Dəniz suyunun duzsuzlaşdırılmasına ayrılan milyonluq “məsləhət” xərcləri

Foto: Jose Luis Rueda\shutterstock

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı Sumqayıtda yeni kompleksin tikintisi nəzərdə tutulur. Bu barədə Prezident İlham Əliyevin yanvarın 12-də təsdiq etdiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub. 

Dövlət proqramına əsasən, dəniz suyunun duzsuzlaşdırılması hesabına illik 100 milyon m³ içməli su təminatının yaradılması planlaşdırılır. Sənəddən məlum olur ki, alternativ su mənbələri üzrə yeni layihələr işlənib hazırlanacaq.

Qeyd edək ki, dəniz suyunun duzsuzlaşdırılması layihəsinin reallaşdırılması ilə bağlı məlumatlar artıq bir neçə ildir səsləndirilir. Hətta bununla əlaqədar dövlət satınalmaları həyata keçirilib, müvafiq müqavilələr də imzalanıb. Habelə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun 2024-cü ilin əvvəlində 14 xarici şirkətin müsabiqədə iştirak etməsinə dair açıqlaması var. 

İqtisadiyyat Nazirliyində isə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodu layihəsi üzrə keçirilən müsabiqəyə dair mərasim təşkil edilib.

İndi qəbul edilən dövlət proqramından belə məlum olur ki, 2026-2028-ci illərin ilkin dövründə suyun duzsuzlaşdırılması qurğularının layihə-smeta sənədləri hazırlanacaq.

“Duzsuzlaşdırma” adı ilə təkrar-təkrar bağlanan müqavilələr

İqtisadçı-ekspert Toğrul Vəliyev “Telegram” səhifəsində yazır ki, 2023-cü ilin avqust ayında “Azərsu” ASC [indiki Dövlət Su Ehtiyatları Agentliyi] və İsrailin “Mekorot Water Company” LTD arasında “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə texniki-iqtisadi əsaslandırma və layihə tapşırığının hazırlanması, layihənin icrası ilə bağlı digər məsləhət xidmətlərinin satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 2 milyon 839 min AZN təşkil edib.

Eyni zamanda, “BM Morrison Partners” ilə “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə hüquq məsləhəti xidmətlərinin satın alınmasına dair müqavilə imzalanıb. Sözügedən müqavilənin dəyəri isə 529,4 min AZN təşkil edib.

İqtisadçı yazır ki, dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə “Azərsu” tərəfindən 3,37 milyon manat xərclənib, lakin nəticəsinə dair heç bir məlumat yoxdur: 

“Bildiyim qədər, yalnız 2024-cü ildə “Mekorot” şirkəti “Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla” bağlı layihə təklif etmişdi. Vaxt keçdi və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin hesabatında verilən məlumata görə, 2025-ci ildə dövlət büdcəsinin investisiya xərclərindən “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” adı ilə yanvar ayında 1 milyon 20 min AZN ayrılıb. Vəsaitin yanvar ayında ayrılmasına baxmayaraq, İŞBST müqaviləni yalnız 2025-ci ilin dekabr ayının sonunda imzalayıb. Yenə də müqavilə “Mekorot” şirkəti ilə imzalanıb. Bu dəfə onun dəyəri 1 milyon 70 min AZN-ə bərabər idi. Əlavə 50 min AZN-in mənbəyinə dair heç bir məlumat verilmir. Bu dəfə layihə bir qədər konkretdir: “Abşeron yarımadasında dəniz suyunun əks osmos üsulu ilə duzsuzlaşdırılması zavodunun tikintisi”. Eyni zamanda layihə çərçivəsində hüquqi məsləhətlərin həyata keçirilməsi üçün “Dentons Europe (Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə imzalanıb. Bu müqavilənin də dəyəri 295,5 min manatdır”.

İqtisadçı qeyd edir ki, 2023-cü ildə vəsait ayrıldığı məlum olsa da, onun nəticəsi bəlli deyil: 

“Buna baxmayaraq, yenidən eyni istiqamət üzrə vəsait ayrılıb. Eyni zamanda İqtisadiyyat Nazirliyi də bəlli olmayan səbəblərə görə bu istiqamət üzrə vəsait ayırır. Belə ki, iki il dalbadal – 2024 və 2025-ci illərdə – eyni “Dentons Europe” şirkəti İqtisadiyyat Nazirliyi üçün “Azərbaycan Respublikası Abşeron rayonunda Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu Layihəsinə dair hüquqi məsləhət xidmətləri”ni həyata keçirir. İqtisadiyyat Nazirliyi bu məqsədlə şirkətə iki il ərzində 820,7 min manat ödəniş edib. Əlavə olaraq, İqtisadiyyat Nazirliyi ilə “McKinsey” arasında olan müqavilədə bəndlərdən biri də “Dəniz suyunun duzsuzlaşdırılması” üzrə məsləhət xidmətləridir.

Beləliklə, zavod hələ tikilməyib (“Mekorot” şirkəti ilə müqavilə 2029-cu ilin sonunadəkdir), lakin artıq dövlət büdcəsindən “məsləhət” adı ilə 7,5 milyon manat xərclənib”.

İkinci zavoda ehtiyac varmı?

Yeri gəlmişkən, Azərbaycanda 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılmasına imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş zavod inşa edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində gün ərzində 1000 m³ həcmində duzsuzlaşdırılmış su istehsal olunduğu qeyd edilir. Bu su ətraf bölgələrin təsərrüfatının suvarılmasında istifadə olunur. Belə olan halda, ikinci bir zavoda ehtiyacın hansı səbəbdən yaranması sual doğurur.

Ekspertlərə görə, 2012-ci ildən real nəticə göstərən model genişləndirilə, mövcud kompleksin tutumunun artırılması istiqamətində işlər görülə bilərdi.  Habelə onlar vaxtilə Azərbaycanda belə bir layihə icra olduğu halda, indi xarici şirkətlərə “məsləhət”  adı altında milyonların ayırlmasını israfçılıq, qeyri-şəffaflıq hesab edirlər.

Ana səhifəİqtisadiyyatDəniz suyunun duzsuzlaşdırılmasına ayrılan milyonluq “məsləhət” xərcləri