ÜST-ün “Mythbusters”lərlə bağlı siyahısı var
“Nədənsə insanlarımız koronavirusun müalicəsində mütləq “sistem köçürmək” lazım gəldiyini düşünür. Bu, yanlışdır”.
Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova belə deyir.
“Mythbusters”lər kimlərdir?
Koronavirus 2019-cu ilin sonu Çində yaranıb dünyaya yayılan bir virusdur.
Həkim bildirir ki, virusunun müalicəsi və önlənməsi ilə bağlı bütün cəmiyyətlərdə insanların doğru bildiyi yanlışlıqlar var. Onlar belə insanlara – “Mythbusters” (red: doğru olmayan bilgi uyduran, ətrafını buna inandıran) deyirlər.
Metil spirti içib ölən 8 nəfər
Məsələn, virusun Azərbaycanda yayıldığı ilk zamanlarda 13 nəfər metil spirtindən
zəhərlənmişdi
. Onlardan 8 nəfərinin həyatını xilas etmək mümkün olmamışdı. Oxşar hal İran İslam Respublikasında da baş vermişdi. İnsanlar bu məhlulu içməklə koronavirusdan qorunacaqlarını düşünmüşdülər.
Eyni zamanda, həkimin bir xəstəyə təyin etdiyi müalicənin başqaları tərəfindən təkrarlanması halına da az rast gəlinmir.
Virusun müalicəsi ilə bağlı təhlükəli, amma cəmiyyətdə doğru bilinən daha hansı yanlışlıqlar var?
Turanə Rəsulova deyir ki, COVID-19 pandemiyası başlanandan bəri dünya səhiyyəsi virusla bərabər yanlış inanışlarla da mübarizəyə başlamalı olub. Bunlara spirtli içkilərin virusdan qoruduğundan tutmuş, soyuq və ya isti havanın, antibiotiklərin koronavirusu öldürdüyünə, 5G mobil rabitə vasitəsilə virusun yayılmağına qədər müxtəlif yanlış inanışları misal göstərmək olar:
“Müşahidələrimə əsasən, ölkəmizdəki yanlış inanışlar bir qədər fərqlidir. Məsələn, qusma və ishal kimi hallar olmadığı, dərmanın ağızdan qəbulunda hər hansı çətinlik yaşanmadığı halda, “sistem köçürürlər”. Halbuki ağırlaşmamış koronavirus xəstəsinin müalicəsində damardaxili preparat yeritməyə ehtiyac yoxdur. Evdə müalicə alan xəstələrə köçürülən “sistemlər”in reseptinə baxıram, bir çox halda qorxunc və gərəksiz, hətta zərərlidir”.
“Düşünürlər ki, xəstəxanaya yerləşdirilənlərin aqibəti yaxşı olmur”
Həkim bildirir ki, cəmiyyətdə xəstəxanaya yerləşməkdən qorxma halı da var. Nədənsə insanlar düşünür ki, xəstəxanaya yerləşdirilənlərin aqibəti yaxşı olmur:
“Halbuki, məsələ xəstəxanaya getməklə bağlı deyil, gec getməklə bağlıdır. COVID-in ağırlaşmasında xəstəxana şərtlərində erkən müdaxilə həddən artıq önəmlidir. Burada saatlardan da yox, dəqiqələrdən söhbət gedir və itirilən zaman, gec müraciət, səhlənkar yanaşma ağır nəticələrə səbəb olur”.
“Qələbəyə aparan tək yol kütləvi vaksinasiyadan keçir”
Bu gün üçün ən önəmli məsələnin vaksinasiya olduğunu deyən həkim bildirir ki, əhalinin vaksinlərlə bağlı mövqeyi də birmənalı deyil. Ancaq mən bu sahədə çalışan biri kimi deyə bilərəm ki, pandemiya ilə mübarizədə yeganə qələbəyə aparan yol kütləvi vaksinasiyadan keçir:
“Üstəlik, vaksinlər uzun illər vücudumuzda qalmır ki, sonradan hansısa problem yarada bilsin. Qanımıza keçir, immunitet yaradır və təmizlənir. Əhalisinin böyük əksəriyyətini vaksinasiya edən İzrail artıq açıq havada maska yasağını da ləğv edib. Vaksinasiya ilə bağlı miflərə inanmamaq, özümüzü və yaxınlarımızı qorumaq üçün bu prosesdə aktiv iştirak etmək lazımdır”.
ÜST-ün saytında “Mythbusters” bölümü
“Mythbusters”lər – başqa sözlə, virusla bağlı doğru olmayan müalicə yöntəmləri məsləhət görənlərə deyilir.
Dünya Səhiyyə Təşkilatının rəsmi səhifəsində həmin şəxslərlə bağlı ayrıca
bölüm
var.
Burada insanların suallarını bu sahənin mütəxəssisləri cavablayır. ÜST bildirir ki, virus dünyada yayılmağa başlayandan bu barədə məlumatların çoxluğu problemi ilə qarşılaşıblar. Həmin məlumatların əksəriyyəti zərərli nəticələri ola biləcək yalanlardır:
“Qeyri-dəqiq məlumatlar geniş və sürətlə yayılır. Nəticədə, insanlar yerli səhiyyə orqanı və ya bizim tərəfimizdən təsdiqlənmiş faktları və tövsiyələri müəyyənləşdirməkdə çətinlik çəkir”, – ÜST bildirir.
Əhali arasında yayılan yanlış bilgilər ÜST-ün siyahısında:
-
İnsanlar inanırlar ki, 5G mobil şəbəkələrinin olduğu yerlərdən uzaq durmaq virusdan qoruyur. Mütəxəssislər hesab edirlər ki, viruslar radio dalğalarında/mobil şəbəkələrdə səyahət edə bilmir. Üstəlik, COVID-19 5G mobil şəbəkəsi olmayan bir çox ölkələrdə də yayılıb.
-
Əhali arasında yayılan və inanılan daha bir şey də termal kameralarla bağlıdır. Guya bu sistem COVID-19 virusunu aşkar edə bilir. ÜST mütəxəssisləri bildirir ki, termal skanerlər hərarətli olan (yəni bədən istiliyi normadan yüksək) insanları aşkarlaya bilir, ancaq hər hansı yoluxmanın olub-olmadığını müəyyənləşdirə bilmir. İnsanlar yoluxub-yoluxmadıqlarını yalnız test verməklə dəqiq bilə bilərlər.
-
Daha bir inanc isə isti duş qəbulu ilə bağlıdır. Bunun virusun qarşısını aldığı düşünülür. ÜST mütəxəssisləri isə bildirirlər ki, bu, doğru addım deyil. Son dərəcə isti su ilə vanna qəbul etmək insanı sadəcə yandıra bilər.
-
Pandemiyanın ilk günlərində insanlar ictimai yerlərə gedərkən plastik əlcəklərdən istifadə edirdilər. Bunun daha təhlükəsiz olduğunu düşünürdülər. Mütəxəssislər isə deyirlər ki, əlcək geyinmək mikrobların bir səthdən digərinə köçürülməsinə kömək edir. Əlcəyi çıxararkən isə əllər həmin mikroblarla çirklənə bilər. Bir sözlə, əlcək geyinmək əlləri təmiz saxlamağa kömək etmir. Səhiyyə işçiləri belə yalnız xüsusi işlər üçün əlcək geyinirlər.
-
Virus yayılandan insanlar yoxlanmadan bir sıra vitaminlərdən istifadə etməyə başladı. ÜST bildirir ki, vitamin və mineral əlavələr COVID-19-u müalicə etmir. Amma D, C vitaminləri və sink kimi mikroelementlər, yaxşı işləyən bir immunitet sistemi və sağlamlıq üçün vacibdir. COVID-19 müalicəsində mikroelement əlavələrinin istifadəsinə dair hər hansı bir məlumat yoxdur.
-
Daha bir inanc sarımsaq yeməklə bağlıdır. İnsanlar düşünürlər ki, sarımsaq yemək koronavirusa yoluxmanın qarşısını alır. ÜST mütəxəssisləri isə deyirlər ki, bəli, sarımsaq bəzi antimikrobial xüsusiyyətlərə malik, sağlam qidadır. Ancaq sarımsaq yeməyin insanları yeni koronavirusdan qoruduğuna dair bir dəlil yoxdur.
-
Eləcə də isti hava, iqlim inancı. İnsanlar düşünür ki, virus isti və nəmli iqlimlərdə çox yayılır. Mütəxəssislər isə bildirirlər ki, koronavirusdan qorunmağın ən yaxşı yolu başqalarından ən azı 1 metr məsafə saxlamaq və əlləri tez-tez yumaqdır.
-
Xüsusən azərbaycanlıların inandığı bir şey də virusun müalicəsində antibiotiklərdən istifadədir. Hətta virusa yoluxmayan insanlar da özlərinə “sistem” köçürdür və bu məhlulun içinə antibiotik də əlavə etdirirlər. ÜST mütəxəssisləri isə bildirirlər ki, COVID-19 bakteriya deyil, buna görə də antibiotiklər ona qarşı təsirsizdir. Antibiotik bir insana yalnız və yalnız həkim tərəfindən tövsiyə edilə bilər.
-
İnsanlar arasında yayılan daha bir inanc virusun ağcaqanad dişləməsi ilə keçməsi ilə bağlıdır. ÜST bunun mif olduğunu söyləyir. Deyir, bugünədək yeni koronavirusun ağcaqanadlar vasitəsilə yoluxa biləcəyinə dair bir məlumat və ya dəlil tapılmayıb. Koronavirus yoluxmuş birinin öskürdüyü, asqırdığı zaman əmələ gələn tüpürcək damlalarının tənəffüsü zamanı yayılır.
Cəmiyyətdə koronavirusun müalicəsi və önlənməsi ilə bağlı doğru bilinən yanlışlar çoxdur. Bunlar bir qismi və ən yayğın olanlarıdır. ÜST bildirir ki, COVID-19-dan qorumağın ən yaxşı yolu əlləri tez-tez yumaqdır. Bunu etməklə əllərdə ola biləcək viruslar təmizlənir, onların toxunma zamanı gözlərə, ağız və buruna keçməsinin qarşısı alınır.
Müalicəyə gəlincə, bunu yalnız həkim müəyyən edə bilər, özbaşına hərəkət etmək olmaz.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək 332 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 min 677-si sağalıb, 4 min 877-si vəfat edib. Ən son açıqlanan statistik məlumata görə, hazırda 6 min 340 nəfər aktiv xəstə var.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.