Biznes artıq basqılara dözmür, ölkədən çıxır
Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası çox maraqlı məqamlarla yadda qaldı. Prezident bir çox sahələrdə problemlərin olduğunu qeyd etdi, sadəcə, təəssüf ki, problemlərin həll yolları haqqında müzakirələr olmadı.
Ölkədə turizmin qarşısında duran 3 əsas problem haqqında (viza, maraqsız marşrutlar, bahalı aviabiletlər və otellər) haqqında dəfələrlə yazılar yazmışam, müsahibələr vermişəm, internetdə axtarış versəniz, özünüz görə bilərsiniz. Turizm sahəsi multiplikativ effekti olan, arxası ilə kənd təsərrüfatı, nəqliyyat, tekstik kimi sahələri də çəkib-apara biləcək gücə malikdir. Hər hansı bir ölkə türizmi inkişaf etdirmək istəyirsə, bu sahəyə ayrıca baxa bilməz, kompleks yanaşma lazımdır ki, bütün sahələrə bunun təsiri olsun. Dünən prezident də eyni problemləri sadaladı, amma həlli yollarından danışmadı, əmrlə, inzibati yollarla bu problem həll oluna bilməz, yeganə viza məsələsini dövlət həll etməlidir, qalan problemlərin həlli üçün rəqabətli mühit və dövlətin biznesə müdaxiləsinin minimuma endirilməsi – yəni, sistem islahatları lazımdır.
Prezident dünən ölkədə yatırımların azalmasından, polis və vergi orqanlarının biznesə müdaxiləsindən də danışdı. Son aylar “Bandotdel” adlandırılan qurum onlarla sahibkarı müvəqqəti saxlayaraq, təzyiq göstərərək, məhkəmə qərarları belə olmadan günlərlə istintaq altında saxlayır, iş adamlarının kredit borcları bu yolla toplanır. Təbii ki, belə bir vəziyyət digər yatırımçılara, sahibkarlara da dərs oldu, hətta bu işlərə bulaşmayanlar belə öz sərmayələrini ölkədən çıxartmağa başladılar. Son 6 ayda Azərbaycandan Türkiyəyə və Gürcüstana gedən sərmayə axını keçən ilin müvafiq dövrünə görə 25-30% artıb, deməli, biznes artıq basqılara dözmür, ölkədən çıxır. Vergi orqanları da son zamanlar biznesə divan tutur, növbədənkənar yoxlamalarla, qeyri-qanuni müdaxilələrlə sahibkarların işinə əngəllər törədirlər. Belə vəziyyət gömrükdə və biznesin işinə müdaxilə səlahiyyəti olan digər dövlət və hökumət orqanlarında da müşahidə olunur.
On ildən çoxdur ki, mətbuatda bu problemin mövcudluğundan danışırıq, həlli yollarını da demişdik: Mülkiyyət toxunulmazlığı və Ədalətli Məhkəmə sistemi! Bu iki məsələ həll olunmasa, nə yatırımçı ölkəyə gələcək, nə da daxili sərmayədar iş görəcək, ədalət sahəsinin kökündən islah edilməsi – yəni, sistem islahatları lazımdır.
Dəfələrlə yerli icra hakimiyyəti orqanlarının ləğv edilməsini, yerli özünüidarə sisteminin tədbiqini, ölkənin “Ellərə” və “Obalara” bölərək, idarəetmənin optimalaşdırılmasını təklif etmişik. O zaman icra hakimləri “krışa” ola bilməyəcək, bu problemin həlli Ana Yasa islahatlarından, ölkənin ərazi vahidlərinə yenidən bölünməsi, yerli seçkilərin normal keçirilməsi, səlahiyyət bölgüsünün açıq və net olması – yəni, sistem islahatları lazımdır.
Bir sözlə, dünən Prezidentin qaldırdığı problemləri illərdir ki, biz yazıb-çizirik, hər fürsətdə bu problemlər haqqında danışırıq. Sadəcə ciddi fərq bundan ibarətdir ki, bu problemlərin həlli bizim səlahiyyətimizdə deyil, biz müxalifətik, problemləri həll etməli olan insan isə – Prezidentdir. O da bizə şikayət edir, bizim funksiyamızı yerinə yetirərək, özü tənqidi mövqe qoyur. Prezident həm iqtidar, həm də müxalifət olmaq istəyir – bu isə mümkün deyil, işin məntiqinə ziddir. Yaxşı hal odur ki, dövlət başçısı problemləri görür, amma problemlərin köklü həlli üçün addımlar atılmır.
Olsun, konkret addımlar atmasalar da, biz dövlətimizin gələcəyi üçün təkliflərlə yenə də çıxış edəcəyik, təki həmin təkliflər, fikirlər iqtidar tərəfindən qəbul edilib, islahatlar aparılsın. Ölkə ciddi, fundamental, köklü sistem dəyişikliyinə hamilədir, bu, olmadan heç bir sahədə müsbət dəyişikliklər ola bilməz. Biz tək isimlərin deyil də, sistemin, oyun qaydalarının dəyişdirilməsini istəyirik, bu yöndə çalışırıq…