Cüdo yığmasının baş məşqçisi cinsi zorakılıqda ittiham olunur

Azərbaycanın cüdo yığmasına baş məşqçi Peter Zayzenbaherə qarşı vətəndaşı olduğu Avstriyada cinayət işi açılıb. O, 4 qıza qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinir.

Source:
Peter Zayzenbaher
Peter Zayzenbaher


Federasiya rəsmisi: “Biz məhkəmənin nə ilə nəticələnəcəyini bilmirik və məsələyə hüquqi qiymət verilənədək gözləyəcəyik”

Azərbaycanın cüdo yığmasına baş məşqçi Peter Zayzenbaherə qarşı vətəndaşı olduğu Avstriyada cinayət işi açılıb. O, 4 qıza qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinir.


Korner.az

saytı bununla bağlı araşdırma aparıb. Meydan TV həmin yazını təqdim edir…


Peter Zayzenbaherin Azərbaycana töhfəsi

1960-cı il martın 25-də Vyanada doğulmuş avstriyalı cüdoçu Peter Zayzenbaher 1984 və 1988-ci illərdə keçirilmiş olimpiadaların qızıl mükafatçısı olub. 2010-2012-ci illərdə Gürcüstanın cüdo millisini çalışdırıb. Bu ölkəyə Avropa çempionatında 2 qızıl, 3 gümüş və 4 bürünc, dünya çempionatında 1 bürünc, London olimpiadasında isə 1 qızıl qazandırıb. 2012-ci ilin oktyabrında Azərbaycanın cüdo yığmasına baş məşqçi təyin olunub. Azərbaycan cüdo tarixinə ilk dünya çempionu verən mütəxəssis kimi düşüb. Onun ilyarımlıq fəaliyyəti dövründə Elxan Məmmədov (100 kq) 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş dünya çempionatında çəkidə qızıl medala sahib olub. Həmin çempionatda Orxan Səfərov 60 kq çəkidə bürünc medala yiyələnib. Ötən il Azərbaycan Cüdo Federasiyasında rəhbər dəyişikliyi edildikdən – Rövnəq Abdullayev prezident seçildikdən sonra atılmış ilk addım məhz Zayzenbaherin yığmanın sükanı arxasına gətirilməsi olub. Və avstriyalı çalışdırıcının rəhbərliyi altında komanda Rioda keçirilən olimpiadada 2 gümüş medal qazanıb (Elmar Qasımov və Rüstəm Orucov).


İdmançıya qarşı iddia

Bütün bunlar ilk baxışda Peter Zayzenbaherin müsbət xarakteristikaya malik olması görüntüsü yaradır. Amma bir eybi də deyilir. Və bu barədə hələ iki il bundan əvvəldən danışılır. Baxmayaraq ki, bundan dünya mətbuatı kimi Azərbaycan mətbuatı da xəbərdar idi, Cüdo Federasiyası yenidən onunla işbirliyinə “hə” dedi. Görünür, yeni rəhbərlik  Zayzenbaherin öz ölkəsində pedofillikdə ittiham olunduğunu, hətta buna görə istintaqa cəlb edildiyini bilmirdi, yaxud bilənlər də unutmuşdu. Axı bu hadisə 2014-cü ildə mətbuata çıxarılmışdı və onda Peter, özünün də ifadə etdiyi kimi, sadəcə öz biznesi ilə məşğul idi, Azərbaycandan 1 il əvvəl getmişdi. Bu fakt avstriyalı çalışdırıcı ötən il baş məşqçi təyin olunanda vaxtilə onun pedofillikdə suçlandığını dərc edən Azərbaycan mətbuatının da yadına düşmədi…

Peter Zayzenbaherlə bağlı açılmış cinayət işində qeyd olunur ki, o, 2000-ci illərin əvvəllərində Avstriyada Vyana şəhər Cüdo İttifaqında işləyərkən 4 qıza (onlardan biri yetkinlik yaşına çatmayan məktəbli olub) qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinir. Onun barəsində cinayət işi 2013-cü ildə açılsa da, bununla bağlı xəbərləri ilk dəfə 2014-cü il iyun ayının 11-də Avstriya mətbuatı yayıb. Bundan sonra digər Avropa ölkələrinin KİV-i, o cümlədən Rusiya və Azərbaycan mətbuatı da bu məlumatı Avstriya mətbu orqanlarına istinadla işıqlandırıb. Qeyd olunan tarixdə avstriyalıların yaydığı məlumatlarda bildirilirdi ki, Zayzenbaher tərəfindən zorlandığını iddia edənlər məhkəməyə müraciət ediblər.



Baş məşqçi təsdiqlədi

Korner.az məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasına informasiya sorğusu göndərib. Sorğuda qeyd olunur:

“Azərbaycanın cüdo üzrə milli komandasının baş məşqçisi Peter Zayzenbaherin öz ölkəsi Avstriyada 4 qıza (biri yetkinlik yaşına çatmayıb) qarşı cinsi zorakılıq tətbiq etməkdə şübhəli bilinərək, 2014-cü ildə istintaqa cəlb olunması və bu faktla bağlı məhkəməyə prosesinin hələ də davam etdirilməsi ilə bağlı apardığımız araşdırmanın tamamlandırılması üçün aşağıdakı suallarımızı cavablandırmağınızı xahiş edirik:

1. Peter Zayzenbaherlə müqavilə imzalanarkən onun barəsində cinayət işinin başladıldığını, iddiaların təsdiqlənəcəyi təqdirdə onu 10 il müddətinə azadlıqdan məhrum olunacağı barədə məlumatınız var idimi? Var idisə, bu məlumatı özündən, yoxsa üçüncü şəxslərdən almışdınız?

2. Peter Zayzenbaherin sırf istintaq prosesinin uzadılması üçün vətəni Avstriyaya getməkdən yayındığı və səfərlərinin çox qısamüddətli olduğu iddia edilir. Bu barədə məlumatınız varmı?

3. Rio Olimpiadasında əldə olunacaq nəticələrdən asılı olmayaraq, adı cinsi zorakılıqda hallandırılan və barəsində məhkəmə işi açılan şəxsin milli komandamızda qalması Azərbaycanın idman ölkəsi imicinə zərbə olmayacaqmı?

4. Peter Zayzenbaherin bundan əvvəl çalışdığı Gürcüstan millisindən də qalmaqallı şəkildə uzaqlaşdırıldığı bildirilir. Bu barədə məlumatlısınızmı?”

Sorğunun göndərilməsindən 3 ay sonra – yazı işıq üzü görəndən sonra cavab verilib. Federasiyanın rəsmisi Elnur Əşrəfoğlu Korner.az-a açıqlamasında deyib ki, yazı ilə tanış olduqdan sonra dərhal çalışdırıcı ilə əlaqə saxlayıb: “Peter Zayzenbaher biri azyaşlı olmaqla 4 qıza qarşı cinsi zorakılıqda ittiham olunduğunu etiraf etdi. Bildirdi ki, bununla bağlı cinayət işi açılıb və o, istintaqa ifadə verib. Zayzenbaher ifadəsində də ona qarşı irəli sürülən ittihamı rədd edib və deyir ki, yaxın vaxtlarda keçiriləcək məhkəmə prosesi onun günahsız olduğunu göstərəcək”.

E.Əşrəfoğlu federasiyanın avstriyalı baş məşqçini sırf cüdo mütəxəssisi olduğu üçün bu posta təyin etdiyini və onunla Rio olimpiadasının sonunadək şərti anlaşdıqlarını da deyib: “Biz məhkəmənin nə ilə nəticələnəcəyini bilmirik və məsələyə hüquqi qiymət verilənədək gözləyəcəyik”.


Vyana prokurorluğunun cavabı

Federasiyadan fərqli olaraq, Avstriya tərəfi məsələyə münasibəti zamanında, Vyana prokurorluğunun mətbuat katibi Nina Bussek qismində cavablandırıb:“Bu, çox həssas məsələdir. Onunla (Peter Zayzenbaheri nəzərdə tutur – red.) bağlı müəyyən şübhələrimiz var. Bu işlə əlaqədar olaraq bir neçə nəfərin ifadəsi də alınıb. Lakin Zayzenbaherin özü suallarımıza cavab verməyə razılaşdıqdan sonra çox şeyə aydınlıq gələcək. Proses hələ davam edir və qanunvericiliyə əsasən, barəsində həbs-qətimkan tədbiri olmadığı üçün onun Avstriyadan kənara çıxmasına heç bir maneə yoxdur”.

Məsələyə həmin günlərdə münasibət bildirən Avstriya Cüdo Federasiyasının prezidentiHans Paul Kuçera demişdi ki, bu xəbər federasiyada şok yaratdı: “Peter olimpiadada iki qızıl almış yeganə avstriyalıdır. O, indiyədək bütün ölkənin fəxri olub. Ümid edirəm, bu xəbərlər təsdiqini tapmayacaq. Biz həqiqətin ortaya çıxması üçün əlimizdən gələni etməyə hazırıq”.

Zayzenbaherin vəkili Bernhard Lehofer 2014-cü il iyunun 11-də Avstriya mətbuatına açıqlamasında müvəkkilinin növbəti həftənin çərşənbə axşamı günü (17 iyun) ifadə verəcəyini, hamını həmin vaxtadək təmkinli olmağa səsləsə də, sonrakı tarixlərdə çıxan açıqlamalardan Zayzenbaherin istintaqa ifadə verib-vermədiyi bəlli olmur. Avstriya mətbuatında yer almış məlumatlardan onun 2015-ci ilin böyük hissəsini öz ölkəsindən kənarda keçirdiyi və bu səbəbdən prosesin ləngidiyi aydın idi. Nəhayət, ötən ayın sonlarında istintaqın yekunlaşdığı və cinayət işinin materiallarının Baş prokurorla yanaşı, Ədliyyə Nazirliyinə göndərildiyi bildirildi. Açıqlamada qeyd olundu ki, istintaqın gəldiyi qənaət haqqında heç bir informasiya verilə bilməz və məsələ hüquqi həllini tapana qədər məlumat ictimaiyyət üçün qapalı olacaq. Buna görə də, hələlik bizə gözləmək qalır – federasiyamızın məsələyə reaksiyasını, Avstriya Baş prokurorunun və Ədliyyə Nazirliyinin çıxaracağı qərarı. İddialar təsdiqlənərsə, Zayzenbaher 10 il müddətinə azadlıqdan məhrum ediləcək.

Avropa idmanında adı bu cür qalmaqallarda hallanan şəxsləri, ən azı, araşdırmalar tamamlananadək işlərindən uzaqlaşdırırlar – sonradan baş verə biləcək biabırçılıqdan sığortalanmaq üçün. Bunu sonuncu dəfə adları seks qalmaqalında hallanan Valbuena və Benzemanın Fransa millisindən uzaqlaşdırılması nümunəsində görmək mümkündür…

Ana səhifəXəbərlərCüdo yığmasının baş məşqçisi cinsi zorakılıqda ittiham olunur