Prezident bu səbəbdən çıxışını təxirə salıb
ABŞ Prezidenti Co Bayden koronavirusa yoluxub. İyulun 17-də Ağ Evin yaydığı bəyanatında deyilir ki, onun verdiyi test müsbət çıxıb.
Qeyd olunur ki, Co Bayden bir neçə dəfə peyvənd olunub və COVİD-in “yüngül simptomları”nı yaşayır:
“ABŞ Prezidenti evinin olduğu Delaverə qayıdacaq, burada özünü təcrid edəcək və vəzifələrini tam şəkildə yerinə yetirəcək”.
“Bu gün günortadan sonra koronavirus üçün müsbət test etdim, amma özümü yaxşı hiss edirəm və hər kəsə xoş arzularına görə təşəkkür edirəm”,- deyə Bayden özü “X” sosial şəbəkəsində yazıb.
“Newsweek” xəbər verir ki, koronavirus üçün müsbət test etdikdən sonra Bayden iyulun 17-də Las-Veqasda keçirilməsi planlaşdırılan UnidosUS konfransındakı çıxışını ləğv edib.
Co Bayden 2022-ci ilin iyulunda da koronavirusa yoluxmuşdu. Daha sonra bildirildi ki, ABŞ Prezidenti peyvəndin tam kursunu bitirib və iki dəfə təkrar peyvənd olunub. On gündən sonra o, yenidən test edib və cavab müsbət olub.
Co Bayden 2021-ci ildən ABŞ Prezidentidir və hazırkı seçki kampaniyasında iştirak edir.