Corc Bleyk: 42 illik həbs və qaçış

Corc BleykCorc Bleyk SSRİ-də İda KarCorc Bleyk SSRİ-də İda Karayeva adlı rus qadınla yenidən ailə qurdu.

Foto: Meydan Tv

Ona sovet vətəndaşlığı və polkovnik hərbi rütbəsi verildi

2020-ci ilin son günlərində, dekabrın 26-da kütləvi informasiya vasitələri soyuq müharibə dövrünün ən görkəmli casuslarından biri Corc Bleykin vəfat etməsi barədə xəbər yaydılar. Bundan əvvəlki

məqalə

mdə Bleykin SSRİ-nin xeyrinə fəaliyyəti barədə məlumat vermişdim.

***

Bleyk Qərbə işləyən agentləri Moskvaya satdığı kimi, onu da Qərbə tərəf keçən bir kəşfiyyatçı satdı. Polşa hərbi kəşfiyyatının yüksək ranqlı zabiti Mihal Qolenevski 1959-cu ildən etibarən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency, CIA) ilə əlaqə quraraq məxfi məlumatlar ötürürdü. 1961-ci il də isə Qərbə qaçdı.

Kimisə ələ verən adam, əlbəttə, belə hallarda barmağını uzadıb, ya da ad çəkib məlumat vermir, çünki özü də o qədər bilmir. Onun dedikləri adətən dolayı məlumatlar olur, casusu hesablayıb tapmaq isə artıq məlumatı alan tərəfin işidir. İngilislər Qolenevskinin verdiyi dolayı məlumatlar əsasında Corc Bleykdən şübhələnməyə başlayırlar. Həmin dövrdə Bleyk Livanda idi və ərəb dilini öyrənirdi. İngiltərəyə təcili çağrılmasından şübhələnsə də, gedib-getməməklə bağlı tərəddüd keçirsə də, sonda getməyi qərara alır. 1961-ci ilin aprelində Londona gələn kimi isə həbs olunur.

İstintaqın əlində Bleykə qarşı sübutlar olmadığından öz etirafının alınması mühüm idi. İlk sorğu-sual zamanı o, günahını inkar edir. Nəhayət, təcrübəli müstəntiq Harri Şerqold “Biz bilirik, sənə əsirlikdə işgəncə veriblər, məcbur edilmisən” deyir. Bu sözlər nədənsə Bleykin qüruruna toxunur və o, “Mənə kimsə işgəncə verməyib, özüm təklif etmişəm” deyərək sovet casusu olduğunu etiraf edir.

Bleykin məhkəməsi elə həmin ildə, bağlı qapılar arxasında keçirildi. O zaman Britaniyada edam cəzası hələ mövcud olsa da, dinc dövrdə casusluğa görə nəzərdə tutulmurdu. Qanunvericiliyə görə bir cinayət üçün ən böyük müddətli cəza 14 il idi və Bleyk də ən pis halda bu qədər alacağını düşünürdü. Amma hakim onun əməlini üç müxtəlif epizoda böldü və hər birinə görə maksimum cəza təyin edərək üst-üstə topladı – 42 il!

Bu, o zamana qədər Britaniya tarixində ən böyük müddətli cəza idi (hazırda ikinci uzunmüddətli cəza sayılır, 1986-cı ildə uğursuz təyyarə terroru cəhdində ittiham olunan iordaniyalı Nazir Hindaviyə 45 il verildi). Sonralar verdiyi müsahibələrdən birində Bleyk deyirdi: “Əgər 14 il cəza alsaydım, kədərlənərdim. 42 il o qədər qeyri-real idi ki, mən heç bir reaksiya verə bilmədim”. Sonrakı hadisələr göstərdi ki, məhz cəzanın ağırlığı Bleykə həbsdən qaçmağa kömək etdi.

***

Bleyk cəzasını Londonun qərbində yerləşən Uormvud-Skrabs həbsxanasında çəkir. Qolenevskinin məlumatları əsasında həbs olunan başqa bir sovet kəşfiyyatçısı Konon Molodıy da burada saxlanılırdı. Həbsxana rəhbərliyinin diqqətsizliyi səbəbindən onlar bir müddət əlaqə saxlaya, müzakirələr apara və xatirələrini bölüşə bilirlər.

Belə söhbətlərin birində Molodıy Bleykə söyləyir: “Corc, Oktyabr inqilabının 50 illiyi (1967-ci ildə) təntənələrində Qızıl meydanda birlikdə olacağıq”. Molodıyın belə nikbin olması üçün əsas vardı. O, sovet vətəndaşı idi, İngiltərədə başqa adla qeyri-leqal fəaliyyət göstərirdi. Buna görə də SSRİ-yə veriləcəyinə, dustaq mübadiləsinə ümid edə bilərdi. Belə bir mübadilə 1964-cü ildə baş verdi: Molodıyı SSRİ-də həbs olunan ingilis kəşfiyyatçısı Qrevil Vinn ilə dəyişdirildi.

Bleyk isə sovet vətəndaşı deyildi. Üstəlik, İngiltərə vətəndaşı olsa belə, ona ögey münasibət vardı, çünki ingilis deyildi, holland-yəhudi kökənli idi, Niderlandda anadan olmuşdu. Əslində öz doğma vətənini satmaq daha ağır cinayət sayılmalı və daha ağır cəzaya səbəb olmalı idi. Bleyk nümunəsində isə əksinə idi, özgə sayıldığına görə ağır cəza kəsmişdilər.

Müqayisə üçün göstərim ki, “Kembric beşliyi” adını alan və SSRİ-nin xeyrinə casusluq edən qrupun iki üzvü – Entoni Blant və Con Kernkross 1964-cü ildə Məxfi Kəşfiyyat Xidmətinə (daha çox Mİ-6 kimi tanınan SİS – Secret Intelligence Service) öz günahlarının etirafı və bildikləri bütün məlumatları bölüşmələri müqabilində hüquqi təqibdən immunitet qazandılar (beşliyin digər 3 üzvü SSRİ-yə qaçdı).

Blant və Kernkrossun etirafları uzun müddət gizli saxlanıldı. Bleykin həbsxana yoldaşlarının onlardan xəbərləri və müqayisə imkanları, təbii ki, yox idi. Bununla belə, onlar da 42 il müddətinə həbsi ədalətsiz və amansız hesab edirdilər. Belə dustaqlardan üçü Bleykin həbsxanadan qaçışına kömək etdi.

Maykl Rendl və Pet Pottl nüvə silahı əleyhinə hərəkatın fəalları idilər. Onlar Esseks qraflığında ABŞ hərbi-hava qüvvələrinin ixtiyarında olan Uetersfild bazasına qanunsuz müdaxilə cəhdi ittihamı ilə tutularaq 18 aylıq həbs cəzası almışdılar. Şon Burk isə qanunla mütəmadi problemləri olan irlandiyalı idi. O, 1961-ci ildə bir polisə bombalı məktub göndərdiyinə görə həbs olunmuşdu. Partlayış nəticəsində kimsə ölmədiyindən cəzası 7 il idi.

Nüvə əleyhdarları özlərinin qısamüddətli cəzalarını çəkərkən Bleyklə dostlaşdılar. Sonralar Bleyk haqqında çəkiləcək sənədli filmə müsahibə verən Rendl deyirdi: “Biz onun etdiyini bəyənmirdik. Casusluq, xüsusən rusların xeyrinə, bizim ürəyimizcə deyildi. Amma 42 illik həbsi də doğru və ədalətli saymırdıq”. Az sonra onların cəza müddəti bitdi və azadlığa çıxdılar.

Şon Burk isə həbsxanada “New Horizon” adlı qəzet buraxırdı, Bleyk də qəzet üçün məqalələr yazırdı. Burk Bleykə kömək etməkdə daha qərarlı idi. Bir müddət sonra onun rejimi yumşaldı: gündüz azadlıqda olur, gecələr isə həbsxanaya qayıdırdı. O, bundan istifadə edərək Rendl və Pottlla əlaqə yaradır, qaçış planını müzakirə edirlər. 1964-cü ildə “Oskar” mükafatına layiq görülən “Tom Cons”filminin prodüsseri və rejissoru Toni Riçardson isə qaçışı maliyyələşdirdi.

Günlərin birində Burk həbsxanaya qayıdarkən özü ilə ratsiya keçirə bilir. Bununla da Bleykin Rendl və Pottlla ünsiyyəti asanlaşır. Onlar ratsiya vasitəsilə qaçışın detallarını müzakirə edirlər. Bir qədər sonra Burk özü də vaxtından əvvəl azadlığa buraxılır.

1966-cı il oktyabrın 22-də, şənbə günü, axşam saat 6-7 aralarında başqa dustaqlar filmə tamaşa edərkən Bleyk öz kamerasının yerləşdiyi dəhlizin sonunda pəncərəni sındıraraq həbsxananın həyətinə çıxdı və əsas divara tərəf qaçdı. Divarın o tayında gözləyən Burk ratsiya vasitəsilə xəbər aldıqdan sonra Bleykə kəndir nərdivan tulladı. Bleyk hasarı uğurla adlasa da, aşağı enəndə yıxıldı və qolunu sındırdı. Amma bu, qaçışa mane olmadı. Saat 9-da onlar Burkun əvvəlcədən tutduğu mənzildə televizorda xəbərlərə baxırdılar. Əsas mövzu Corc Bleykin həbsxanadan yoxa çıxması idi.

***

Böyük Britaniya hökuməti anlayırdı ki, Bleyk ölkədən çıxmağa çalışacaq və buna görə də hava və dəniz limanları nəzarətə alındı, eləcə də yollarda yoxlamalar həyata keçirildi. Amma Bleyk də hökumətin bu addımları atacağını bilirdi və ajiotaj yatmayana qədər ölkədən çıxmaq cəhdinin çox riskli olduğunu anlayırdı. Buna görə də bir müddət dostlarının tutduqları müxtəlif evlərdə gizləndi və ilk növbədə sınmış qolunun müalicəsi haqqında düşündü. Nəhayət, etibar etdikləri doktor tapıldı.

Qaçışdan yalnız ayyarım keçəndən sonra Maykl Rendl “Folksvagen T1” minivenində arvadı və iki uşağı ilə Avropaya milad səyahəti bəhanəsi ilə yola düşdülər. Minivendə gizli yer düzəldilmişdi və Bleyk hər hansı zərurət yarandıqda orada gizlənirdi.

Duvr limanına gələn yolçular buradan bərə ilə Belçikaya, oradan da Qərbi Almaniyaya keçdilər və yollarına minivendə davam etdilər. Şərqi Almaniyanın sərhədi yaxınlığında Bleyk maşından düşdü, Rendllə vidalaşdı və keçid məntəqəsinə doğru yollandı. O, Şərqi Almaniya hərbçilərinə sovet nümayəndəsi ilə görüşmək istədiyini bildirdi. Dekabrın 18-i idi.

***

Həbsxanadan qaçışından bir il sonra Corc Bleyk Oktyabr çevrilişinin 50 illik yubileyi münasibətilə təşkil edilən paradda Qızıl meydanda, Konon Molodıy ilə birlikdə idi. Ona sovet vətəndaşlığı və polkovnik hərbi rütbəsi verildi. KQB-də məsləhətçi işləyir, Xarici Kəşfiyyat Akademiyasında dərs deyirdi. SSRİ-nin Lenin, Qırmızı Bayraq, I dərəcəli Vətən müharibəsi, “Şəxsi igidliyə görə”, Rusiyanın Dostluq ordenləri ilə təltif olundu.

Bleykdən az sonra Şon Burk Moskvada peyda oldu və ilyarım sovet hökumətinin xüsusi pensiyası ilə yaşadı. Amma sovet həyatı ona görə deyildi. Tezliklə İrlandiyaya qayıtdı və burada Corc Bleykin qaçışı barədə kitab yazdı. Böyük Britaniya onun ekstradisiyasını istəsə də, İrlandiya razı olmadı. İçki aludəçisi olan Burk 1982-ci ildə 48 yaşında vəfat etdi.

Burkun kitabında Rendl və Pottlu təhlükəyə atmamaq üçün onların adları çəkilmirdi. Dostlar özləri 1989-cu ildə “Bleykin qaçışı: biz Bleyki necə və niyə azad etdik?” adlı kitab yazdılar. Bundan sonra onlar məsuliyyətə cəlb olundular. 1991-ci ildə baş tutan məhkəmə prosesində etdiklərini Bleykin cəzasını qeyri-insani saymaları ilə əsaslandırdılar. Maraqlıdır ki, andlılar bu arqumenti onlara bəraət vermək üçün yetərli hesab etdilər. Pet Pottl 2000-ci ildə 62 yaşında vəfat etdi, Maykl Rendl isə həyatdadır, 87 yaşı var.

Corc Bleyk SSRİ-də İda Karayeva adlı rus qadınla yenidən ailə qurdu. “Başqa seçim yoxdur” və “Şəffaf divarlar” adlı avtobioqrafik kitablar yazdı. SSRİ-nin çökməsinə baxmayaraq, ömrünün sonuna qədər kommunist qaldı. Özünü satqınlıqda ittiham edənlərə isə belə cavab verirdi: “Satmaq üçün əvvəl mənsub olmaq lazımdır. Mən heç vaxt İngiltərəyə mənsubluğumu hiss etməmişəm. Özümü bir qədər niderlandlı, daha çox isə kosmopolit sayıram”.

***

Sovet kəşfiyyatının tarixini iki yerə bölmək olar. XX əsrin birinci yarısında Qərbdə Böyük depressiya, faşizmin müxtəlif təzahürləri, Birinci və İkinci dünya müharibələri səbəbindən demokratik quruluşlara inam xeyli sarsılmış, kommunizmə maraq artmışdı. Həmin dövrdə onlarla kəşfiyyatçı heç bir maddi maraq güdmədən, yalnız ideoloji bağlılıq üzündən özlərinə təhlükəyə ataraq SSRİ-nin xeyrinə casusluq edirdilər. Rixard Zorge, Kembric beşliyi, ər-arvad Rozenberqlər və başqaları, o cümlədən bəlkə də ifşa olunmadıqlarından adlarını bilmədiklərimiz belələrindən idilər.

Amma XX əsrin ikinci yarısından etibarən sözügedən təmayül azaldı. Stalin dövrü cinayətlərinin aşkar olunması, Moskvanın Şərqi Avropa xalqlarını əsarətdə saxlaması, 1953-cü ildə Şərqi Almaniyada, 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada etirazları silah gücünə yatırması, demokratik ölkələrdə rifahın artması SSRİ-nin və kommunizmin nüfuzunu sarsıtdı. Bundan sonra sovet kəşfiyyatı da öz mənbələrini əsasən pul və kompromat hesabına əldə edirdi.

98 yaşında vəfat edən Corc Bleyk birinci dövrün idealist nümayəndələrindən həyatda olan sonuncusu idi.

Ana səhifəXəbərlərCorc Bleyk: 42 illik həbs və qaçış