”Hazırki plan uzun müddət əvvəldən tətbiq olunur, ancaq oyunçular dəyişir”
Türkiyədə baş verənlər, hərbi çevrilişə cəhd deyil, çoxdan oynanan oyunun son səhnəsidir. “Demokratiya qorundu”, “xalq sahib çıxdı” demək sadəcə səthi yanaşmadır. Xalq, lazım olduğu qədər lazımdır, küçədə gövdə göstərisi üçün. Ancaq suriyalılara vətəndaşlıq verilməsi məsələsi xalqdan soruşulmaz.
Əgər TRT-də çevriliş deklarasiyasını oxuyanda çevrilişin rəhbərinin adı çəkilsəydi, onun indi adı çəkilən şəxs olduğu deyilsəydi, qısa araşdırma həmin şəxsin plan daxilində oyunçu olduğunu aydınlaşdıracaqdı.
Siyasi İslam camaatları arasında orduya və Atatürkə anlaşılmaz bir nifrət var. Atatürk haqqında ən ləyaqətsiz ifadələr, hətta qeyri-etik lətifələr danışılır. Bu qərəzin səbəbini soruşduqda isə məntiqli cavab əvəzinə yuxarılardan beyinlərinə doldurulmuş “Dəccal idi”, “Din düşməni idi” kimi “səbəblər” göstərilir.
Hazırki plan uzun müddət əvvəldən tətbiq olunur, ancaq oyunçular dəyişir. Əvvəlcə Amerika, Türkiyəni Orta Şərq planında piyada kimi istifadə etmək məqsədilə ordunu və Atatürkü gözdən salmaq təlimatı verdi (daha əvvəl Amerikaya yaxın ordu solu əzmişdi, demək ki, dünyada siyasi İslamın yüksəlişi və SSRİ-nin dağılması ilə ordunun rolu qalmamışdı), Rifah Partiyasından bir qrupu ayıraraq camaatla ortaq hədəfdə birləşdirdi. Ərdoğan camaatın gücündən istifadə edib ordunu neytrallaşdırdıqdan sonra Amerikanı və camaatı oyundan çıxardı, planı təkbaşına tətbiq etməyə başladı. Orta Şərqlə flörtdən sonra istədiyinə nail ola bilməyəcəyini anladı, İsrail və Rusiya ilə münasibətləri bərpa etdi. Son hadisələrə əvvəlcədən hazırlıqlı idilər, qısa müddətdə ixrac ediləcək minlərlə zabit və hakimin adı açıqlandı.
90-cı illərdən etibarən istiqrarlı şəkildə açıqladığı, görmək istədiyi Türkiyəni artıq yaradıb – “yetişdirəcəyik” dediyi dindar nəsil küçəyə çıxıb, ancaq dinc əhali olaraq yox, mühakiməsiz edam edən, əsgəri soyunduran, şallaqlayan qaragüruh formasında-Türkiyə ordusu üzərində “qələbənin” sevincini yaşayırlar.
İddialı və emosional lider olaraq, istədiyi itaətkar, güc bölgüsü olmayan ölkəyə sahib oldu – ancaq belə görünür ki, bu, sırf özünü təmin etmədir, keçmişi uzun olan qisasçılığın nəticəsdir. Türkiyənin gələcək perspektivi nədir – çox aydın görünmür. Şəxsə tabe olmuş institutlar var, ancaq hədəf yoxdur. Türkiyə respublika olaraq nümunə ola bilərdi, Neo-Osmanlı İmperiyası olaraq nə torpaq zəbt edə bilər, nə də onun dini-siyasi avtoritetini qəbul edərlər. Ayırdedici ulus kimliyi erroziyaya uğrayacaq və qara Şərq ölkələrindən birinə çevriləcək.