Bir ay öncə “Metro Park”-da yerləşən “Ali və Nino” kitab evinə getmişdim. Evimə yaxın olduğu üçün adını çəkdiyim kitab mağazasına ara-sıra baş çəkirəm. Düzü, qiymətlər mənim kimi orta statistik vətəndaşın cibinə uyğun olmasa da, bəzən maraqlı kitablara rast gəlmək olur. Bu dəfə içəri keçib kitab rəfinə yönəlmək istərkən qarşıma göyçək bir qız çıxdı. O, gülümsəyərək yardım etmək istədiyini bildirdi.
Məndən kitab mağazasında nə istədiyimi soruşanda, açığı bir az pərt oluram. Çünki dükana girəndə çox nadir halda hansı kitabı almaq istədiyimi bilirəm. Konkret kitab üçün adətən bukinistə üz tuturam. Kitab mağazasına isə sırf vaxt öldürmək üçün gedirəm. İnsanlar paltar dükanlarını necə məqsədsiz gəzirsə, eləcə də mən gəzirəm. Bu zaman maraqlı kitab görsəm alıram. Çox vaxt isə dükandan əliboş çıxıram.
Əlqərəz, qayıdaq “Ali və Nino”-ya. Deməli, qızın təkid etdiyini görüb, duruxdum. Dediyim kimi, içəri keçərkən ağlımda hər hansı kitab tutmamışdım. Həm də bəndəniz adını çəkdiyi kitab mağazalarında satıcılardan nəsə soruşmağa qorxur. Bir dəfə Platonovu istədim, gedib Platonu gətirdilər. İkinci kərə Yerofeyevin “Moskva petuşki” əsərini soruşdum, satıcı qızlar gülüşdülər, başladılar məsxərə etməyə. Mən də yaşlı, kövrək qəlbli insanam, son zamanlar tez cırnıyıram. O hadisədən sonra ta satıcılardan heç nə soruşmuram. Bir növ bunu özümə yasaq etmişəm. Amma bu dəfə mənə nəsə oldu. Bilmədim qızın gülüşü məni tilsimlədi, yoxsa şeytan yoldan çıxardı.
Dedim ki, mənə ADR haqqında kitab lazımdır. Satıcı qız tutuldu. Çöhrəsindən məlumatsız olduğunu sezib, astaca “Cümhuriyyət tarixi barəsində hər hansı kitabınız var?” söylədim. Yenə arada pauza yarandı. Qızdan çox özüm pərt olmuşdum. Bilmirdim qıza nə deyim, necə başa salım. Üçüncü cəhdimdə “Azərbaycan Xalq Cümhuriyyəti barəsində məlumat toplayıram”- dedim. Satıcı qız daha bir neçə saniyə düşünüb, xəfif səslə “sizə soyqırım haqqında lazımdı?”- sualını verdi. Artıq nəsə söyləməyə həvəsim yox idi. Sakitcə dükandan çıxdım. Çıxarkən gözüm kassa aparatının qarşısında ramkaya alınmış prezidentin portretinə sataşdı. Yadıma düşdü ki, prezident bu ili Cümhuriyyət İli elan edib. Elə bunu düşünərək ürəyimdə deyinə-deyinə eskalatorla aşağı düşdüm. “Metro Park”-dan əsəbi halda cəhənnəm olub getdim.
Təbii ki, kitab dükanında işləyib AXC haqqında bilməmək utancverici haldır. Bu gün hamı satıcını qınaya bilər. Ancaq fərdlər müxtəlif olur. Hamı məlumatlı ola bilməz. Bunu həm də dövlət fikirləşməlidir. Əgər orta məktəblərdə birinci sinif şagirdi Heydər Əliyevə baba deyirsə, sözsüz ki, bu, hakimiyyətin təbliğatıdır. Heç kim uşağa doğma babasın qoyub, “Heydər baba” kəlməsini öyrətməyəcək.
Bu il Cümhuriyyət İlidir, amma, təəssüf, əməldə və ortada yenə durğunluqdur. Əksinə Cümhuriyyət barəsində, onun bilavasitə qurucuları haqqında danışmaq, yazmaq, tərif eləmək qeyri-rəsmi yasaqdır. Çox demirəm, imkan edib gedin M.F.Axundov adına Milli Kitabxanamıza. İçəri keçib qalxın ikinci mərtəbəyə. Sağ tərəfdə kitabxananın bütün arxivi səliqə ilə siyirmələrə yığılıb. Orda soruşun, ADR siyirməsini sizə göstərəcəklər. Açıb içinə baxarsız.
Məlumatların yarısı indiki hakim ailəyə aiddir. Naməlum professorlar, doktorlar, tarixşünaslar hakim ailəyə bol-bol tərif yazıb doldurublar kitab arxivinə.
AXC-yə aid iki cildlik ensiklopediya da eyni vəziyyətdədir. Düzdür, parlamentin stenoqramları iki cilddə nəşr olunub. Bundan əlavə, pis-yaxşı Cümhuriyyət dövründə iqtisadi, siyasi və ictimai vəziyyətdən bəhs edən kitablar da mövcuddur. Lakin dediyim kimi, bütün bu yazılanları reklam etmək lazımdır. İnsanlar, əsasən məktəblilər və tələbələr olanlardan məlumatsızdır.
Bu illər ərzində AXC barəsində bir dənə maraqlı, professional, dəyərli film çəkilməyib. Pyes, tamaşa səhnələşdirilməyib. Paris Sülh Konfransı haqqında çəkilən “Əbədi ezamiyyət” filminin ilk dəqiqəsində adamı yuxu tutur. Məktəblərdə, universitetlərdə lazımi dərəcədə təbliğat aparılmır. Cümhuriyyət qurucuları barəsində çox az danışılır, demək olar ki, ötəri yada salınır. Hərçənd ki, bunları etməyə hökümətin imkanı və şəraiti yetərincədir. Rəsulzadə, Topçubaşov, Nəsib bəy Yusifbəyli, Xoyski barəsində kitablar barmaqla sayılası qədərdi. Hətta Rəsulzadənin Stalinlə bağlı xatirələri düz-əməlli çap olunmayıb. Başdansovdu yanaşıb balaca tirajla nəşr ediblər. Əvəzində televiziyamız bayağı seriallar, səviyyəsiz verlişlər göstərməklə və bir də eks-prezidenti, hakim ailəni tərifləmək, mədh etməklə məşğuldur.
Sadaladıqlarım azmış kimi digər tərəfdən bolşeviklər bizə qənim kəsilib. Rəsmən daş düşüb başımıza, xəbərimiz yoxdur. Vətəndaşın dövlətin arxiv fondlarına girişi qadağan olan ölkədə, Milli Ktabxananın bütün materiallarında bolşeviklər mələk timsalında təsvir olunub. Sovetlər yetmiş il ərzində rəsmi olaraq tariximizi pozub, yenidən istədikləri kimi yazıblar. Milli Kitabxanada düz 91-ci ilə qədər, yəni müstəqillik qazandığımız günəcən bütün kitablarda bolşeviklər tərif olunur. Şaumyan, Fioletov, Əzizbəyov, Nərimanov, Caparidze, Mikoyan, Stalin və Lenin xalqımızın igid oğulları, başbilənləri, qəhrəman xilaskarları sayılır. Və təbii ki, müsavatçılar, türklər, cümhuriyyətçilər, AXC hökuməti düşmən və əzazil obrazında verilir.
Maraqlısı odur ki, Elçibəy hakimiyyəti dövründə AXC hökumətinə aid daha obyektiv və maraqlı kitablar yazılıb, nəinki indi. Halbuki, formulaya, olimpiyadaya, Avropada muzeylərə, kilsələrə, Rusiyada otellərə xərclənən pulun bir hissəsi AXC haqqında dünya səviyyəli kino çəkilişinə yatırılsaydı, camaatımız daha məlumatlı olardı. Ancaq hökumət üçün, bu, maraqlı deyil.
Ölkəmizin düşünən vətəndaşına bunun səbəbi gün kimi aydındır. İndiki hökumət AXC hökümətini öz kölgəsi altında saxlamaqda israrlıdır. Və bu məqsədyönlü edilir. Loru dillə desək, xalq nə qədər az bilsə, bir o qədər rahat yatar. Məqsəd xalqı indiki hökumətə alternativin olmamasına inandırmaqdır. Nə keçmişdə, nə də gələcəkdə indiki hakimiyyətlə müqayisə ediləcək ikinci hökumət olmamalıdır.
Azərbaycan öz tarixi ərzində iki kərə müstəqil olub. Birinci dəfə, bu, 23 ay davam edib. Hərçənd AXC hökuməti, onun qurucuları dövlət səviyyəsində təbliğ olunsa, camaatın bəsirət gözü açılacaq. Görəcəklər ki, yüz il əqdəm qurulmuş və cəmi-cümlətanı 23 ay mövcud olmuş ölkənin hökuməti indikindən daha ədalətli və şəffaf işləyirmiş. Biləcəklər ki, 23 ay ərzində olunanları, indiki hökumət 23 ilə edə bilməyib.
Anlayacaqlar ki, yüksək vəzifədə oturub rüşvət almadan, ölkənin sərvətini talamadan, insanları incitmədən də dövləti idarə etmək olurmuş. Və bu cür hökumətimiz var imiş. Demək indiki hökumətə də alternativ tapılar. Artıq “ bunlar getsə, kim gələcək?” sualı dəbdən düşəcək. Camaat biləcək ki, yüz il əvvəl bu xalqın Rəsulzadə, Xoyski, Topçubaşov, Nağı bəy Şeyxzamanlı, Ceyhun Hacıbəyli, Məmmədhəsən Hacınski kimi şəxsiyyətləri olub. Deməli, hələm heç nə itirilməyib. Atalar demişkən, su gələn arxa bir də gələr.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.