''Çobanlar məlumat ötürücüsü olur''

Çoban, şərti foto

Çoban, şərti foto

Keçmiş hərbçi orduda baş verənlərdən danışdı

Müddətdən artıq xidmət edən hərbi qulluqçulardan (MAXE) biri adi qoyun sürüsünü otaran çobanların, hərbçilərin və mülki vətəndaşların “dövlətə xəyanət” ittihamı ilə saxlanılmasından və orduda baş verən onlarla həbslərdən danışdı.

Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bir qrup hərbi qulluqçunun və digər mülki şəxslərin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları düşmən tərəfinə ötürdüklərini bildirdilər:

“Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.”

Dövlət qurumlarının 7 may 2017-ci il tarixli bəyanatı ölkədə hamını çaşqın vəziyyətə saldı. 

Orduda və cəbhə xəttinə yaxın ərazilərdə kütləvi həbslər başlandı. Öncə 42 nəfərin həbs edildiyi mediaya sızdırılsa da, sonradan məlum oldu ki, 400-dən çox mülki vətəndaş və hərbiçi dindirilib.

Erməni kəşfiyyatına məlumat ötürməklə bağlı rəsmi xəbərdən başqa, Prezident Administrasiyasının göstərişi ilə bütün xəbərlər yerli media saytlarından götürüldü.

Baş verənlərin mahiyyəti MAXE ilə söhbət zamanı daha da aydınlaşdı. Müsahibimiz bildirdi ki, orduda bəzi hadisələr baş verirdi, vaxt keçdikcə bu işlərin pis nəticələnəcəyini asanlıqla da anlamaq olurdu:

“Deyirlər, çobanlar ermənilərə əsas məlumat ötürən mənbələr olub. Bunun günahı kimdədir? Əlbəttə ki, komandir heyətində”.

“Bir gün səhərə yaxın postda durmuşduq. Arxa tərəfdə öskürək səsi eşitdik. Əsgərlər bir-birində soruşdu ki, kim idi öskürən? Postda olanlardan hamısı dedi ki, biz deyildik. Bundan sonra əraziyə baxış keçirdik. Gördük səngərin yaxınlığında bir nəfər var. Yaxınlaşdıqda məlum oldu ki, çobandır. Orada nə etdiyini soruşduqda isə qoyun otardığını söylədi. Bunu komandirə məruzə etdik. Komandir qarşılığında çobandan bir qoyun aldı və bizə tapşırdı ki, ona dəyməyək, qoyunlarını otarmağa davam etsin. Komandirə bunun pis nəticəsi olacaq deyəndə isə bizə söyüşlə cavab verdi”,- deyə MAXE bildirdi.

MAXE-yə görə, çobanın orada qoyun otarması bilərəkdən və ya bilməyərəkdən düşmənə məlumat ötürməkdir:

“Biz qarşı tərəfi izlədiyimiz kimi onlar da bizi izləyir. Kəşfiyyatçılar üçün isə hər şey məlumatdır. Bu, hər zaman olub, belə olacaq da. Çobanın məlumat ötürücüsü olduğunu anlamaq elə də çətin deyil. Bizim postları izləyən qarşı tərəfin kəşfiyyatçıları görürdü ki, postumuzun arxa və yan tərəflərində mina yoxdur. Adi bir məntiq, mina olsaydı, ya qoyunlar düşüb partlayardı, ya da çoban. Bu isə onların işini asanlaşdırırdı. Qeydlərin aparıb, arxa tərəfə haradan sızacaqlarını əzbər bilirdilər. O çoban düşmənlə birbaşa əlaqədə olmasa da, məlumat ötürücüsü idi. Ancaq bir qoyunun qarşılığında düşmən hər şeyi görüb, bilirdi”.

Cəbhə bölgəsində çobanlara çox az halda atəş açılır. Bunun səbəbinə gəldikdə isə keçmiş hərbçi bildirdi ki, məlumat ötürücüsünə heç kim atəş açmaz:

“Əgər qarşı tərəfdə də postlara yaxın çobanlar qoyun otararsa, biz də onlara atəş açmazdıq. Postu izləməkdənsə, çobanı və qoyunları izləmək daha faydalıdır”.

Sərhədyanı hərbi hissələrdə baş verənlər haqqında nazirliyə məlumat verildikdən sonra həbslər başlanıb. Sorğulandıqdan sonra onlardan bəziləri azad edilib, bəziləri isə dövlətə xəyanət ittihamı ilə keçiriləcək məhkəmə prosesini türmədə gözləməkdədir.

MAXE-nin sözlərinə görə, sərhədyanı ərazilərdə yerləşən hərbi hissələrdəki əsgərlərin hamısı sorğulanıb və hətta əsgərlərin zorlanıb-zorlanmadıqları da tibbi müayindən keçirilməklə yoxlanılıb:

“Nə baş verdiyini heç kim anlamırdı, hamı bir-birindən şübhələnirdi - komandirindən, əsgərindən, özündən də. Qara maskalı adamlar suallar verir, qışqırır, bağırırdı. Bir manqa komandiri var idi, onun əsgərinin gey olduğunu taborda bilməyən yox idi. Həkim yoxlanışından sonra “sən hara baxırdın, əsgərini ermənilər zorlayıblar” - deyə manqa komandirinin üstünə düşdülər. Faktiki olaraq hər kəs bilirdi ki, o əsgər geydi. Bunun günahı da əslində onu ordu sıralarına göndərən komissarlıqlardadır”.

Müsahibimizin sözlərinə görə, satqınlıqla bağlı ittihamlar ortaya çıxdıqdan sonra MAXE-lərin yaşadıqları ərazilərdən 100 kilometr məsafədəki hərbi hissələrə göndəriləcəkləri barədə qeyri-rəsmi məlumatlar yayılıb. Bu xəbərlər hərbiçilər tərəfindən də təsdiqini tapıb. Ancaq indi bunun yerinə cəbhə bölgəsindəki, xüsusən ön cəbhədəki MAXE-ləri ordu sıralarından tərxis ediblər.

Azərbaycan Respubilkasının Əmək Məcəlləsinin 77-ci maddəsində bildirilir ki, işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

Ancaq ordu sıralarından tərxis olunan MAXE-lərə heç bir təzminat ödənməyib.

“Rayonda hamı bir-birini tanıyır. Ordudan qovulandan sonra heç kim bizə iş vermir. Neçə dəfə olub iş üçün müraciət etmişəm, deyiblər: “Günahın olmasaydı, ordudan qovulmazdın”. Mənim kimi onlarla belə adamlar var. Hər dəfə bu sözü eşitməyə məcburuq”, - keçmiş MAXE deyir.

Baş vermiş hadisə mülki həyatdan da yan keçməyib. Adının çəkilməsini istəməyən yerli icra hakimiyyəti işçisinin sözünə görə, kənddə olay haqqında xəbər tez bir zamanda yayılıb:
“Təsəvvür edin, bir gün səhər oyanırsan və rayondan çoxlu sayda insanın ermənilərə işlədiyini öyrənirsən. Adam hər kəsdən şübhələnir. Hərbçilərin düşmənə işləməsi isə rayon sakinlərini çox vahiməyə saldı. İnsanların içərisində bir qorxu, xof var idi. Hər kəs bundan danışırdı. Təsəvvür edin, rayonda tanıdığımız, üz-üzə gəldiyimiz şəxslərin ermənilərə işlədiyini öyrənirdik”.
Həbs edilənlərlə bağlı məlumat verən vəzifəli şəxs qeyd edir ki, onlar arasında hərbçilərdən tutmuş çoban, fahişədən, taksi sürücüsünə qədər var idi. Həbs edilənlərdən bəziləri hələ də təcridxanada məhkəmə prosesini gözləməkdədirlər:

“Ağdamın Çəmənli kəndində bir çoban əkin sahələrinin kənarındakı hərbi rabitə xətlərinə erməni tərəfindən gələn xətti qoşub. Nəticədə ermənilər çox rahat şəkildə Azərbaycan ordusunun rabitə əlaqəsini dinləyiblər. Həmin çobanın evində axtarış aparılan zaman 10 000 dollar pul çıxıb. Axtarış zamanı başqa bir neçə nəfəri də saxladılar. Kənddə sınıqçı Yusif adlı kişinin qardaşını və qardaşı qızını həbs ediblər. Ağdamın Xındırıstan kəndində isə MAXE bir qadınla qeyri-qanuni yaşayırmış. MAXE-dən şübhələnib onu həbs ediblər. Ancaq sonradan məlum olub ki, erməni kəşfiyyatına işləyən əslində qadın imiş. Bununla bağlı əməliyyat keçirilərək qadın həbs etdilər”.

Müsahibimizin sözlərinə görə, digər bir əməliyyat zamanı isə bir MAXE-nin evindən külli miqdarda pul, xəritələr, sərhəd bölgəsinin planı, bütün inzibati və strateji obyektlərin dəqiq çertyoju, əhalinin dəqiq sayı və daha sıx olduğu bölgələrin ünvanları tapılıb.

“Həbslər çox oldu. Hətta düşmənə işləyənlərdən biri döyülərək öldürülmüşdü. Mehman Hüseynov adlı bir şəxsin meyidini Cəmilli kəndindəki qəbirsalıqda atasının yanında basdırmaq istədilər. Kənd camaatının etirazından sonra həmin şəxsin meyiti kənd qəbirsanlığında yox, qəbirsanlığın çölündə basdırıldı. Bu hadisələr baş verən zaman rayon camaatı ayağa qalxmışdı, bir yandan da çaş-baş idilər. Heç kim nə olduğunu anlamırdı, olanlar inanmırdı”, deyə təhülkəsizlik səbəbindən adının çəkilməsini istəməyən Tərtər rayon İcra Hakimiyyəti işçisi Tərtərdə baş verənlər haqqında danışdı:

“Təsəvvür edin, biz elə bilirdik ki, düşmən bizim qarşımızdadı, sən demə, içimizdə imiş”.

Ağdam və Tərtərdə olan bütün kafe, hamam, mağaza sahibləri nəzarətə götürülüb, hər biri dindirilib. Kafelərdən başqa rayonlardan işləməyə gələnlərin hamısı öz rayonlarına geri göndərilib. Digər regionlardan gələn bütün fahişələr rayonlardan çıxarılıb. Bundan əlavə, hərbi hissələrə yaxın bütün kafe, mağazalar bağlanıb və icra hakimiyyəti tərəfindən sökülüb.
Orduda hazırkı vəziyyətin necə olması ilə bağlı sabiq MAXE bildirdi ki, baş verən olaylardan sonra heç nə dəyişməyib:

“Yenə rüşvətlə yerdəyişmələr, işəgötürmələr davam edir. Çobanlar da ərazidə qoyunlarını otarır”.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, dekabrın 8-də Ermənistan ordusu Ağdamın Orta Qərvənd kəndini iriçaplı pulemyotlardan və avtomat silahlardan atəşə tutub. Atışma zamanı xəsarət olmasa da, bəzi evlərin dam örtüyü və pəncərələrinə ziyan dəyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/eww3hj

Ən çox baxılan