Dabaq xəstəliyi ət bazarında böhran yaradıb

Foto: Serhii Opikanets\shutterstock

Ölkədə mal-qara arasında yayılan dabaq xəstəliyi ilə əlaqədar oktyabrın 25-dən etibarən fəaliyyət göstərən heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumatda deyilir ki, bazarların fəaliyyətinin məhdudlaşdırılmasının səbəbi dezinfeksiya və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə bağlıdır:

“Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri başa çatdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun Meydan TV-yə açıqlamasına görə, yayılan dabaq xəstəliyi nəticəsində on minlərlə iri və xırda buynuzlu heyvan tələf olub. Onun sözlərinə görə, yerdə qalan mal-qaranın vəziyyəti isə kritikdir: 

“Dabaq xəstəliyinin yayılması ilə bağlı avqustun 20-21-də mətbuata məlumat vermişdik. Təəssüf ki, hökumət buna reaksiya vermədi və belə bir xəstəliyin yayılmadığını bildirirdi. Amma bu, çox ciddi məsələdir. On minlərlə iri və xırda buynuzlu heyvan tələf olub. Digər tərəfdən, heyvanlarda ciddi arıqlama müşahidə olunur, immun sistemləri zəifləyib. Qarşıda qış ayları gəlir, əgər keyfiyyətli yemləmə olmasa, heyvanlar aclıqdan ölə bilər. Həm immun sistemləri zəifdir, həm də kifayət qədər yem yoxdur. Çünki yem bahalıdır, habelə qüvvətli yem çatışmazlığı var.

Digər tərəfdən, ölkədə peşəkar baytar həkimlər yoxdur. Yoxlama aparılsa, fəaliyyət göstərən baytarların əksəriyyətinin ixtisas təhsili olmadığı üzə çıxar. Hətta hökumət qurumlarında da bu sahədə peşəkar kadr çatışmazlığı var. Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifələrdə bir baytar həkim yoxdur. Halbuki Nazirlikdə aqronom, zootexnik və baytar həkimlər təmsil olunmalıdır”.

“Dərman preparatlarının gətirilib-gətirilməməsinə dair heç bir şəffaf məlumat yoxdur”

V.Məhərrəmov deyir ki, ölkəyə gətirilən dərman preparatları və vaksinlərin həm keyfiyyəti, həm də həcmi ilə bağlı ciddi şübhələr mövcuddur: 

“Ölkədə bu sahədə sistemsizlik hökm sürür. Sovet hakimiyyəti dağıldıqdan sonra normal təsərrüfat sistemi qurulmadı. Bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq, istehsalla məşğul olan şəxslərə və təsərrüfatlara şərait yaradılmalı idi. Məsələn, dərman preparatlarının ölkəyə yalnız bir monopolist şirkət tərəfindən gətirilməməlidir. Kəndlilər özləri birləşərək birbaşa sifariş verə bilərdilər. Onda daha keyfiyyətli və daha ucuz dərman preparatları gətirə bilərdilər. Hazırkı vəziyyətdə isə rəqabət yoxdur, tam monopoliyadır. Dərman preparatlarının gətirilib-gətirilməməsinə dair heç bir şəffaf məlumat mövcud deyil. Ya keyfiyyətsiz dərman gətirilir, ya da ümumiyyətlə gətirilmir, sadəcə sənədləşmə aparılıb və ayrılan vəsait mənimsənilir. Əgər gətirilirsə, vaksinasiya vaxtında həyata keçirilibmi?  Bunu da heç kim bilmir. Hətta bu gün xəstəlikdən nə qədər mal-qara tələf olub, onu da rəsmi formada açıqlamırlar. Əslində, bu sahədə yaranan problemləri hökumətin özü yaradıb”.

Bazarlarda yerli istehsallı ət böhranı yaranıb

Ət bazarında çalışan sahibkarlar bildirir ki, heyvan bazarının müvəqqəti bağlanması və mal-qaranın dabaq xəstəliyindən kütləvi şəkildə tələf olması ölkədə yerli ət istehsalında qıtlıq yarada bilər. Mövcud vəziyyətin ətin qiymətinə necə təsir göstərəcəyi də gündəmdədir.

Ekspertin sözlərinə görə, hazırda ölkədə ət bazarına məmur-oliqarxların nəzarəti güclənib və bu da qiymət manipulyasiyalarına yol açır:

“Artıq ət biznesi də məmurların nəzarətinə keçib. Onlar böyük örüş sahələrini zəbt ediblər və çox sayda heyvan saxlayırlar. Yüksək vəzifəli məmurların demək olar ki, hamısının fermer təsərrüfatı var. Onlara sərf edir ki, dabaq xəstəliyinin olmadığını iddia etsinlər və öz heyvanlarını rahat şəkildə sata bilsinlər. Hazırda ət satışı davam edir, amma bəzi yerlərdə mövcud vəziyyətdən sui-istifadə edərək ət baha qiymətə satılır”.

V.Məhərrəmovun fikrincə, Azərbaycanda ət qıtlığı artıq uzun müddətdir ki, müşahidə olunur: 

“Azərbaycandan üç dəfə kiçik olan Gürcüstan son dövrlər Azərbaycana 21,2 milyon dollar dəyərində ət ixrac edib. Yalnız bu ilin ilk doqquz ayında Gürcüstandan Azərbaycana 5,6 milyon dollar dəyərində, ümumilikdə 2853,3 ton çəkidə diri iribuynuzlu mal-qara, 2,5 milyon dollar dəyərində isə 923,9 ton çəkidə diri xırdabuynuzlu heyvan idxal olunub.

Bundan başqa, Monqolustandan xırdabuynuzlu, Ukraynadan isə iribuynuzlu heyvan ətləri gətirilir. Əlavə olaraq, Rusiya, Braziliya, Hindistan və son zamanlar Pakistan da Azərbaycana ət ixrac edən ölkələr sırasındadır. Ət idxalının coğrafiyası getdikcə genişlənir. Bunun da əsas səbəbi ölkədə ət qıtlığının yaranmasıdır. Hökumətin rəsmi statistikasına əsasən, bu ilin ilk doqquz ayında ət istehsalında guya 1,1 faiz artım qeydə alınıb. Lakin mənim hesablamalarıma görə, ötən illə müqayisədə əksinə, 5,8 faiz azalma olub. Ölkəyə kəsim üçün gətirilən diri heyvanların sayı 2,3 dəfə artıb. Əgər ötən il 55 milyon dollar dəyərində kəsim üçün diri heyvan idxal olunmuşdursa, bu il həmin göstərici 130,5 milyon dollar təşkil edib. Bu da ölkədə ciddi ət qıtlığının və heyvan çatışmazlığının göstəricisidir”.

Onun sözlərinə görə, son beş ildə Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 2 milyon baş, iribuynuzlu heyvanların sayı isə 400 min baş azalıb: 

“Bu il isə həm ölən, həm də bala salan heyvanların sayı xeyli artıb. Normalda bir neçə aydan sonra heyvanların bala verməsi, yaz aylarında quzuların sayının artması gözlənilirdi. Amma bu il artım çox olmayacaq, çünki bala salan heyvanların sayı kifayət qədər çoxdur. Bu səbəbdən hazırda ölkədə ət qıtlığı mövcuddur. Bunun əsas səbəb heyvanların sayının kəskin azalması və yem bazasının zəifliyidir. Yem bazası zəif olduğuna görə əvvəlki illərlə müqayisədə ət çəkisi də aşağı düşüb. Gündəlik çəki artımı azalıb”.

“Pakistandan, Monqolustandan ət gətirib ucuz qiymətə təklif edəcəklər”

Mütəxəssisin fikrincə, dabaq xəstəliyi ilə əlaqədar heyvan bazarlarının fəaliyyətinin məhdudlaşdırılması ət qıtlığını daha da dərinləşdirəcək:

“Azərbaycan hökumətinin Pakistanla müqavilə bağlaması təsadüfi deyil. Hökumətdə oturanlar anlayırlar ki, bu gedişatla həm heyvanların, həm də heyvan saxlayanların sayı azalacaq. Nəticədə bazarda yalnız özləri qalacaq. Amma onların təsərrüfatları elə səviyyədə qurulmayıb ki, ölkənin ət tələbatını ödəyə bilsin. Hökumət başa düşür ki, ölkədə narazılıq yarana, əhali etiraz edə bilər, ona görə də Pakistandan, Monqolustandan ət gətirib ucuz qiymətə təklif edəcəklər. Artıq reklamlarını da görürük”. 

V.Məhərrəmov hesab edir ki, idxal ediləcək ət ucuz olsa belə, yerli məhsulların qiymətində bahalaşma qaçılmazdır. Onun fikrincə, vəziyyətdən çıxış yolu yerli istehsalın məhsuldarlığını artırmaqdır: 

“Əgər ot və qüvvəli yem istehsalı artırılsa, qida əlavələri yemlərin tərkibinə daxil edilsə, az sayda heyvanla daha çox məhsul almaq mümkündür. Məsələn, əgər hazırda hər heyvandan gündə 400 qram çəki artımı alınırsa, bu göstərici 1,5 kiloqrama qədər qaldırıla bilər. Dünyada bu cür təcrübələr mövcuddur. Amma bizdə qısa müddətdə buna nail olmaq çətindir, çünki ölkədə sahə üzrə peşəkarlar yoxdur. Yaxşı aqronomlar və zootexniklər lazımdır ki, bitkiçilik inkişaf etsin, bunun ardınca heyvandarlıq da inkişaf edəcək”.

Ekspert bildirir ki, kənd təsərrüfatı sahəsi mürəkkəb sistemdir və burada peşəkarlıq həlledici rol oynayır: 

“Heyvanın dili yoxdur ki, harasının ağrıdığını desin. Xəstəlikləri vaxtında baytar həkim müəyyən etməlidir. Həkimlər o qədər savadlı və təcrübəli olmalıdırlar ki, xəstəliyin simptomlarını dərhal müəyyən edib qarşısını ala bilsinlər. Söhbət tək dabaq xəstəliyindən getmir, qarayara, bruselyoz kimi xəstəliklər də geniş yayılıb. Nazirlik tərəfindən səyyar laboratoriyalar yaradılmalı, yerlərdə bütün heyvanlar yoxlanılmalıdır. Xəstə heyvanlar ya müalicə olunmalı, ya da çıxdaş edilməlidir”.

Ana səhifəXəbərlərDabaq xəstəliyi ət bazarında böhran yaradıb