”Belə hava yaxın 2-3 gün ərzində davam edə bilər”
Oktyabrda belə yağış yağması ölkə üçün qeyri-adi haldır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, belə yağıntıların yağma ehtimalı 10-12 ildən bir ola bilər. Onun sözlərinə görə, fasilələrlə bu miqdarda yağıntı düşə bilər.
M.Qasımov vurğulayıb ki, bu günlər ərzində ölkə ərazisinə aylıq normanın xeyli hissəsi yağıb: “Azərbaycan üçün oktyabrda yağıntının çoxillik norması 33-35 mm-dir. 4-5 gün ərzində onun 50 faizi yağıb. Əvvəlki illərdə 5 gün ərzində Bakıda dayanmadan yağışın olması ilə bağlı hər hansı bir qeydiyyat yoxdur. Demək olar ki, bu, çox az-az, nadir hallarda müşahidə olunan haldır”.
İqlimşünas vurğulayıb ki, havaların qeyri-sabit və yağıntılı keçməsinin səbəbi respublikaya şimal-qərb hava kütləsinin daxil olmasıdır. Bu hava kütləsinin dayanıqlı olduğunu deyən M.Həsənov bildirib ki, tam şimal və ya qərb hava kütlələri ayrılıqda olduqda temperatur fərqi və yağıntılar 2-3 gündən artıq olmur: “Şimal-qərb hava kütlələri isə dayanıqlıdır və ola bilsin ki, yaxın 2-3 gün ərzində də belə havalar davam etsin”.