Çovdarovun vəkili: Müvəkkilimin hüququ pozulur

”Tibbi müalicə və müayinə təqsirləndirilən şəxsin hüququdur”

Source:


”Tibbi müalicə və müayinə təqsirləndirilən şəxsin hüququdur”

Martın 27-də Sabunçu rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi, general Akif Çovdarov və nazirliyin digər əməkdaşlarının məhkəməsi davam edib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclas açıq keçirilib, ancaq jurnalistlər prosesə buraxılmayıb.

İclasdan sonra A. Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlama verib. Bildirib ki, prosesdə müdafiə etdiyi şəxsin holter aparatı vasitəsilə müayinə edilməsini istəyib. Bununla bağlı vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib:

“Hakim bu məsələnin onların yox, Ədliyyə Tibb Baş İdarəsinin səlahiyyətində olduğunu dedi. Akif Çovdarovun hüquqları pozulur. Biz bununla bağlı bir neçə dəfə vəsatət vermişik. Tibb Baş İdarəsinə müraciət etmişik. İdarədən məhkəmə qərarı olmadan müayinə edə bilməyəcəklərini deyiblər. Məhkəmə isə əksini deyir. Akif Çovdarov aclıq aksiyası keçirən zaman Tibb Baş İdarəsi onu müayinə etmək istəyirdi. Lakin həmin vaxt Akif Çovdarov ac olduğu üçün müayinə nəticələrinin düzgün olmayacağını dedi və imtina etdi. İndi biz idarədən müayinə keçirilməsini istəyirik. Bir neçə ay ərzində qanunvericilikdə nəsə dəyişməyib axı. Tibbi müalicə və müayinə təqsirləndirilən şəxsin hüququdur. Lakin müvəkkilimin bu hüququ pozulur”.

Daha sonra iclasda zərərçəkmiş şəxslərdən “Azərtikinti ATF” şirkətinin rəhbəri Azər Quliyevin epizodu üzrə iki nəfər şahid ifadə verib. A. Quliyev bir neçə il əvvəl öldüyü üçün onun hüquqlarını məhkəmədə həyat yoldaşı müdafiə edir.

MTN əməkdaşı olmuş Əziz Əzizov ifadəsində Səlim Məmmədovun göstərişi ilə “Azərtikinti ATF” şirkətində olduğunu deyib.

Şahid Tağıyev Vilayət Əli oğlu isə Fövqəladə Hallar Nazirliyinin Ekspertiza İdarəsinin Smeta Şöbəsinin müdiri vəzifəsində çalışdığını söyləyib.

Bu epizod üzrə heç nə bilmədiyini deyən Vilayət Tağıyev zərərçəkmiş kimi tanınan mərhum Azər Quliyevin bir dəfə adını eşitdiyini bildirib:

“Sinif yoldaşım olmuş İsfəndiyar (red: “Şərur İnşaat” tikinti şirkətinin rəhbəri, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovu nəzərdə tutur) məndən tikinti sahələrindəki işlərlə tanış olmağımı, prosesə nəzarət etməyimi xahiş edib. Həmin ərəfədə də Azər Quliyevin tikinti sahəsində çalışdığını eşitmişəm”.

Məhkəmə iclası martın 29-da davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlərÇovdarovun vəkili: Müvəkkilimin hüququ pozulur