”Çörəyin qiymətinin artımı siyasi rəhbərliklə razılaşdırılır”

”Çörəyin çəkisinin orta hesabla 500 qramdan götürsək bir kisə undan 100 çörək alınır. Çörəyin qiyməti 25 qəpiyə düşür”

Source:
foto sosial şəbəkə


”Çörəyin çəkisinin orta hesabla 500 qramdan götürsək bir kisə undan 100 çörək alınır. Çörəyin qiyməti 25 qəpiyə düşür”


Azərbaycanda bir neçə həftədir elektrik enerjisinin və mavi yanacağın qiyməti artırılıb. Çörək və çörək məmulatları bişirən sexlərin əksəriyyəti elektrik enerjisi və mavi yanacaqla işləyir.

Bu barədə yazan “Turan” İA “Belə olan halda çörəyin qiymətinin artırılmasına zərurət varmı” deyə sual edir.

Agentlik insanların bu sual ətrafında düşündüklərini qeyd edərək yazır ki, 2016- cı ilin ortalarında çörəyin qiyməti 25 faiz artırılaraq orta hesabla 40 qəpikdən 50 qəpiyə qaldırılıb.



Azərbaycanın taxıl ehtiyyatı

Dövlət rəsmilərinin verdiyi məlumata görə hazırda ölkənin taxıl ehtiyyatı kifayət qədərdir. Konkret olaraq, kənd təsərrüfatı nazirinin müavini Ilham Quliyev bildirib ki, 2016-cı ildə Azərbaycanda 2 milyon 820 min ton taxıl istehsal olunub. Bu göstəricinin ötən illə müqayisədə 2 faiz çox olduğu qeyd olunur:

“Eyni zamanda bu il 1 milyon 844 min ton buğda istehsal edilib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 10 faiz çoxdur”.

Dövlət Gömrük Komitəsinin 2016- ci ildə ölkəyə idxal olunan taxıl, xüsusilə də ərzaq buğdası ilə bağlı açıqladığı statistikada qeyd olunur ki, ölkəyə idxal olunan taxılın həcmi artıb və 1,6 mln. ton təşkil edib. Rəsmi məlumatlara görə Azərbaycanda əhalinin ərzaq buğdasına olan tələbatı 1,7 milyon tondur. Bəs 3 milyon tona yaxın taxıl istehsal olunduğu halda xaricdən taxıl alınmasına ehtiyac varmı? Yerli istehsal təlabatın neçə faizini ödəyə bilir? Yerli buğdanın keyfiyyəti necədir?



“Təlabatın 70 faizini ödəyə bilirik”

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov hazırda taxıla olan təlabatın 70 faizi yerli istehsal hesabına ödənildiyini deyir: “Bu il buğda istehsalının artdığını nəzərə alsaq, deməli faiz nisbətən yüksələcək”.

foto sosial şəbəkə

Şöbə müdiri qeyd edir ki, taxıl istehsalı ilə bağlı proqnoz özünü tam doğruldub.

“Bu il 962 min hektara yaxın ərazidə taxıl əkilib. Avqustun 1-dək 2,8 milyon tondan artıq taxıl biçilib. 2015-ci il üçün 540 min hektar ərazidə buğda əkilmişdisə, bu il üçün əkin sahəsi 586 min hektara çatdırılıb. Buğda biçini 98,4 faiz yerinə yetirilib. Ötən il 1,7 milyon ton buğda yığılıb. Bu il buğda istehsalı 1,8 milyon ton olub. Bu il buğda istehsalı ötən ilə nisbətən 100 min ton çoxdur”,

Şöbə müdirinin açıqlamasına inansaq, deməli, təlabatın yalnız 30 faizi idxal hesabına ödənilir. Bəs, ölkəyə nə qədər taxıl idxal olunur?



İdxaldan asılılıq

Agentlik ekspertlərə istinadən yazır ki, taxıl idxalının həcmi (1,6 mln. ton) Azərbaycanda ərzaq təhlükəsizliyi siyasətinin acınacaqlı olduğunu göstərir. Ölkə müstəqillik əldə etdiyi vaxtdan demək olar ki, buğdadan 100 faiz asılı qalır. Praktik olaraq ərzaq buğdası istehsal edilmir. Strateji ehtiyatlar 100 faiz idxaldan asılıdır. Halbuki, Kənd Təsərrüfatı Nazirliyi hər il 2 mln. tondan çox taxıl istehsal edildiyini bildirir. Taxıl istehsalına çoxmilyonlu subsidiyalar ayrılır. Əgər ölkə real olaraq öz taxılını istehsal etsəydi qiymətlər aşağı olardı.

Statistikaya görə, Azərbaycanda çörək-bulka məmulatlarına tələbat ildə bir adama 140 kq. çörəklə ölçülür. 9 mln. əhalinin tələbatının ödənilməsi üçün 900 min ton taxıl lazım gəlir. Ancaq sirr deyil ki, Azərbaycanın əhalisi mühacirətin hesabına azalıb. Mühacirət edənlərin sayının 2,5-3,5 mln. arasında olduğu bildirilir. Hətta ölkədə real olaraq 7 mln. nəfər yaşayırsa, tələbat 700 min ton olmalıdır. Deməli, ölkəyə 1,6 mln. ton yox, 700 min ton taxıl gətirilməlidir.



İri istehsal müəssisələrinin xammal kimi istifadə etdiyi buğda…

Məlum olur ki, iri un istehsalçıları həm yerli, həm də idxal olunan buğdalardan istifadə edirlər. Məsələn, “Karmen” MMC Rusiyadan idxal olunan buğdalara üstünlük verir. “Biz yerli buğda alırıq, amma daha çox Rusiyadan gətirilən buğdadan istifadə edirik”, müəssisədən sorğumuza belə cavab verirlər. “İl ərzində istifadə olunan buğdanın neçə faizi yerli istehsalın payına düşür” sualına müəssisədən “daha çox Rusiya buğdaları ilə işləyirik” deməklə kifayətləniblər. “Xırman” firmasından isə yalnız keyfiyyətli buğdaya üstünlük verirdiyini deməklə suallara cavab vermək istəməyiblər.



Bəs Dövlət Taxıl Fondu nə deyir?

Dövlət Taxıl Fondu yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 manat olmaqla taxıl alır. Amma taxılın keyfiyyət göstəricilər tələb olunan norma daxilində olmalıdır.

foto sosial şəbəkə

Belə ki, Nazirlər Kabinetinin 7 iyul, 2009-cu il tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda alınır.

Azərbaycanda əsasən şoranlaşmış ərazilərdə yetişdirilən buğdanın göstəriciləri normativlərə uyğun gəlmir. Mütəxəssislər isə iddia edirlər ki, artıq 500 min hektar sahədə şoranlama müşahidə edilir. Buna görə də ehtiyat kimi əsasən idxal buğdalara üstünlük verilir. 2010-cu ildə taxıl elevatoru istifadəyə verildikdən sonra yerli fermerlerdən ancaq 1 min ton 3-cü sinif ərzaq taxılı almaq mümkün olub. Qalan taxıl yemlik olub. Sonradan taxıl fondu idxalın hesabına genişləndirilib.



3 ton taxılı saxlamağa Azərbaycanda anbar yoxdu

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov taxıl istehsalı ilə bağlı rəqəmlərin şişirdildiyini iddia edir:

“Dövlət Gömrük Komitəsinin taxıl idxalı ilə bağlı hesabatı reallığa uyğundur. Lakin Kənd Təsərrüfatı Nazirliyin istehsalla bağlı göstəriciləri olduqca şişirdilib. Taxıl istehsalı ilə birgə ət, süd istehsalı da artmalı idi”.

foto sosial şəbəkə

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, il ərzində 1,2 milyon ton şörək istehsal olunur. V.Məhərrəmov deyir ki, çörək istehsalı üçün təxminən 900 min ton buğda kifayət edir.

“Dəyirmanlar əsasən xaricdən gətirilən buğdadan istifadə edir. Fermerlərə imkan vermirlər ki, buğdanın keyfiyyət göstəricilərinə görə bölsünlər. Çünki belə olduğu halda buğda fermerdən ucuz qiymətə alınır. Nazirlik 3 milyon tona yaxın taxıl istehsal olunduğunu açıqlayırsa, taxılın saxlanıldığı anbarları da göstərsin. Bu qədər məhsulu saxlamağa heç Azərbaycanda anbar da yoxdur. Dünya təcrübəsində taxıl və çəltik istehsalı adambaşına 300 kiloqram təşkil edir. Bunun da 90 kiloqramı buğdadan ibarətdir. Ərzaq buğdası və mal-qara üçün nəzərdə tutulan yem ehtiyacı daxili istehsal hesabına ödənməlidir”,-deyə ekspert əlavə edir.

Onun sözlərinə görə, ölkəyə gətirilən idxal məhsullarının həcmi təlabatın idxal hesabına ödənildiyini söyləməyə əsas verir:

“Ölkəyə keçən il 1,6 milyon tondan artıq ərzaq buğdası idxal olunub. Bu isə ölkənin ərzaq buğdasına olan ehtiyacının tamamilə idxal hesabına ödəndiyini deməyə əsas verir. Mən İl ərzində təxminən 1 milyon 200, 1 milyon 300 min ton taxıl istehsal olunduğunu düşünürəm”.



Taxıl istehsalında şişirdilmiş rəqəmlər…

V.Məhərrəmov deyir ki, kənd təsərrüfatı nazirliyinin məlumatına görə, 2016-ci ildə ölkədə 3 milyon 65 min ton taxıl, o cümlədən 1,84 milyon ton buğda istehsal olunub. Bu qədər məhsul ölkənin taxıl məhsullarına olan təlabatını ödəməklə yanaşı, həm də əhalinin çörəyə, ətə, südə, yumurtaya olan təlabatını tam ödəməli idi:

“Lakin ölkə əhalisinin çörəyə və un məmulatlarına olan ehtiyacının ödənilməsi 100 faiz idxal buğdasının hesabına başa gəlir. Əhalinin ətə olan təlabatı 38%, südə 50%, yumurtaya olan tələbatı isə 55 faiz daxili istehsal hesabına ödənilir. Keçən il ölkəyə idxal olunan taxıl məhsullarının həcminə diqqət yetirin. Buğda və meslin – 1 milyon 353 min, çovdar – 22, arpa – 53 min 898, yulaf – 378, qarğıdalı – 181 min 652, düyü – 26 min 638, qarabaşaq, darı və digər dənli bitkilər – 3 min 216, buğda unu və ya buğda-çovdar unu – 5 min 788, digər dənli bitkilərin unu – 2 min 260, yarma və dənli bitkilərin qranulları – 4 min 852, taxıl, dənli bitkilərin rüşeymi – 6 min 940 ton və sair… Bu göstəricilər ölkədə taxıl istehsalının çox bərbad olduğunu deməyə tam əsas verir”.

Vahid Məhərrəmov foto sosial şəbəkə

V.Məhərrəmovun sözlərinə görə, ölkə əhalisinin qidasında əsas yer tutan çörək istehsalı üçün 1,2-1,3 milyon ton buğda nəzərdə tutulduğu halda, keçən il 1 milyon 600 min ton məhsul idxal olunub.

“Hökumət məmurları taxıl istehsalı ilə bağlı yenidən saxta, uydurulmuş rəqəmlər açıqlayıb. Guya 2016-cı ildə Azərbaycanda 1 milyon 844 min ton taxıl istehsal olunub. Qeyd etməliyəm ki, 2016-cı ildə 1,6 mln. ton buğda idxal olunub ki, bu da ölkənin bu məhsula olan təlabatından çoxdur. Belə olan halda, sual yaranır, ölkədə taxıl, o cümlədən buğda hansı məqsədlə istehsal edilir və harada istifadə olunur? Yaxşı olar ki, açıqlama versinlər, neçə ton 1-ci, 2-ci, 3-cü sinif buğda istehsal olunub və hansı emal müəssisələri həmin məhsuldan unüyütmədə istifadə edib? Yaxşı olar ki, bu sahəyə məsul olanlar açıqlama versinlər, bu qədər taxıl heyvandarlıqda yem kimi istifadə olunursa, onda nəyə görə ölkə özünün yumurtaya, südə, ətə olan təlabatını ödəyə bilmir?”, deyə V.Məhərrəmov vurğulayıb.

Ötən il dövlət büdcəsindən kənd təsərrüfatına 597 milyon manat subsidiya ayrılıb. Vəsaitin əsas hissəsi taxılçılığın inkişafına yönəldilib. Lakin göründüyü kimi taxıl idxalında azalma yox, artım var. Hərçənd ki, dünya bazarlarında taxılın qiyməti də ucuzlaşıb və ola bilsin bəzi un istehsalçıları idxal taxılı ilə işləməyi kommersiya baxımından daha sərfəli hesab edir.

Yuxarıda deyilənlərdən bu nəticəyə gəlmək olar ki, həm ölkədə kifayət qədər taxıl istehsal olunur, həm də digər ölkələrdən idxal edilir. Və taxılın hazırki qiyməti çörəyin və digər un məmulatlarının qiymətinin artmasına əsas vermir.



Ölkəyə idxal olunan taxılın taleyi…



“Turan” İA yazır ki, taxılın alınması üçün dövlət büdcəsindən iri məbləğdə subsidiyalar ayrılır:

“Aparılan araşdırmalar göstərir ki, ayrılan subsidiyalar əhəmiyyətli hissəsi mənimsənilir. Dəqiqləşdirilməmiş məlumatlara görə ifadə edilən həcmdə ölkəyə ya taxıl idxal olunmur, ya da idxal olunan taxılın müəyyən hissəsi baha qiymətə digər qonşu ölkərələrə satılır. Azərbaycan taxıl biznesində necə deyərlər “tranzit ölkə” kimi istifadə olunur. Yəni büdcədən ayrılan subsidiyalar “pripiska” yolu ilə silinir. Ölkədə həm taxıl idxalı inhisardadır, həm də un istehsalı nəzarət altındadır. Taxıl istehsalının, idxalının, çörəy istesalının, subsidiyaların çox hissəsini də artıq oliqarxlar ələ keçirib. Hazırkı dönəmdə qiymət artımı baş verərsə bu ilk növbədə hökumətə xeyir edir. Çünki vergi ödənişləri artacaq və hökumətin yükü nisbətən azalacaq. Digər tərəfdən həmin oliqarxlar da hökümətdə təmsil olunan və ya onlara yaxın şəxslərdir. Çörəyin qiymətinin artımı siyasi rəhbərliklə razılaşdırılır”.



Çörəyin qiyməti enerji daşıyıcılarından nə qədər asılıdır?

Agentlik enerji daşıyıcılarının qiymət artımına təsir göstərib-göstərməməsinə diqqət ayrırır:

“Suala konket kiçik araşdırma və faktlarla cavab verməyə çalışaq. Bir neçə çörək bişirmə sexində olub öyrənməyə çalışdıq ki, bir çörəyin bişirilməsinə hazırda nə qədər enerji sərf olunur? Çörək bişirmə sexi işlədən Əsəd adlı sahibkar bildirir ki, o 50 kiloqram tutuma malik un kisəsindən 150 ədəd çörək bişirir. Çörək təndirdə bişirilir və mavi yanacaqdan istifadə olunur. Çəkisi kündə halında 550 qram, bişdikdən sonra isə 430- 450 qram olur. Çörəyin biri 50 qəpiyə satılır. Gəlin görək bir kisə undan sahibkar nə qədər qazanc əldə edir. 150 ədəd çörək 50 qəpikdən 75 manat edir.

Xərcləri çıxaq;


25 manat- un kisəsinin qiyməti



20 manat- çörəyin bişirilməsinə çəkilən zəhmət haqqı



1 manat- mavi yanacağın qiyməti (20 qəpik x 5 kub = 1 manat)



1 manat- odun (təndiri qızdırmaq üçün)



1 manat- düz və droj



Cəmi; 48 manat

Çörəkçi bir kisə unun satışından 27 manat əldə edir (75- 48 = 27 manat). Göründüyü kimi onun xərcləri arasında mavi yanacağın qiyməti çox cuzidir. Hətta qazın qiyməti iki dəfə artsa belə bu ona bir kisə unun bişirilməsi üçün cəmi 2 manata başa gələ bilər. Və ya biz bir çörəyin bişirilməsinin neçəyə başa gəlməsini hesablasaq görərik ki, çox kiçik rəqəm alınır. Yəni 1 ədəd çörəyin bişirilməsi üçün sərf olunan mavi yanacağın qiyməti 0, 66 qəpik edəcək (1 manat : 150 = 0, 66 qəpik).



Haşiyə.


Alman mütəxəssislərinin apardığı hesablamalara görə bir kilovat saat elektrik enerjisi ilə aşağıdakı işləri görmək olar;

Evdə


• Bir maşın paltar yumaq (söhbət paltar yuyan maşından gedir)



• 15 köynək ütüləmək olar



• 60 vatlıq lampa 17 saat yana bilər



• Orta səviyyəli tozsovuran 60 dəqiqə işləyə bilər (1000W )



• Qənaətli lampaları 90 saat yandırmaq olar (11 Vat)

Mətbəxdə:


• İki gün 300-litrlik soyuducu işləyə bilər.



• Bir tort bişirmək olar.



•Elektrik peçində dörd nəfərlik yemək bişirmək olar.



• 70 fincan qəhvə hazırlamaq olar.



•133 dilim çörək qızartmaq olar (tosterdə)



•Bir kilovat saat enerji ilə 60 dəqiqə saç qurutmaq olar,



•Yeddi saat televiziyaya baxmaq olar.



•2500 kişi 1 kilovat saat elektrik enerjisi ilə üzünü qırxa bilər. Bu böyük bir kənd əhalisinin bütün kişiləri deməkdir.

Bu məbləğlər istifadə olunan cihazlardan asılı olaraq az fərqli ola bilər (

mənbə

).



Çörəyin maya dəyəri nə qədərdir?

Agentlik çörəyin qiymətinə başqa bir aspektdən yanaşma sərgiləyir: “Əgər Taxıl Fondu fermerlərdən buğdanın tonu 250 manata alınırsa bu o deməkdir ki, 100 kilo bugdanın qiyməti 25 manatdır. 100 kq bugdadan isə dəyirmanda üyütməklə 70 kq əla növ un alınır. Yəni reallıqda 1 kisə una 25 manat verilibsə 1 kiloqram unun qiyməti 36 qəpik edir (25 x 100/ 70 = 36). Deməli 500 qramlıq bir çörəyin qiyməti isə 18 qəpiyə başa gəlir. Göründüyü kimi qiymətdə xeyli fərq yaranır. Yəni bu gün ölkəyə bugda gətirən, bugda üyüdən- un istehsal edənlər bu işi monopoliyada saxladıqlarından daha çox qazanırlar. Əgər fermerlərdən deyildiyi kimi tonu 250 manata bugda alıb onu una çevirib çörək istehsal olunsa un və un məmulatlarının qiyməti daha ucuz olar. Çünki kilosu 36 qəpiyə olan undan 2 çörək bişirilir. Yəni bir çörəyin maya dəyəri 18 qəpik edir. Biz bura hər çörəyin bişirilməsi üçün çəkilən zəhmət haqqını, istilik enerjisinin və digər kiçik kompenentlərin qiymətini, lap daşınma xərcini də əlavə etsək bu qiymət bir çörək üçün 25- 30 qəpik civarında edir. Yəni bugdası fermerdən alınıb dəyirmanda çəkilən undan hazırlanan çörəyin maya dəyəri bütün xərcləri ilə birlikdə alıcıya çatdırma xərci hazırki qiymətlərlə 500 qramlıq çörək 30 qəpik edir. Bugda idxalını monopoliyada saxlayanlar isə xammalı daha ucuz əldə etsələr də alıcıya baha qiymətə satır- bir çörəyin qiymətini 50 qəpiyə. Göründüyü kimi fərq böyükdür.

foto APA

Rəsmi məlumatlara görə, bu il Rusiya taxılının qiyməti stabil qalır – 2016-cı ildə olduğu kimi bir tona görə $185 CİF Bakıda təhvil verilir.

Yəni çörəyin qiymət artımı baş verəcəksə bunu enerji daşıyıcılarının bahalaşmasında deyil, bugda monopoliyasında axtarmaq lazımdır”.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyir ki, Azərbaycan taxıl idxalından asılı olsa da, ölkənin ehtiyaclarını ödəyəcək qədər taxıl gətirilib:

“Bizim pulla taxılın kiloqramı 16 qəpiyə başa gəlir. Təxminən çörəyin maya dəyəri 25 qəpiyə gəlir, 30 qəpiyə də satsınlar. 5 qəpik gəlir bəsləridir”.

Digər tərəfdən 50 kq-lıq unun kisəsi 25 manata satılır. Çörəyin çəkisinin orta hesabla 500 qramdan götürsək bir kisə undan 100 çörək alınır. Çörəyin qiyməti 25 qəpiyə düşür. Nəzərə alaq ki, un istehsalı ilə məşğul olan şirkətlər hər un kisəsində qazanc əldə etmək üçün maya dəyərindən baha satırlar. Buna baxmayaraq idxal olunan, hazırda pərakəndə satışda olan undan bişirilən çörək də maya dəyərilə müqayisə də alıcılara baha satılır.

Ana səhifəAraşdırma”Çörəyin qiymətinin artımı siyasi rəhbərliklə razılaşdırılır”