D18 Hərəkatının üzvü polis zorakılığına məruz qaldığını deyir

“Qadir Ağakişiyevin böyrəkləri aldığı zərbələrdən ağrıyır”

Source:
Qadir Ağakişiyev
Qadir Ağakişiyev


“Qadir Ağakişiyevin böyrəkləri aldığı zərbələrdən ağrıyır”

Fevralın 20-də həbs edilərək Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilən D18 Hərəkatının üzvü Qadir Ağakişiyev fevralı 27-də vəkili ilə görüşı bilib.

Bu barədə Meydan TV-yə məlumatı vəkil Fariz Namazlı verib. Vəkilin sözlərinə görə, Sumqayıt İcra Hakimiyyətindən Qadir Ağakişiyevə zəng ediblər ki, bura gəl, qaldığınız yataqxana plana düşüb. O da gedib:

“Burada 4 nəfər mülki geyimli şəxs onu tutub Sumqayıt şəhər Polis İdarəsinə aparıb. Polis İdarəsində 5-6 nəfər Qadir Ağakişiyevi şillə, təpik, yumruqla döyüb, ayaqlarına və böyrəklərinə zərbələr endirərək guya küçədə gedərkən ucadan söyüş söydüyü, polisin qanuni tələbinə məhəl qoymadığı məzmunlu izahata qol çəkməyə məcbur ediblər. O da məcburən çəkib. Daha sonra onu Sumqayıt şəhər 3-cü Polis Bölməsinə aparıblar. Burada Qadir Ağakişiyevə qarşı təzyiqlər olmayıb. Onu bir neçə kağıza imza atdırıb daha sonra məhkəməyə aparıblar və 30 gün müddətinə inzibati həbs verilib. O məhkəmədə döyüldüyünü və hər hansı inzibati xətaya yol vermədiyini bildirsə də, məhkəmə buna məhəl qoymayıb”.

Hərəkat üzvü hazırda Sumqayıt şəhər Polis İdarəsində müvəqqəti saxlama yerində saxlanılır. Vəkili deyir ki, burada ona qarşı münasibət normaldır, saxlanma şəraitindən şikayəti yoxdur:

“Sadəcə olaraq döyülmə nəticəsində topuğu şişib, ayağında kapilyar damarları partlayıb, böyrəkləri aldığı zərbələrə görə ağrıyır. Ombudsman nümayəndələri ötən həftə Sumqayıt ŞPİ-də olarkən kamerada ayaqüstü söhbət ediblər, onlara da döyülməsi barədə məlumat versə də, heç bir müsbət nəticə yoxdur”.

Fariz Namazlı deyir ki, Qadir Ağakişiyevin döyülməsi ilə bağlı Ombudsmana müraciət edəcək.

Ana səhifəXəbərlərD18 Hərəkatının üzvü polis zorakılığına məruz qaldığını deyir