Ankara Konvensiyanın 46-cı maddəsini pozmaqda günahlandırılır
Türkiyə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “vicdan məhbusu” Osman Kavalanın dərhal azadlığa buraxılmasını nəzərdə tutan qərarını icra etməməklə Avropa Konvensiyasının AİHM qərarlarının icrasının məcburiliyinə göstəriş verən 46-cı maddəsini pozub.
Rəsmi Ankara bununla öhdəliklərinə əməl etməyib.
AİHM qərarını 2019-cu ildə çıxarıb. 3 ildir ki, icrası gecikir.
Avropa Məhkəməsinin Böyük Palatasının iyulun 11-də Konvensiyanın 46.4-cü maddə üzrə elan etdiyi qərarında belə deyilir.
Qərarda Kavalaya barəsindəki qərarın icra edilməməsinə görə 7500 avro təzminat ödənilməsi nəzərdə tutulub.
Qərara yalnız AİHM-in türk hakimi qismən qarşı çıxıb, digər 16 hakim dəstək verib.
“Amnesty International”ın Avropa ofisinin Tədqiqatlar üzrə direktor müavini Culiya Hall deyir ki, bu qərar Türkiyə hökumətini biabır edib.
Onun sözlərinə görə, Ankara üç ilə yaxındır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etməkdən imtina edir:
“Bu qərar hökumətin qanuni öhdəliyə əməl etmədiyini bir daha ortaya qoyub. Türkiyənin davam edən fəaliyyətsizliyi Osman Kavala və ailəsinin ağır iztirablarını daha da artırıb. Kavalanın işi vətəndaş cəmiyyətinə təzyiqlərin və Türkiyədə hər kəsə təsir edən insan hüquqlarının müdafiəsində geriləmənin simvoludur. Türkiyə Osman Kavalanı azad etməkdən inadla imtina edərsə, o, Avropa Şurasının qurucu üzvlərindən biri kimi vəziyyətini daha da pisləşdirəcək. Avropa Şurası, ona üzv olan ölkələr və Avropa Birliyi Türkiyəni Osman Kavalanı və oxşar şəraitdə saxlanılan bir çox başqalarını, nəhayət, azad etməyə çağırmalıdır”.
2019-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi Osman Kavalanın azadlıq hüququnun pozulduğunu və hökumətin onu susdurmaq niyyəti ilə dəstəkləndiyini müəyyən edib.
Qərar onun dərhal azad edilməsini tələb edib.
Türkiyə hakimiyyəti hökmü yerinə yetirmək əvəzinə, Kavalanı heç bir dəlil olmadan ittihamlara, əlavə mühakimələrə məruz qoyub.
2022-ci ilin fevralında AİHM qərarlarının icrasına nəzarəti həyata keçirən Avropa Şurasının Nazirlər Komitəsi Avropa Konvensiyasının 46-cı maddəsinin 4-cü bəndinə əsasən, məhkəmənin qərarını icra etmədiyinə görə Türkiyəyə qarşı hüquq pozuntusu üzrə icraat başladıb.
İyunda Beynəlxalq Amnistiya Təşkilatı Osman Kavala və altı müttəhimi 25 aprel 2022-ci ildə Gəzi məhkəməsində ədalətsiz mühakimə olunaraq həbs olunduqdan sonra “vicdan məhbusu” elan edib.
AİHM 2019-cu ildə qərar vermişdi ki, Gəzi olayları kontekstində saxlanılıb, azadlıqdan məhrum edilən tanınmış hüquq müdafiəçisi Osman Kavalanın həbsi və azadlıqdan məhrum edilməsi onu susudurub sıradan çıxarmaq və başqa hüquq müdafiəçilərinin gözünün odunu almaq olub.
Məhkəmə onun dərhal azad edilməsini tələb etmişdi.
Hüquqşünas Xalid Ağəliyev yazır ki, Böyük Palatanın qərarı işə yenidən baxılması ilə bağlı deyil, AİHM-in sözügedən qərarının icrasına qatqı məzmunludur:
“Qərarın elan edilməsindən dərhal sonra Avropa Şurası rəhbərləri Türkiyə hökumətinə müraciət edərək, Osman Kavalanı dərhal azad etməyə çağırıb. AİHM-in qərarı Avropa Şurası Nazirlər Komitəsinin müraciəti üzrə çıxarılıb. Qərar AŞ NK-ya göndəriləcək. NK həmin qərarın işığında Türkiyənin AŞ qarşısında öhdəliklərinə əməl edib-etmədiyini müzakirəyə çıxaracaq. Kavala azad edilməsə, Türkiyəyə qarşı hansı tədbirlərin görülməsi əsas müzakirə mövzusu olacaq”.
Hüquqşünasın fikrincə, Avropa Konvensiyası belə tədbirlərin növünü elan etmir, bunu Nazirlər Komitəsinə həvalə edir.
AŞ-da səsvermə hüququnun alınması, AŞ üzvlüyündən çıxarılma tətbiq ediləcək tədbirlərdən ola bilər:
“İş burasındadır ki, AŞ NK indiyə qədər belə durumlarla qarşı-qarşıya qalmayıb. Yalnız İlqar Məmmədov işində oxşar durum yaranıb. Ancaq Azərbaycan AİHM qərarı ilə azadlığa buraxılması tələb olunan siyasətçini sərbəst buraxdığından prosedur başa çatıb”.
Xalid Ağəliyev güman edir ki, AŞ NK məsələni 2-3 ay sonra müzakirə edəcək. Həmin vaxtadək Osman Kavalanın azad ediləcəyi daha ağlabatan görünür:
“Əks halda, AİHM qərarlarını icra etməməyin hansı nəticələr doğura biləcəyi təcrübəsi yaranacaq”.