Con Kerri: ”Azərbaycan bütün siyasi məhbusları azad etməlidir”

”Xədicə İsmayıl, İntiqam Əliyev və İlqar Məmmədov kimi digər məhbuslar da azad edilməlidir”

Source:
Con Kerri
Con Kerri
Con Kerri
Con Kerri


”Xədicə İsmayıl, İntiqam Əliyev və İlqar Məmmədov kimi digər məhbuslar da azad edilməlidir”

ABŞ Azərbaycanda 14 siyasi məhbusun azad edilməsini alqışlayıb, İlham Əliyev hökumətini bütün qalan vicdan məhbuslarını azad etməyə çağırıb.

Xəbəri ”Turan” İnformasiya Agentliyinin ABŞ-dakı müxbiri verib.

“Birləşmiş Ştatlar Azərbaycan hökuməti tərəfindən insan haqları sahəsində fəaliyyəti, ya da fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımı alqışlayır”, deyə ABŞ Dövlət Katibi Con Kerrinin bəyanatında bildirilir.

Azadlığa buraxılanlar arasında tanınmış insan haqları fəalı Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, talış etnik qrupunun qəzetinin baş redaktoru Hilal Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu da var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov məhkəmə tərəfindən azad edilib.

Həbsdə qalanlar arasında jurnalistlər Xədicə İsmayıl, Nicat Əliyev, Araz Quliyev, Seymur Həzi, habelə onlarla digər siyasi məhbus var.

“Məhbusların, xüsusən siyasi səbəblərlə saxlanılan şəxslərin buraxılmasına görə şadam. Bununla belə, 80-90 digər siyasi məhbus haqsız olaraq azadlıqdan məhrum edildiyi müddətcə Azərbaycanın avtoritarizmdən uzaqlaşdığını demək olmaz”, deyə ABŞ-ın Bakıda keçmiş səfiri Riçard Kozlariç “Turan”-ın müxbirinə bildirib.

Daha da önəmlisi, ABŞ hökuməti həbs edilməməli olan şəxslərin azad edilməsinə görə rejimi “mükafatlandırmamalı” və ya tərifləməməli, Azərbaycan rəsmiləri ilə yüksək səviyyədə görüşlər keçirməməlidir, deyə o bildirib.

“Biz bunu etsək, həmin məhbusları Azərbaycan hakimiyyətinin girovuna, əlində dəlilə çevirərik və hakimiyyət ABŞ və Avropadan siyasi və iqtisadi mənfəətlər əldə etmək üçün onlardan istifadə etməyə çalışar”, deyə Kozlariç qeyd edib.

Demokratiya, insan hüquqları və fikri ifadə etmək azadlığı sahəsində ümumi Qərb dəyərlərinə riayət olunana qədər ABŞ və Avropa Bakıya qarşı sərt mövqe tutmalıdır, deyə keçmiş səfir bildirib.

İlham Əliyevin martın sonunda Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcəyi gözlənilir.

Aleksandr Lambsdorff
Aleksandr Lambsdorff

“Avropa Parlamenti Azərbaycanda siyasi məhbusların azad edilməsini alqışlayır”. Bu barədə cümə axşamı Avropa Parlamentinin insan hüquqları və demokratiya üzrə vitse-prezidenti Aleksandr Lambsdorff bildirib.

“Biz Rəsul Cəfərovun və on dörd digər siyasi məhbusun prezident Əliyev tərəfindən əvf edildiyini öyrəndikdə sevindik. Əlbəttə, onlar həbs olunmamalı idi. Bununla belə, bu addımı Azərbaycan hökumətinin söz və toplaşmaq azadlığı kimi əsas hüquqlara riayət etməklə Avropa İttifaqı ilə münasibətləri bərpa etməkdə maraqlı olmasının göstəricisi kimi dəyərləndiririk”, deyə o bildirib.

“Xədicə İsmayıl, İntiqam Əliyev və İlqar Məmmədov kimi digər məhbuslar da azad edilməlidir”, deyə Lambsdorffun “Turan””a göndərdiyi bəyanatında bildirilir.

ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva (Finlandiya) və ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları Komissiyasının sədri İzabel Santos (Portuqaliya) Azərbaycanda Əfv Sərəncamı çərçivəsində 148 nəfərin azad edilməsini alqışlayıblar.

“Prezident Əliyevin bu qədər çox insanın azad edilməsi barədə etik qərarını alqışlayıram. Bu, çoxdan gözlənilən, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT Parlament Assambleyasının qəbul etməyə çağırdığı qərardır.


Biz bundan sonra da Azərbaycanı ATƏT çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə təşviq edəcəyik, növbəti konstruktiv dialoqu və irəliləyişi səbrsizliklə gözləyirəm”, deyə prezident Kanerva bildirib.

“Nəhayət, Azərbaycanda insan hüquqları sahəsində müsbət addımı alqışlamaqdan şadam. Bugünki əfv bir sıra vicdan məhbuslarına, o cümlədən işlərini dəfələrlə azərbaycanlı həmkarlarım qarşısında qaldırdığım Rəsul Cəfərov və Anar Məmmədliyə də aiddir.

Ümid edirəm ki, onlar hamısı yenidən ölkədə dialoqa töhfələrini vermək imkanı əldə edəcəklər.

Həmçinin ümid edirəm ki, bu, Azərbaycanda qanunun aliliyini möhkəmləndirməyə hazırlığın göstəricisidir, tezliklə siyasi mənsubiyyətinə, faəliyyətinə və baxışlarına görə həbs edilmiş və ya hərəkəti məhdudlaşdırılmış insanlar olmayacaq”, deyə Santos bildirib.

Ana səhifəXəbərlərCon Kerri: ”Azərbaycan bütün siyasi məhbusları azad etməlidir”