Təşkilat 2021-ci ili mətbuat azadlığını müdafiə edənlər üçün “xüsusi qəmgin il” adlandırıb
Dünya üzrə həbsdə olan jurnalistlərin sayı 2021-ci ildə yeni rekord həddə çatıb.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 9 dekabrda yayımladığı hesabatda belə deyilir.
Bildirilir ki, yeni texnologiya və təhlükəsizlik qanunları qəbul edən repressiv rejimlər Asiyadan Avropaya və Afrikaya qədər bütün dünyada fəaliyyət göstərən müstəqil mətbuatı təzyiq altında qoyub.
Təşkilat 2021-ci ili mətbuat azadlığını müdafiə edənlər üçün “xüsusi qəmgin il” adlandırıb.
Bu il dünyada işinə görə həbs olunan jurnalistlərin sayı 293 nəfərə çatıb. Ötən il bu rəqəm 280 idi. Altıncı ildir ki, CPJ azı 250 jurnalistin həbsdə olduğunu açıqlayır.
Hesabatın Azərbaycanla bağlı hissəsində hazırda 2 jurnalistin həbsdə olması vurğulanır.
“Lakin hakimiyyət iddia edir ki, heç bir jurnalist peşə fəaliyyətinə görə təzyiqlə üzləşməyib”, – hesabat müəllifləri qeyd edib.
Üç ildir ki, Çin dünyada jurnalistlərin ən çox həbs edildiyi ölkə olaraq qalır. Bu il Çində 50 jurnalist həbs olunub. Çindən sonra Myanma, Misir, Vyetnam və Belarus ilk beşinci yerdədir.
Həbsdə olan jurnalistlərin sayındakı bu ardıcıl artımın səbəbi ölkədən ölkəyə dəyişir. Lakin onların hamısını birləşdirən bir cəhət var ki, bu da müstəqil jurnalistikaya qarşı dözümsüzlüyün artması tendensiyasıdır.
“Həvəsləndirilmiş avtokratlar getdikcə daha çox qanunun aliliyinə məhəl qoymur və öz güclərini qorumaq üçün beynəlxalq normalara xor baxırlar”, – hesabatda vurğulanır:
“COVID-19 epidemiyasını və iqlim dəyişikliyi kimi məsələləri prioritetləşdirməyə çalışan bir dünyada repressiv hökümətlər insan hüquqlarının pozulmasına demokratik dövlətlərin iqtisadi arenada cavab vermək istəmədiyini açıq şəkildə bilirlər”.
Hesabatda bildirilir ki, bəzi gözlənilməz nəticələr də olub. Belə ki, bir vaxtlar dünyanın ən böyük jurnalist həbsxanası olan Türkiyə, son bir ildə 20 jurnalisti azadlığa buraxdığı üçün CPJ-nin siyahısında altıncı yeri tutub. 18 jurnalist isə hələ də həbsdədir.
CPJ-nin daha əvvəl qeyd etdiyi kimi, 2016-cı ildə uğursuz dövlət çevrilişi cəhdindən sonra Türkiyədə mətbuata təzyiqlər ölkənin əsas mediasını məhv edib və bir çox jurnalistin peşəsini tərk etməsinə səbəb olub. Türkiyədə dövlətin jurnalistlərin məhkəməyə və ya apelyasiyaya qədər şərti olaraq həbs edilməməsinə daha tez-tez yol verməsi həbsdə olan jurnalistlərin sayının azalmasına səbəb olub.
Hesabatda həmçinin qeyd olunub ki, 2021-ci il dekabrın 1-ə qədərdünyada 19 jurnalist peşə fəaliyyətinə görə öldürülüb. 2020-ci ildə isə bu say 22 olub.
Həmçinin cari ildə üç jurnalist münaqişə zonasından reportaj hazırlayarkən, iki nəfər isə etirazlar və küçə toqquşmalarını işıqlandıran zaman qətlə yetirilib.