Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərə qarşı əlavə ittihamların verilməsini və fotomüxbir Əhməd Muxtarın həbsini pisləyir.
Komitənin bəyanatında deyilir ki, Azərbaycan hökuməti jurnalistləri peşə fəaliyyətlərinə görə əsassız şəkildə həbs edib və bu şəxslər dərhal azad olunmalıdır.
“Meydan TV-yə qarşı son maliyyə cinayətləri ittihamları, yaxın vaxtlarda yeddi başqa jurnalistin [“Abzas Media işi” üzrə həbs olunan jurnalistlər nəzərdə tutulur] uzunmüddətli həbs cəzasına məhkum edilməsində istifadə olunan ittihamlarla səsləşir. Bu, Azərbaycanın müstəqil mətbuatı susdurmaq istiqamətində apardığı kampaniyanın görünməmiş miqyasını vurğulayır. Azərbaycan son repressiyalar çərçivəsində haqsız yerə həbs olunmuş – son saxlanılan Əhməd Muxtar da daxil olmaqla – 20-dən çox jurnalist və media işçisini azad etməlidir”, – CPJ-nin Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Qulnoza Said deyib.
Avqustun 28-də “Meydan TV işi” üzrə istintaq başa çatıb və bu iş üzrə ittihamlar ağırlaşdırılıb. İş üzrə həbs edilən jurnalistlər ümumilikdə Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunublar.
Elə həmin gün, avqustun 28-də fotoqraf Əhməd Muxtar “Meydan TV işi” üzrə 40 gün müddətinə həbs olunub. O, bundan əvvəl dekabr ayında Meydan TV-nin altı jurnalisti ilə birlikdə həbs edilib və pul qaçaqmalçılığında ittiham olunub. O, xuliqanlıq və polisə tabe olmamaq kimi ayrı-ayrı ittihamlarla 20 günlük həbs cəzası çəkib.
Əhməd Muxtar “Meydan TV işi” üzrə həbs olunan sayca 12-ci şəxsdir.
2024-cü il dekabrın 6-da Meydan TV-nin altı əməkdaşı – Ramin Cəbrayılzadə (Deko ), Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Onlara qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də jurnalist Fatimə Mövlamlı, mayın 7-də isə jurnalist Ülviyyə Əli (Quliyeva) da Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Səlahiyyətlilər bir neçə aparıcı müstəqil qurumu xarici qrantlar üçün qanunla tələb olunan icazəni almamaqda günahlandırıblar. Müdafiəçilər iddia edirlər ki, bu hərəkətsizlik cinayət cəzası deyil, cərimə ilə cəzalandırılır.
Mühacirətdə olan insan haqları üzrə vəkil Sübhan Həsənli CPJ-ə bildirib ki, hakimiyyət ümumiyyətlə xarici qrantlar istəyən müstəqil təşkilatları qeydiyyatdan keçirməkdən imtina edir və bu, onların qanuni şəkildə alınmasını mümkünsüz edir.
CPJ şərh üçün polisə nəzarət edən Daxili İşlər Nazirliyinə e-poçt göndərdi, lakin dərhal cavab almadı.
“Azərbaycanın mükafatlı media qurumu Meydan TV-yə qarşı irəli sürülən son maliyyə cinayətləri ittihamları, yeddi digər jurnalistin uzunmüddətli həbslərinə səbəb olmuş ittihamları xatırladır və bu, müstəqil mətbuatın susdurulmasına yönəlmiş misilsiz kampaniyanın miqyasını nümayiş etdirir,” – deyə Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Qulnoza Səid bildirib. – “Azərbaycan hakimiyyəti son aylarda haqsız yerə həbs edilmiş 20-dən çox jurnalist və media işçisini, o cümlədən sonuncu həbs olunan Əhməd Muxtarı dərhal azad etməlidir.”