Co Bayden: Dağlıq Qarabağ ətrafındakı rayonlar həmişəlik işğal altında qala bilməz

Demokrat namizəd Donald Tramp administrasiyasının passivliyinə və münaqişəyə müdaxilə etməməsinə diqqət çəkir

Source: google.az


“Vaşinqton avropalı tərəfdaşları ilə tərəfləri danışıqlar masası arxasına əyləşdirmək üzərində işləməlidir”

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Dağlıq Qarabağda döyüş əməliyyatları ilə bağlı bəyanat verib.

Məlumatı “Turan” İA yayıb.

Co Bayden deyib ki, oktyabrın 10-da Moskvada əldə olunmuş atəşkəs razılaşmasının iflası, döyüşlərin bərpası onu çox narahat edir:

“PUA-lardan, minaatanlardan və uzaq radiuslu artilleriya qurğularından istifadə cəbhənin hər iki tərəfində yüzlərlə insanın ölümünə və minlərlə dinc sakinin evlərini məcburi tərk etməsinə səbəb olur”.

Demokrat namizəd Donald Tramp administrasiyasının passivliyinə və münaqişəyə müdaxilə etməməsinə diqqət çəkir:

“Sentyabrın 27-də döyüş əməliyyatları başladıqdan etibarən nə Prezident Tramp, nə Dövlət katibi Pompeo bir dəfə belə Azərbaycan və Ermənistan liderlərinə zəng etməyib. Tramp Administrasiyası Azərbaycana deməlidir ki, münaqişənin həlli yolla həll etmək cəhdlərinə dözümlü yanaşmayacaq. Eyni zamanda, Ermənistana bildirilməlidir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar həmişəlik işğal altında qala bilməz və münaqişənin birdəfəlik həlli üzrə etibarlı danışıqlar atəşkəs əldə edildikdən dərhal sonra başlamalıdır”.

“Diplomatiya Moskvaya güzəştə getmək yerinə, Vaşinqton avropalı tərəfdaşları ilə tərəfləri danışıqlar masası arxasına əyləşdirmək üzərində işləməlidir”, Bayden belə hesab edir.

O eyni zamanda, “nəhayət, Ankaranın nazının çəkilməsinə son qoyulmalı, həm Türkiyə, həm də İran münaqişədən kənar durmağa çağırılmalıdır”, deyə söyləyib.

Baydenin fikrincə, münaqişənin diplomatik həllinə nail olmaq çətin olacaq, amma Tramp administrasiyası buna nail olmağa çalışmalıdır:

“Nə qədər ki, münaqişə genişlənməyib və daha çox insan həlak olmayıb, bu, təcili edilməlidir”.

Sentyabrın 27-də Azərbaycan-Ermənistan hərbi birləşmələrinin təmas xəttində atəşkəs pozulub, müharibə başlayıb. Azərbaycan tərəfi bir sıra kənd və yüksəklikləri, eləcə də Cəbrayıl və Hadrut rayonlarının işğaldan azad etdiyini deyir. Hər iki tərəfdə mülki şəxslər arasında ölən va yaralananlar var.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskvada Ermənistan və Azərbaycan Xarici işlər nazirləri atəşkəs sənədini imzalasalar da, səhəri gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket zərbəsiylə vurması nəticəsində 10 dinc sakin öldü.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətCo Bayden: Dağlıq Qarabağ ətrafındakı rayonlar həmişəlik işğal altında qala bilməz