“Çirkab sular gölməçəyə, oradan da həyətlərimizə, zirzəmilərimizə dolur”

Bu gölməçə burada yaşayanların həyatı üçün əməlli-başlı təhlükədir.

Source: Specify Source


Çənlibel qəsəbəsinin sakinləri yaxınlıqdakı gölməçənin qurudulmasını və abadlaşdırılmasını istəyir

“Bütün məhəllələrin çirkab suları evlərimizin yaxınlığındakı gölməçəyə axıdılır, üfunətdən evlərimizdə otura bilmirik. Gölməçədəki ilan, əqrəb, müxtəlif həşəratlar evlərimizə üz tutur. Gölməçə qamışlıqda əhatə olunub, tez-tez yanğın baş verir, insanların həyatı təhlükədə qalır”.

Bunu Meydan TV-yə Yevlaxın Çənlibel qəsəbəsindəki İsrafil Məmmədov küçəsinin sakinləri deyir.

1994-95-ci illərdə bu ərazidə ev tikmək üçün bir neçə ailəyə torpaq sahəsi satılıb. Sakinlərə bildirilib ki, tezliklə yaxınlıqdakı qamışlıqla əhatə olunan gölməçə ləğv ediləcək, əraziyə kommunal xətlər çəkiləcək. Buna inanan sakinlər də ərazidə evlər tikərək yaşamağa başlayıblar. 25 ildən çox vaxt keçməsinə baxmayaraq, sakinlər hələ də çirkab sularla baş-başa yaşadıqlarını deyir.


“Yarımçıq düzəltdiyimiz yolu da bərbad elədilər”

“Burada 12 fərdi yaşayış evi, hərəsi ikimərtəbəli və dördbloklu olmaqla 4 bina var. Burada yaşadığımız vaxtdan problemləri öz gücümüzə həll etməyə çalışırıq. Qonşu küçədən qaz xətti çəkmişik, öz gücümüzə çınqıl alıb yola tökmüşük ki, gediş-gəliş edə bilək. İş orasındadır ki, bu yaxınlarda yerli icra hakimiyyəti əziyyətlə yarımçıq düzəltdiyimiz yolu da düzəltmək adı ilə bərbad vəziyyətə salıb. Yolumuz yox, gölməçə də ömrümüzə oturub. Qapı-pəncərə aça bilmirik, gölməçənin qurd-quşu evlərimizə dolur. Yayda üfunətdən əziyyət çəkirik. Ərazidə kanalizasiya xəttinin olmaması üzündən evlərin çirkab suları gölməçəyə axıdılır. Digər fəsillərdə isə gölməçə yağış sularıyla dolub daşır, yollarımızı, həyətlərimizi, zirzəmilərimizi çirkab su basır. Evdən çölə boylana bilmirik, uşaqlar məktəbə, böyüklər işə gedib-gələ bilmir”, – sakinlərdən biri deyir.

image_from_ios (8).jpg
“Gölməçənin qurd-quşu evlərimizə dolur”


“Tez-tez yanğın baş verir”

Sakinlərin sözlərinə görə, bir hadisə baş verəndə yaşadıqları küçəyə nə təcili yardım, nə də yanğınsöndürən maşınları keçə bilmir:

“Gələn təcili yardım, yanğınsöndürən maşınları məcburdular ki, qonşu küçədə saxlasınlar. Xəstəni evdən qonşu küçəyə qucağımızda daşımalı oluruq. Qamışlıqda tez-tez yanğın baş verdiyindən tez-tez yanğınsöndürən maşınlar gəlir. Bu gölməçə burada yaşayanların həyatı üçün əməlli-başlı təhlükədir. Uşaqları gözdən qoya bilmirik ki, gedib gölməçəyə düşüb, boğularlar. Tez-tez yanğın olur, bir gün o yanğın evlərimizə keçsə, burada nə salamat ev, nə də sağ insan qalar”.


“Deyirlər, texnika olanda gələrik”

Sakinlər dəfələrlə Yevlax Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Ancaq hələ də problem həllini tapmayıb:

“Fövqəladə Hallar Nazirliyinə etdiyimiz müraciətlərdə bizə rəsmən bildirilib ki, bu məsələni rayon icra hakimiyyəti həll etməlidir. Əvvəlki icra başçısının qəbula getdik-gəldik, heç bir xeyri olmadı. İndi təzə başçı gəlib, onun qəbuluna getmişik, söz verib ki, problemi həll edəcək. Aprelin 20-dən burada iş görməyə başladılar, sonra da gah yağışı, gah texnikanı bəhanə edib, işləri ləngitdilər. Növbəti müraciətimizdən sonra iyulda gətirib “Kamaz”larla zibil, torpaq töküb getdilər. Sonra da bəhanə etdilər ki, zibili, torpağı yaymaq üçün qreyder texnikası lazımdır, o da icra hakimiyyətində yoxdur, nə vaxt rayona o texnika alınar, o zaman da abadlıq işləri aparılar. Vətəndaş olaraq bizə maraqlıdır ki, insanların yaşadığı küçələri abadlaşdırmaq üçün texnikanı bəhanə edən icra hakimiyyəti rayon mərkəzini hansı texnikalarla abadlaşdırıb? Özlərinə lazım olanda, hər cür ən son texnika tapılır, vətəndaş üçün hər şey qəhətə çıxır”.

image_from_ios (7).jpg
“Evdən çölə boylana bilmirik, uşaqlar məktəbə, böyüklər işə gedib-gələ bilmir”

Yevlax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, təxminən iki həftə əvvəl qurumun rəhbərliyi İsrafil Məmmədov küçəsində olaraq oradakı vəziyyətlə tanış olub. Başçı küçədəki problemlərin həlli ilə əlaqədar tapşırıqlar verib. Qurumdan bildirilib ki, yaxın vaxtlarda texnikaların köməkliyi ilə ərazidə abadlıq işləri aparılacaq.

image_from_ios (5).jpg
“Bu gölməçə burada yaşayanların həyatı üçün əməlli-başlı təhlükədir”.
Ana səhifəBölgə“Çirkab sular gölməçəyə, oradan da həyətlərimizə, zirzəmilərimizə dolur”