COVİD 19-la mübarizə aparan həkimlər yenə narazıdır

Narazılıqlardan biri də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlıdır.

Source: Архив


Həkimlər deyir ki, əlavə əməkhaqları düz hesablanmır, virusa yoluxmuş tibb işçiləri üçün şərait yaradılmır

Koronaviruslu xəstələri müalicə edən tibb işçilərinin bir qismi əməkhaqlarının hesablanmasından narazı qalıb. Onların sözlərinə görə, Prezident İlham Əliyevin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 18 mart, 2020-ci il tarixli Sərəncamı və Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarı ilə ödənilən əlavələrin hesablanması düzgün aparılmayıb.

Meydan TV-yə müraciət edən tibb işçilərinin sözlərinə görə, eyni xəstəxanada, eyni rejimdə çalışan tibb işçilərinə ödənilən əlavələr arasinda 300 manatdan 800 manatadək fərq olub. Adlarının açıqlanmasını istəməyən şikayətçilər deyir ki, məsələn, eyni xəstəxanada çalışanlardan biri 2000 manat alıb, digərinə 1290 manat ödənilib. Həkimlərdən biri deyib ki, 1 saylı Klinik Tibbi Mərkəzdə cərrah işləyir:

“Maraqlı burasındadır ki, narazılıq edənlərin əlavələri yenidən hesablanır, qalan məbləğ ödənilir. 8 saat zülümlə işləyirik, cərrahların işi daha çətindir. Saatlarla hava keçirməyən xüsusi geyimlərin üstündən bir də əlavə əməliyyat paltarı geyinirik. Prezident sərəncam verib, niyə yerinə yetirmirlər, əlavələri düzgün hesablamırlar?”

İşdən çıxarılma qorxusu ilə adının açıqlanmasını istəməyən tibb bacısı isə söyləyib ki, 370 maaş alır, 670 manat da əlavə ödənilib. Amma onunla işləyən və eyni maaşı alan digər tibb bacısına 900 manat əlavə yazılıb.

Tibb işçiləri deyiblər ki, onlar işlədikləri müddətdə kirayə ev tutub qalırlar, çünki ailə üzvlərini yoluxdurmaqdan ehtiyat edirlər.

Tibb bacısı Gülnarə Əliyeva bildirib ki, pandemiyanın ilk günlərində həkimlərin iş müddətində qalması üçün şərait yaradıblar. Amma indi onlar Atletlər Kəndinə getməkdən imtina edirlər: “Deyirlər otellər doludur, Atletlər Kəndində isə qalmaq istəmirik. Tullantılar vaxtı-vaxtında daşınmır, otaqlar təmizlənmir. Bilmirik toz-torpağı təmizləyək, ya dincələk. Demək olar ki, əksəriyyət kirayədə qalır”.

Nazirlər Kabinetinin qərarına əsasən, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin, eləcə də Qiida Təhlükəsizliyi İnstitutunun işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində əlavələr ödənilməlidir.

Prezidentin sərəncamı ilə bu işi Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə həll etməli idi.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi şikayətlə razılaşmır. Qurumdan bildirilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, tibb işçilərinə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunduğu iş günlərinə mütənasib olaraq müddətli əlavələr ödənilir.

Bu, həkimlərin ilk narazılığı deyil. Bundan öncə də tibb işçiləri əməkhaqlarının düzgün hesablanmadığını deyirdilər. Həmin vaxt Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Meydan TV-yə https://www.meydan.tv/az/article/koronavirus-dovrunde-artan-emek-haqqini-ala-bilmirik/ demişdi ki, maaş artımı hamıya yox, sırf koronavirusla işləyən həkimlərə şamil olunur. O da çalışdıqları günlərə uyğun yazılır: “Bütün aya şamil edilmir. Bəlkə kimsə adını yazdırır ki, mən koronavirusla işləyəcəm, ancaq sonra işə çıxmır. Ona görə də yalnız çalışdığı günlərin pulu 3 və ya 5 mislinə vurulur. Bəlkə də bunu bilmədikləri üçün bütün aya şamil olunduğunu düşünürlər və hesablayanda artıq gəlir, ancaq reallıqda sadəcə çalışdıqları günlərin əmək haqqı artımla verilir. Ona görə narazılıq edirlər. Hesablanma qaydasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi daha yaxşı bilir”.

Narazılıqlardan biri də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlıdır. Tibb işçilərinin müalicəsi üçün ayrıca xəstəxana, ən pis halda şöbə ayrılması təklif olunur. “Az qala hər həftə bir həmkarımızı itiririk. Tibb işçilərinin müalicəsi dövlətin nəzarətində olmalıdır”,-həkimlərdən biri söyləyib.

Son günlər sosial şəbəkələrdə də bununla bağlı müraciətlər artıb. Məsələn, həkim Şəlalə Həsənova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək COVİD-19-a yoluxmuş həkim və orta tibb işçilərinin müalicəsini nəzarətə götürməsini xahiş edib. “Pandemiya vaxtı bir həkim ölümü yüz nəfər insan ölümü deməkdir. Belə getsə, xalqımızı müalicə edən həkim qalmayacaq. Sosial şəbəkələr, jurnalist dostlarımız sayəsində bir-ikisinin ECMO-ya qoşulmasına nail olsaq da, digərlərini qurtara bilmədik. Hər gün həkim ölümü xəbərləri artıq hər kəsdə ruh düşgünlüyü yaratmaqla yanaşı, ön cəbhədən də çəkindirir. 30 həkim yoldaşımızı artıq itirmişik…. 10 milyon əhalisi olan ölkə üçün pandemiya vaxtı 400 ölümdən 35-nin həkim ölümü olması heç də ürəkaçan statistika deyil. Onsuz da həkim və tibb bacıları çatışmazlığı var ölkəmizdə. Sürətlə ön cəbhədə olan həkimləri itiririk. Bir ağır həkimi yerləşdirmək üçün digər həkim yoldaşlar 20 nəfərə zəng edir, məsul şəxs tapır… Xahiş edirik, həkimlər, tibb bacıları, orta və kiçik tibb işçiləri üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxana ayrılmasına göstəriş verəsiz. Xahiş edirik, özəl və ya dövlət müəssisələrindən birinin bu xidmət üçün ayrılmasına sərəncam verəsiz. İnsan həyatı dinindən, irqindən, cinsindən, yaşından asılı olmayaraq eynidir. Lakin pandemiya vaxtı həkimin yerləşdirilə bilməməsi, ECMO-ya qoşula bilməməsi bir ölkə üçün faciədir… Bir artist, müğənni ağır vəziyyətdə olanda bütün aidiyyatı qurumlar ayağa qalxır. Həkim ölümü isə heç nə olub… Mehriban xanım, xahiş edirik, ümumiyyətlə, ölkədə pandemiya və səhiyyə sisteminə nəzarəti öz üzərinizə götürün. İnanıram ki, dərhal müsbət nəticələri və islahatları görəcəyik”,- həkim yazıb.

Onun müraciətinə digər həmkarları da dəstək veriblər.

Ana səhifəSosialCOVİD 19-la mübarizə aparan həkimlər yenə narazıdır