Gülnoza Səid deyir ki, Azərbaycan beynəlxalq qınağa çəkilməlidir
Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitə (CPJ) Azərbaycan hakimiyyətini “AbzasMedia işi” üzrə həbs edilmiş iqtisadçı və jurnalist Fərid Mehralızadəni və haqsız yerə həbs cəzasına məhkum olunmuş digər media nümayəndələrini dərhal azad etməyə çağırıb.
CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Səid bildirib ki, Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə (COP29) konfransına ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, ən azı 15 jurnalist potensial uzunmüddətli həbs cəzasına məruz qalıb.
“Fərid Mehralızadənin işi bir daha göstərir ki, tənqidi fikirləri olanlar, ölkədə absurd şəkildə amansız repressiyalara məruz qala bilirlər. Azərbaycan hökuməti COP29-dan əvvəl Mehrəlizadəni və bütün digər haqsız yerə həbs edilmiş jurnalistləri azad edə bilməsə, beynəlxalq qınaqla üzləşməlidir”, – Gülnoza Səid deyib.
Fərid Mehralızadə iyunun 1-də həbs edilib.
O, korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” nəşrinə qarşı valyuta qaçaqmalçılığı işi çərçivəsində ittiham olunub. Həm “AbzasMedia”, həm də Fərid Mehralızadə onun bu nəşrlə əməkdaşlığını təkzib ediblər.
Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb.
Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır.
Sentyabrın 6-da Fərid Mehralizadə barəsində həbs qətimkan tədbirinin müddəti dekabrın 19-na qədər uzadılıb.
O, ittihamları qəbul etmir, qurama sayır.
Fərid Mehralızadə “Azadlıq” radiosu üçün iqtisadi mövzuları işıqlandırırdı.
“Azadlıq” radiosunun vebsaytı Azərbaycanda bloklanıb.
Jurnalistin həyat yoldaşı Nərgiz Muxtarova CPJ-yə bildirib ki, o, müstəqil mediaya müsahibələrində hökumətin siyasətini tənqid etdiyinə görə həbs olunub.
Azərbaycan hakimiyyəti ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs olunmadığını bildirir.
Ancaq ötən ilin noyabrından başlayaraq ölkədə qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Onların çoxu əvvəlcə “AbzasMedia işi” ilə əlaqəli olub.
Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Elnarə Qasımova, Nərgiz Absalamova və başqaları ilə davam edib.
Saxlananlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında azı 300 siyasi məhbusun olduğunu bildirirlər.
Avqustda hakimiyyət Fərid Mehralızadə və “AbzasMedia” jurnalistlərinə qarşı əlavə yeddi iqtisadi cinayət ittihamı irəli sürüb.
Bu ittihamlar üzrə 12 ilədək həbs nəzərdə tutulur.
Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçiriləcək.
Noyabrın 6-da “Human Rights Watch” da daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatı COP29-da iştirak edəcək Avropa İttifaqı liderlərinə çağırış ediblər.
Təşkilatların yaydığı birgə bəyanatda qeyd olunur ki, Avropa İttifaqı liderləri siyasi motivlərlə həbs edilənlərin məsələsini birbaşa Azərbaycan hakimiyyəti ilə müzakirəyə çıxarmalı və onların azadlığa buraxılmasını təmin etməlidir.