Xalq bankla üzbəüz binada yaşayan sakinlər deyir ki, partlayışın miqyası böyük olub. 8-ci mərtəbədə yaşayanların da şüşələri qırılıb. Partlayış nəticəsində 5 avtomobilə ziyan dəyib. Sakinlərin bəzisi ehtimal edir ki, partlayış qaz sızmasından baş verib. Digərləri partlayışın səbəbini binanın metronun üzərində yerləşməsi ilə əlaqələndirib.
FHN-in işçiləri hadisənin səbəbinin araşdırıldığını bildirir.
Hadisənin şahidi olan Gülxaz Nuriyevanın sözlərinə görə, partlayış nəticəsində, ayaqları zədələnib. Bir nəfərin isə qulaqları tutulub:
“İçəridə meyvə düzürdüm, gördüm ki, elə bil göydən bomba düşdü. Necə dükandan çölə çıxmışam, heç bilmirəm. Nəyə görə baş verdiyini başa düşə bilmədim. Bayaqdan 4 dəfə iynə vurublar mənə, güclə özümə gəlmişəm.”