“She Changes Climate” kampaniya qrupu bu qərarı “reqressiv” adlandırıb
Azərbaycanda keçiriləcək “COP29” iqlim dəyişikliyi sammitinin təşkilat komitəsinin üzvləri təsdiqlənib.
“The Guardian” yazır ki, həmin 28 nəfərlik komandanın içində bir nəfər olsun qadın yoxdur.
Kampaniya iştirakçıları bu qərarı pisləyir, deyirlər ki, “iqlim dəyişikliyi dünyanın yarısına deyil, bütün dünyaya təsir edir”. Odur ki, komanda üzvlərinin arasında qadınların təmsil olunmaması normal deyil.
“She Changes Climate” (“O, İqlimi Dəyişdirir”) kampaniya qrupu bu qərarı “reqressiv” adlandırıb. Bildirib ki, bunun əksinə olaraq, keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən “COP28” iqlim sammitinin təşkilat komitəsinin üzvlərinin 63 faizini qadınlar təşkil edib.
“COP29” komitəsinin demək olar ki, bütün üzvləri hökumətin nazirləri və ya rəsmiləri, o cümlədən dövlət təhlükəsizlik xidmətinin rəhbərliyində təmsil olunan şəxslərdir.
Sayt yazır ki, Azərbaycanın Dövlət Qazpaylayıcı Şəbəkəsinin rəhbəri də komandanın tərkibindədir.
“She Changes Climate” bildirir ki, bu şəxs iqlimi dəyişdirir, onun komandada təmsil olunması absurddur.
Sonra qeyd olunur ki, hələ dəyişiklik üçün vaxt var:
“Biz builki iqlim danışıqlarının idarə edilməsində bərabər təmsilçiliyi xahiş edirik, çünki iqlim dəyişikliyi bütün dünyaya təsir edir”.
Ardıcıl olaraq ikinci ildir ki, BMT-nin ən mühüm iqlim danışıqları qalıq yanacaq istehsalından asılı olan neft dövlətində keçiriləcək. İqlimlə mübarizə aparmaq üçün ölkələri bir araya gətirməkdə məsuliyyət daşıyacaq “COP29”un təşkilatçılığı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə həvalə olunub.
Sayt yazır ki, Babayev bundan əvvəl 26 il Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) çalışıb.
“The Guardian” ötən həftə açıqlayıb ki, Azərbaycan növbəti onillikdə qalıq yanacaq istehsalını artırmağı planlaşdırır.
“She Changes Climate” qrupunun bəyanatında deyilir:
“Biz bir daha mədən yanacaq sənayesi ilə Tərəflər Konfransına sədrlik arasında təhlükəsizlik divarının yaradılmasını xahiş edirik, çünki ətraf mühitin toxunulmazlığı bizim və bir çox vətəndaş cəmiyyəti təşkilatları üçün narahatlıq doğurur”.
“COP28”in prezidenti, eyni zamanda BƏƏ-nin dövlət neft şirkəti “Adnoc”un baş icraçı direktoru olan Sultan Əl Cabir idi ki, bu da maraqların toqquşması ilə bağlı ittihamlara səbəb olmuşdu.
Azərbaycan Prezidenti İlham Əliyev Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti təyin edib.
Prezident bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Muxtar Babayevə bu tədbirlərə hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilib.
Azərbaycan Şərqi Avropa dövlətlərinin dəstəyini qazandıqdan sonra bu il keçiriləcək “COP29 iqlim dəyişikliyi sammiti”nə ev sahibliyi etməyə hazırlaşır.
Bu, çox böyük tədbirdir. Məsələn, BƏƏ-də keçirilən “COP28” sammitində 90 mindən çox nümayəndə iştirak edib.
Beynəlxalq təşkilatlar və Avropa Birliyi ölkələrindən bəziləri bu tədbirin neft-qaz ixrac edən, OPEC+ ölkəsi olan Azərbaycanda keçirilməsinə isti baxmır.
Həmçinin Azərbaycandakı müstəqil ekspertlər hesab edirlər ki, bu, indiyədək ölkənin ev sahibliyi edəcəyi ən böyük tədbirdir və Bakı buna infrastruktur baxımından hazır deyil.