CPJ: “AbzasMedia”ya hücum hakimiyyətin azad mediaya basqısının nümunəsidir

Jurnalistləri Müdafiə Komitəsi, Mənbə: https://www.humanrightscareers.com/ səhifəsindən screenshot edilib

“Məqsəd anti-korrupsiya xəbərlərini susdurmaqdır”

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini “AbzasMedia”nın direktoru Ülvi Həsənli və saytın baş redaktoru Sevinc Vaqifqızını azad etməyə çağırıb.

Qurumun yaydığı müraciətdə həmçinin, bildirilir ki, noyabrın 20-dən bəri barəsində məlumat olmayan ictimai fəal Məhəmməd Kekalovun harada olduğu açıqlanmalıdır.

Ülvi Həsənli və Sevinc Vaqifqızı noyabrın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs ediliblər. Onlar ölkəyə qanunsuz yolla pul gətirməkdə təqsirli bilinirlər.

Təqsirləri sübuta yetirilərsə, onları Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səkkiz ilədək həbs cəzası gözləyir.

Hər ikisi bu ittihamı rədd edir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Ülvi Həsənli və Sevinc Vaqifqızına verilən həbs-qətimkan tədbiri hakimiyyətin azad mediaya basqısının nümunəsidir. Məqsəd “AbzasMedia”-nın cəsarətli anti-korrupsiya xəbərlərini susdurmaqdır”, – CPJ təmsilçisi Cipsi Güllen Kayzer bildirib.

Əlavə edib ki, Azərbaycan hakimiyyəti Vaqifqızını və Həsənlini dərhal azad etməli, Məhəmməd Kekalovun harada olduğu barədə məlumat verməlidir. Həmçinin “AbzasMedia”ya öz fəaliyyətini davam etdirməyə imkan yaratmalıdır.

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bir gün sonra, noyabrın 21-də isə “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittiham irəli sürülüb.
Hər ikisinin evində, həmçinin “AbzasMedia”nın ofisində axtarış aparılıb. Media qurumun ofisindən 40 min avro tapıldığı iddia edilib.

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov. Foto: Meydan TV

Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

İctimai fəal Məhəmməd Kekalov da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb. İki gündür ki, ondan xəbər yox idi. Noyabrın 22-də Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Meydan TV-yə bildirdi ki, o, polis bölməsindədir, məsuliyyətə cəlb edilib.

Lakin hansı polis bölməsində olması və hansı işlə bağlı məsuliyyətə cəlb edilməsi barədə ətraflı məlumat verməyib.

Başqa beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Ana səhifəSiyasətCPJ: “AbzasMedia”ya hücum hakimiyyətin azad mediaya basqısının nümunəsidir