Cinslərarası sərhədlər

Ayrı vaqon problem həlli deyil…

Source:

Son zamanlar metroda qadınların ayrı vaqonlara minməyi təklifiylə bağlı təklif səs-küyə səbəb olub. Öncə onu demək istəyirəm ki, belə bir təklifin olunmağı birinci dəfə deyil və Azərbaycanda bu hadisələr uzun zamandır baş verir. İkinci məsələ isə bu təklifə qarşı çıxan insanların səmimi olmamasıdır.

Azərbaycanda belə hallarla hər addımda qarşılaşmaq olar, ona görə də bu işdə heç kimin etirazı ciddi deyildi. Onlar sadəcə öz rahatlığını düşünüb bunu etdilər. İndi metro ilə bağlı təklif öz yerini tapmadı deyə, hər kəs susdu. Görünən odur ki, bu kimi digər hallara göz yumulur.

Bir neçə səbəb göstərilir ki, onlardan biri də qadınlara qarşı olan təcavüzlərdi. Amma bu təklif təcavüzə qarşı atılmış addım deyildi, əksinə bu halların normal olduğunu dilə gətirmək idi. Bu halları qəbullanmaq idi bunun adı.

Biz çox yaxşı bilirik ki, Azərbaycanda qadınlara qarşı ayrı-seçkilik problemi daim var. Ümumiyyətlə, qadınların seçilməsi, onların sanki zəif məxluqlar, bəzən də mülkiyyətmişlər kimi qorunması, hər hansı bir işdə qərarları vacib sayılmaması, qapalı şəraitdə saxlanılması, cəmiyyətdə baş verən hadisələrə qarışa bilməməsi, mövqe qoya bilməməsivə s kimi problemlər cəmiyyətin bütün təbəqələrinə aiddir və bütün sahələrdə var.

Mənə bu təklifə qarşı aqressiv və təəccüblə yanaşan, bu hadisələrin sanki gözlənilmədən olduğunu, qəfil baş verməsi kimi yanaşan və indi təkcə metro ilə bağlı təklifə qarşı çıxan insanlar maraqlıdır. Yəni həqiqətənmi o insanlar ölkədə baş verən hadisələrdən xəbərsizdir?!

Bakıdan rayonlara gedən avtobuslarda qadınların kişilərlə bir yerdə oturub, yanaşı yol getməsi “qadağan” olunub. Rəsmi qadağan edilməsə belə, bu sahədə işləyən şəxslər belə hallara ciddi nəzarət edir. Rayonlararası xidmət göstərən avtobuslarda qadınla kişinin bir yerdə oturması mümkün deyil. Dəfələrlə elə məsələlərə görə xoşagəlməz hadisələr, cinayyət işləri baş verib.

Bəs, metroda qadınların kişilərdən ayrı vaqonlarda getməsi təklifi bundan nəyi ilə fərqlənirdi?! Yoxsa, kimsə bilmirdi bu işləri?!

Bu hadisələr indi baş vermir, ona görə də, bu hadisələrə indi etiraz edən heç kimin səmimiyyətinə inanmıram.

Ümumiyyətlə, Azərbaycanda bir çox məclislər olur ki, qadınlar kişilərdən ayrı tutulur. Belə məclislər, toplantılar çoxdur.

Qarşı çıxırıqsa, etiraz ediriksə, belə halların hamısını nəzərə almalıyıq.

Rayonlarda parklar kişilərin toplaşdığı çayxanalarla zəbt olunub. Bu mənzərəyə hər bir rayonda rast gəlmək olar. Həmin parklarda bir qadın görünməsi, həmin parkdan bir qadının keçməsi möcüzə sayılır. Hələ də rayonlarda qadınlar, çayxana olmasa belə, parklarda sərbəst şəkildə istirahət edə bilmir. Sanki bütün yerlər kişilərə aiddir. Burada da ayrı-seçkilik var. Hansı rayonda qadınların rahat şəkildə gedə biləcəyi bir məkan var?!

Amma bu problemlərin həllinə bizim kişilər hazır deyil, heç qadınlar da hazır deyillər. Hər iki tərəf bir-birindən aslıdr, hər iki tərəf bu iyrənc halların aradan qaldırılmasından qorxur. Qadın-kişi vaqonlarını ayırmaq isə, problemin həlli deyil, iki cinsin arasına yeni sərhədlər qoymaqdır.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir

Ana səhifəMənim FikrimcəCinslərarası sərhədlər