaxtının çatdığını, islahatların qaçılmaz olduğunu müzakirə edirlər. Edirlər, deyirlər ki, islahatlar lazımdır, islahat aparmağın vaxtı çatıb və hətta ötüb. Sonda isə əlavə edirlər ki, bəli, islahat keçirmək lazımdır, lakin islahatı elə keçirmək lazımdır ki, heç nə dəyişməsin!”

Qızıl sözlərdir! İlham müəllim də belə düşünür: “İslahatı elə keçirmək lazımdır ki, istənilən seçkilərin nəticəsini Prezident Aparatı təyin etsin, məhkəmə hakimlərinin qərarlarını mən özüm diktə edim, xalq özünə bələdiyyə seçə bilməsin, bütün yağlı vəzifələri mən özüm satım, xərclədiyim milyardların hesabını məndən heç kim sormasın və mən vəzifəmi öz nəslimə miras qoya bilim! Əgər bütün bunlar mümkün olarsa, belə islahatlara getmək lazımdır!”

Belə yarımçıq islahatlar dünyanın əksər geridə qalmış ölkələrində aparılır və aqibəti də hamının gözünün önündədir: Suriyada, Braziliyada, İraqda, Liviyada, Zimbabvedə və sair...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/28nt8a

Ən çox baxılan