Əziz Seyidov onun məhkəməsinə jurnalistləri buraxmayıb
Keçmiş MTN generalı Akif Çovdarov bəraət almaq istəyir. O, bunun üçün Ali Məhkəməyə kasasiya şikayət verib.
MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik İdarəsinə rəhbərlik etmiş A.Çovdarovun vəkili Kamandar Nəsibov şikayətində Bakı Hərbi Məhkəməsinin hökmünün ləğv olunmasını istəyib. Hökmə əsasən, A.Çovdarov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrumetmə ağır nəticələrə səbəb olduqda), 179.3.1 və 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 182.3.1 və 182.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə), 302.2 (gizli qaydada informasiya almaq üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozma) 311 (rüşvət alma) və başqa maddələrlə təqsirli bilinib, 12 il azadlıqdan məhrum edilib.
Mayın 30-da Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyilə kasasiya şikayətinə baxılıb. Məhkəmədə A.Çovdarov özü iştirak etməyib, vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov onun hüquqlarını müdafiə edib.
Hakim Əziz Seyidov jurnalistlərin də iştirakına icazə verməyib və onları zaldan çıxarıb.
Məhkəmə iclası da qısa çəkib, hakimlər aprel ayında Ali Məhkəməyə daxil olmuş cinayət işinin materialları ilə tanış olmadıqlarını əsas gətirərək, prosesi təxirə salıblar. Növbəti məhkəmə iyunun 27-nə yətin edilib.
Bir müddət öncə Ali Məhkəmənin sədri Ramiz Rzayev keçirdiyi mətbuat konfransında hüquqi baxımdan açıq məhkəmə proseslərini hakimlərin öz istəkləri ilə qapalı keçirməsi, jurnalistlərin iştirakına əngəllər yaradılması barədə iradlara cavab olaraq, bu halların yolverilməz olduğunu söyləmişdi. Bildirmişdi ki, açıq məhkəmə iclaslarında hər kəs iştirak edə bilər. Bu pozuntuya yol verən hakimlərə də xəbərdarlıq edilmişdi.
Ali Məhkəmə bir qayda olaraq, işlərin mahiyyətini, faktiki hallarını araşdırmır. Bu instansiya aşağı instansiya məhkəmələrində işə baxılarkən cinayət-prosessual qanunverciliyin tələblərinə nə dərəcədə əməl olunmasını araşdırır. A.Çovdarov və onun tabeliyində işləmiş üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işinə mahiyyəti üzrə baxılanda da proses qapalı keçirilməmişdi. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov yalnız MTN-də əməliyyatlara, agentlərə ayrılan vəsaitlərin mənimsənilməsi, əməkdaşlığa cəlb olunan şəxslər və bu kimi məsələləri araşdıranda bir neçə iclas qapalı keçirilmişdi.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov isə 4 il azadlıqdan məhrum ediliblər. A.Əliyev mayın əvvəlində azadlığa buraxılıb. Ali Məhkəmə onun cəzasını 5 ildən 3 il 6 aya endirmişdi.
A.Çovdarov bundan əvvəl bir dəfə Ali Məhkəməyə şikayət etsə də, sonradan onu geri götürmüşdü. Bu, sabiq MTN generalının ikinci şikayətidir.