Cəsur Məmmədov: Ermənistanla dövlət sərhədi cəbhənin “qırmızı” xəttidir

Onun fikrincə, Azərbaycan – Ermənistan qoşunlarının “nəbzi” əsasən məhz bu hissədə – “qırmızı” xətdə “vurur”

Foto: Cəsur Məmmədovun şəxsi arxivindən


“Gələcəkdə mümkün irimiqyaslı hərbi əməliyyatlar “qırmızı” xətdə baş verəcək”

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov iyulda Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşləri təhlil

edib

.

Ekspertin təhlilində qeyd edir ki, Azərbaycan və Ermənistan qoşunları arasındakı cəbhə xətti Azərbaycanın nöqteyi-nəzərindən şərti olaraq “qırmızı”, “yaşıl” və “sarı” olmaqla 3 hissəyə ayrıla bilər.

“Yaşıl” xətt kimi o Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların ərazisində yerləşmiş erməni hərbçiləri ilə Azərbaycan Silahlı Qüvvələri arasındakı təmas xəttini qeyd edib. O bildirib ki, “yaşıl” xətdəki erməni qoşunlarına beynəlxalq baxımdan rəsmi şəkildə hərbi-siyasi dəstək yoxdur.

“Bu qüvvələr hüquqi baxımdan qeyri-qanunidirlər. Hətta Ermənistanla iktərəfli və çoxtərəfli hərbi müttəfiqlik edən (KTMT üzrə saziş, hava müdafiəsi və birləşmiş hərbi qüvvələr ilə bağlı anlaşma) Rusiyanın Dağlılq Qarabağ cəbhəsində münaqişənin alovlanacağı təqdirdə açıq və rəsmi müdaxilə edərək Ermənistanı müdafiə etmək imkanları məhdud olacaq”.

Cəsur Məmmədov cəbhə xəttinin “sarı ” hissəsinin Naxçıvan Muxtar Respublikası üzrə təmas xətti olduğunu qeyd edib. O bildirib ki, burada cəbhənin əks istiqamətində Ermənistanın silahlı qüvvələri və ona rəsmi şəkildə dəstək verən Rusiya hərbçiləri mövcuddur.

Cəbhə xəttinin “qırmızı” hissəsi kimi eskpert Azərbaycanla Ermənistanın dövlət sərhədinin Qazax-Ağstafa-Tovuz-Gədəbəy-Daşkəsən istiqaməti olduğunu deyib. “Yerevanın cəbhə xəttinin məhz bu hissəsində Rusiyanın dəstəyi ilə həyata keçirəcəyi təxribat rəsmi Bakını Dağlıq Qarabağla bağlı yürüdülən siyasətdə dəyişikliklər etmək və ya hansısa yeni qərarlar qəbul etmək məcburiyyətinə sala bilər”.

Onun fikrincə, Azərbaycan – Ermənistan qoşunlarının “nəbzi” əsasən məhz bu hissədə – “qırmızı” xətdə “vurur”:

“Qırmızı” xətdə baş verənlər münaqişə tərəflərinin yürütdüyü siyasətin mövcud vəziyyətini, çatışmazlıqlarını, taktiki və strateji planları özündə əks etdirir. Sadə dillə desək, əgər, Dağlıq Qarabağ cəbhəsində “hərbi hegemonluq” Azərbaycana məxsusdursa, “qırmızı” xətdə hegemonluq əsasən Rusiya dəstəkli Ermənistana aiddir və rəsmi Yerevan təəssüf ki, indiyədək həyata keçirdiyi təxribatlarda Rusiyanın dəstəyini özünə cəlb edə bilib”.

C.Məmmədovun proqnozlarına görə, əgər gələcəkdə Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi əməliyyatlar başlasa, bu, məhz bu “qırmızı” xətdə baş verəcək. Ona görə də, Azərbaycan tərəfi bu istiqamətdə hərbi qüvvələrini, silah və texnikanı gücləndirməkdədir.

Cəsur Məmmədovun təhlilinə əsasən, son illərdə tərəflər arasında baş verən hərbi toqquşmalar əsas etibarilə “siyasi alət” xarakteri daşıyıb və əsasən üçüncü oyunçunun – Rusiyanın təsiri altında baş tutub.

“Proses sadə sxemlə baş verir: misal üçün, Moskva Azərbaycandan və Ermənistandan nəsə istəyir. Bunun ardınca isə tərəflərə vaxt verir. Bakı və ya Yerevan bu təklif və tələbdən boyun qaçıranda və ya vaxt istəyəndə cəbhə xəttində tərəflərin birinin təxribatı ilə gərginlik başlayır”.

C.Məmmədov atəşkəsin pozulmasında günahkarın Ermənistan oluğunu qeyd edir:

“Çünki rəsmi Yerevan Rusiyanın hərbi-siyasi dəstəyinə arxalanaraq Azərbaycanın torpaqlarını işğal edib”.

İyulun 12-dən Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs pozulub, döyüşlər gedir. Döyüşlər nəticəsində Azərbaycanın 11 hərbçisi, o cümlədən general-mayor Polad Həşimov həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun 100-dən çox canlı qüvvə itirdiyini deyib və qeyd edib ki, Ermənistan tərəfi itkilərin sayını gizlədir. Ermənistan Müdafiə Nazirliyi 7 hərbçisinin öldürüldüyünü təsdiq edib.

Ana səhifəSiyasətCəsur Məmmədov: Ermənistanla dövlət sərhədi cəbhənin “qırmızı” xəttidir