D18 Hərəkatı: “Ruslan İzzətliyə görə İlham Əliyev məsuliyyət daşıyacaq”

Vaqif Dərgahlının sözlərinə görə, Ruslan İzzətli hazırda həkimlərin nəzarətindədir.

Foto: arxiv


Ruslan İzzətli böyrək daşı diaqnozu ilə əməliyyat olunacaq

D18 Hərəkatının hərbi xidmətdə olan sədri Ruslan İzzətlinin səhhətində problem yaranıb.

Bu barədə hərəkatın üzvü, hüquqşünas Samira Ağayeva məlumat yayıb.

Samira Ağayeva bildirib ki, hərbi xidmətdə olan Ruslan İzzətlinin böyrəyində daş yerdəyişməsi baş verib, üstəlik də kista və bel yırtığı var.

O, Ruslan İzzətlinin hazırda Bakıda hərbi hospitalda olduğunu və bu günlərdə əməliyyat ediləcəyini deyib: “Ruslan İzzətlinin səhhətində ağırlaşma baş versə, məsuliyyəti İlham Əliyev daşıyacaq. Çünki Ruslan bəyin əsgərliyə aparılması siyasi sifariş idi”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, əsgər Ruslan İzzətli sentyabrın 2-də “sidik daşı xəstəliyi” diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Urologiya şöbəsinə yerləşdirlib.

“O, dərhal həkimlərin nəzarətinə götürülüb və tam müayinədən keçib. Hazırda onun vəziyyəti stabildir, təyin olunan müalicə aparılır, vaxtında dərmanları qəbul edir və həkimlərin münasibətindən razıdır. Müalicə həkiminin bildirdiyinə görə, yaxın günlərdə “sağ sidik axarı daşının endoskopik əməliyyatı” planlaşdırılır”, – Dərgahlı bildirib.

Vaqif Dərgahlının sözlərinə görə, Ruslan İzzətli hazırda həkimlərin nəzarətindədir:

"Bütün hərbi qulluqçulara necə diqqət göstərilirsə, Ruslan İzzətliyə də həmin münasibətdir".

D18 Hərəkatının sədri Ruslan İzzətli mayın 25-də hərbi xidmətə

aparılıb.

Ruslan İzzətli bu il fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərində namizəd olub.

Onun namizəd olduğu 33 saylı Xətai ikinci seçki dairəsində seçkilərin nəticələri ləğv edilib. Həmin dairədə yenidən seçki keçirilməlidir.

Ruslan İzzətli və bəzi namizədlər həmin dairədə saxtakarlıq olduğunu iddia edərək Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət vermişdilər.

Şikayətlər qəbul olunduğundan dairə üzrə nəticələr ləğv edilmişdi.

Ana səhifəSiyasətD18 Hərəkatı: “Ruslan İzzətliyə görə İlham Əliyev məsuliyyət daşıyacaq”