”Çox qorxulu məqamlar yaşadım”

Fərhad Yalquzaq
Fərhad Yalquzaq

8 ay meşədə tək yaşamış rəssam: “İşdən çıxdım, paltarlarımı zibilliyə tullayıb, meşəyə yaşamağa getdim…”

Rəssam Fərhad Yalquzaq əsasən özünün bioqrafik “Orman adamı” kitabı ilə tanınır. Təxminən iki il əvvəl, mətbuat bir rəssamın sivil həyatı tərk edib, meşədə tək yaşamaq qərarından yazmağa başladı. Çoxuna bu, piar, reklam kimi görünsə də, Fərhad Yalquzaq, doğrudan da, yüksək gəlirli işini, emalatxanasını tərk edib meşəyə yerləşdi və orada yaşamağa başladı. Səkkiz aydan çox bir zaman keçəndən sonra isə o, özünün “Orman adamı” kitabı ilə şəhərə qayıtdı.

Fərhad Yalquzaq öz qərarının səbəbi, meşə həyatı, insanların ona münasibəti və gələcək planları barədə Meydan TV-yə danışır.


Fərhad, necə oldu ki, birdən sivil dünyadan əl çəkib meşədə yaşamağa qərar verdiniz?

Mən bütün həyatım boyu buna doğru gəlirdim. Öz həyat tərzimdən razı deyildim. Böyük məbləğdə maaş alırdım, amma işimdən də razı deyildim. İllər öncə işimi tərk edib, sərbəst yaşamaq, emalatxanama çəkilib yalnız sənətimlə məşğul olmaq istəmişdim, ancaq o zaman hələ hazır deyildim. Arzumun arxasınca gedə bilmədim, stabil işi, yaxşı vəzifəsi və pulu olan adam üçün birdən-birə bütün bunların üstündən xətt çəkib, hansısa avantürist bir ideyanın arxasınca düşmək asan məsələ deyil. İnsan psixoloji cəhətdən hazır olmalıdır.

Mən də aylarla düşündüm, saysız-hesabsız filmlərə baxdım. Mavi ekranda ormana yollanıb uzun sürə orada yaşayan insanları gördüm. Bu insanlar adətən yaradıcı peşə sahibləri deyil, adi insanlar idi. Sivilizasiyadan bezib özlərini ormanda axtarırdılar. Qıraqdan baxanda bu həyatın dəhşət romantikası var. “Sivilizasiyada” olan zaman adama elə gəlir ki, burada, ormanda haraya ayaq bassan orada səni bir şikar gözləyir. Heç evindən qırağa çıxma, pəncərədən tüfəngini uzat və yaxınlıqdan keçən cüyürü vur. Yaxud beş addımlıqdakı çaya yollan və yarım saatın içində on dənə böyük balıq tut. Ördəklər, qazlar və digər iri, yeməli quşlar az qala gəlib tüfənginin lüləsinə qonur. Mən də belə düşünürdüm. Ancaq reallıq başqa şeyi söyləyirdi ki, onu da mən səkkiz ay dağlarda, ormanlarda tək yaşayarkən gördüm.

Sivil həyatdan qopub meşədə yaşamaq heç kim üçün ağlabatan sayıla bilməz. Ancaq mən hamı kimi düşünə bilmirəm. Hamı kimi yaşamaq istəmirəm. Fərqli bir yolun adamı olduğumu hiss edirdim. Yaşadığımız ölkənin durumu, siyasi, sosial ortam da mənə öz ideyamı həyata keçirmək üçün şərait yaratmış oldu. Uzun illər bu haqda düşünüb yorulmuşdum. Sadəcə öz arzuma doğru addım atdım.


Bu ideyanız ailəniz, dostlarınız tərəfindən necə qarşılandı?

– Heç kim bu ideyanı təqdir etmədi. Heç kim hansı arzularla yaşadığımı bilmirdi. Çünki Azərbaycanda heç kim belə bir addım atmamışdı. Yeni düşüncə, fərqli həyat tərzi orta statistik azərbaycanlı üçün anlam daşıya bilməz. Başqalarının fikri ilə yaşayanlar yeni ideyalara tolerant münasibət bəsləyə bilməzlər. Bizdə insanlar “palaza bürün, el ilə sürün” prinsipilə yaşadıqlarına görə onların yaşadığı həyat tərzindən fərqlənən həyatı seçənləri normal qəbul edə bilməzlər. Hətta ən yaxın dostlarım hərəkətimə haqq qazandırmadılar. “Yaxşı işin, əla maaşın var,bəy, bu, sənə lazımdırmı?” deyənlər çox oldu. Dağlarda təkbaşına yaşaya biləcəyimə demək olar ki, heç kim inanmadı. Ancaq bu, məni narahat etmirdi. Çünki özümə inanırdım.


– Bildiyim qədərilə bu həyata başlamaq üçün emalatxananızı satmısınız və işdən çıxmısınız…

– Emalatxanamı satmadım. Boşanandan sonra emalatxanamı keçmiş həyat yoldaşıma və qızıma vermişdim. Mənə azadlıq lazım idi: bunun üçün hansı xərclərə düşəcəyimi düşünmürdüm. Kirayələdiyim emalatxananı sahibinə qaytardım, 600-ə yaxın kitabımı elan verib dostlara, tanımadığım insanlara payladım, əşyalarımın bir hissəsini rəssam dostumun emalatxanasına qoydum; rəsmlərimin çoxunu hədiyyə etdim; qalan hər şeyi, paltarlarımı, ayaqqabılarımı zibilliyə tullayıb, çıxdım.


– Məhz harada, hansı meşədə və necə yaşayacağınızı necə müəyyən etdiniz və o planı necə qurdunuz?

– Heç bir plan qurmamışdım. Sadəcə olaraq bir meşəyə yollanıb (Qəbələdə uşaq vaxtı gəzdiyim meşələrə yerləşmək istəyirdim) orada balaca bir koma tikmək və tək yaşamaq istəyirdim. Çox avantürist bir arzu idi. Ancaq elə bir insanla tanış oldum ki, bunlara gərək olmadı. O adam öz imkanlarından istifadə edərək və eyni zamanda böyük fədakarlıq göstərərək, mənə istədiyim hər bir şəraiti yaratdı. Yəni mən insanlardan uzaq bir yerdə yaşamaq istəyirdim, – yeni dostum mənim arzumu yerinə yetirdi. Bütün ehtiyaclarımı qarşıladı. Orman həyatı yaşamaq, bu haqda kitab yazmaq istədiyimi biləndə, yeni dostum bütün riskləri göz altına aldı, sona qədər mənəvi olaraq yanımda oldu.


– Orada həyat necə keçdi, ilk günlər nə hiss edirdiniz, texnikadan istifadə edirdinizmi, yaxınlarınızla necə əlaqə saxlayırdınız?

– İlk üç gün ən ağır günlər idi. Qırx iki il şəhərdə yaşayıb, sonra təkbaşına meşədə qalan adamı düşünün. Çox qorxulu anlar yaşadım. Ən çox da gecələr qorxurdum. Hansısa bir vəhşi heyvanın hücumuna məruz qalsaydım, yetişən olmayacaqdı. Gecələr otağın qapısını içəridən bağlayırdım. Balaca bir hənirti duyan kimi tüklərim biz-biz olurdu. Hətta bir bəhanə uydurub geri qayıtmaq haqqında düşünməyə başlamışdım. Ancaq dözdüm. Özümlə çarpışdım və sonda zəifliklərimə qalib gələ bildim. Üç gündən sonra sadəcə olaraq yazılarıma baş vurdum. Hər gün ən azı altı, yeddi saat yazı masasının arxasında otururdum. Azadlığın xoşbəxtliyini hiss etməyə başladım. İnsan tamamilə tək, sivilizasiyadan çox uzaq qaldığı məqamda necə xoşbəxt ola bilər? Yalnız yaradıcılığı sayəsində. Orada, dağın başında, vəhşi heyvaların əhatəsində heç bir işlə məşğul olmasan, iki həftədən sonra dəli olmağın labüddür. Mən yaşadığım ortamla harmoniya yarada bildim və yaşadığım hər saniyədən zövq almağa başladım.

Orada balaca bir generatorum vardı. Gecələ onu işə salıb iki-üç saat işlədirdim, bilgisayarımı və telefonumu doldururdum. Telefon dalğanı tuturdu. Hətta internetə də girmək mümkün idi. Arada şəhərdə qalan doğmalarımla, dostlarımla əlaqə saxlayırdım. Hətta bir internet saytına oradan telefonla müsahibə də vermişdim. Ancaq çox zaman telefonumu bağlı saxlayırdım. Vaxtımı daha çox yazı masası arxasında keçirirdim. İşdən yorulanda isə ağacımı əlimə alıb ormanlarda dolaşırdım.


– Hazırda bu həyata davam edirsinizmi?

– Davam etmirəm, ancaq yenə də firkim-zikrim oralardadır. Yenə də dağlara çəkilib yazı-pozu işinə dalmaq istəyirəm. Səkkiz ayda yaşadığım o gözəl anları həyatıma yenidən qatyarmaq istəyirəm. Bunun üçün qarşımda demək olar ki, heç bir maneə yoxdur. Ancaq hələ tam hazır deyiləm. Yeni romanın materialını hələ toplaya bilməmişəm. “Orman adamı”nın beşinci hissəsini də yazmağa tam hazır deyiləm. Bir də ki, indi yeni bir ideyanı həyata keçirməyə hazırlaşıram. Türkiyəli bir dostumla birlikdə motosikletlərlə dünya səyahətinə çıxmağa hazırlaşırıq. Maddi məsələləri həll etməyə çalışırıq. Hər şey qaydasında getsə, bu ilin yayında o səyahətə çıxacağıq. Və təbii ki, o səyahət də boşuna getməyəcək.


– Orman həyatı sizə nələri öyrətdi?

– Hər şeydən öncə pozitivliyi öyrətdi. Yəni, həyatında nələrin baş verməsindən asılı olmayaraq, heç vaxt tövrünü pozmayacaqsan. Pozitiv insan xoşbəxt insandır. Mən həyata daha nikbin baxmağı öyrəndim. Depressiv cəmiyyətdə yaşayan insan üçün bu, çox önəmlidir.

Ormandan qayıdandan sonra bir müddət havalı kimi gəzdim. Şəhər həyatının səs-küyünə, süniliyinə yenidən öyrəşmək çox çətin oldu. Ancaq insan hər şeyə alışır. İnsan özü-özünə qadağalar qoya bilir. Sevmədiyi bir şeyə dözə bilir. Mənim xarakterim dağlarda bir az aşılanmışdı. İndi ətrafımda baş verənlərə yumor hissilə, hətta ironik yanaşa bilirəm.


– Yaxınlarınızdan geri gəlməyinizi istəyən oldumu?

– Yaxınlarım ancaq elə bu haqda danışırdılar. “Bəsdir heyvan kimi meşələrdə qaldın, artıq geri qayıtmağın vaxtıdır” deyirdilər. Məni orada vəhşi heyvanların parçalayacağından qorxurdular. Bir neçə dəfə belə təhlükəyə məruz qaldım, ancaq bu, məni qorxutmadı. Çünki mən çağırılmamış qonaq kimi onların evinə girmişdim. Parçalaya bilərdilər. Parçalamadılar. Heyvanlar bəzən daha hümanistdirlər. Bizə qarşı tolerant ola bilirlər. Sadəcə onlara qarşı sayğıyla davranmaq lazımdır.

Mənim bir ayının hücumuna məruz qaldığımı eşidəndən sonra şəhərə qayıtmağımı təkid edənlərin sayı çoxaldı. Bacım zəng edib ağladı. Ancaq mən o zaman hələ heç bir ay deyildi ki, dağlardaydım. Kitabın heç birinci hissəsini də yazıb tamamlamamışdım. Və təbii ki, qayıtmadım. Yalnız bütün dörd cildi tamamlayandan sonra geri qayıtmaq haqqında düşünməyə başladım. Hətta şəhərə gəlib bir müddət qaldım. Ancaq yenə də geri, dağlara döndüm və bu dəfə orada rəngli boyalarla işlədim. Dostum mənə kətan, boyalar, fırçalar alıb gətirdi. Çoxlu (200-ə yaxın) qrafik əsər işlədim. Otuza yaxın kətanı rənglə doldurdum. Və geri qayıdıb romanı çapa hazırlamağa başladım.

Artıq doqquz aydır ki, Bakıdayam. Kitabın ilk iki cildini dostlarımın yardımı ilə çap etdirmişəm. Qalan iki cildi çap etdirməyə hələ ki, imkanım yoxdur. Ancaq gələcəyə nikbin baxıram.

Ana səhifəVideo”Çox qorxulu məqamlar yaşadım”