Frankfurtda Hote Universitetinin həyətindəki hovuzun yanında oturub günəşlənərkən Krisin iki yaşlı qızı Klara çılpaq bədəni ilə hovuzda oynayır, qızmar günəşdən, sudan zövq alırdı. Bu mənzərəni izləyərkən Bakıda, Dərnəgül metro stansiyasında anasının qucağında təqribən Klara ilə eyni yaşlarda çadrada gördüyüm uşağı xatırladım. İki fərqli mədəniyyəti təmsil edən körpə uşaqlar, birisi çadrada, digəri isə həyatı daha geniş imkanlarla təcrübə edə biləcəyi azad bir cəmiyyətdə yaşayır.
İctimai təfəkkür insan bədəninə dair qavrayışı erkən yaşlardan formalaşdırmağa başlayır. Uşaq bədəninin tanıdığı ilk ictimai-mədəni katiqoriya bədənsəl, cinsiyyət katiqoriyasıdır. Fiziki-biolojik inkişafa paralel olaraq uşaq bədəni körpə qız uşağından yetkin qıza qədər inkişafını davam edir, daha sonra ilk cinsəl təcrübəsi (ailə həyatı qurur və ya “qeyri-legitim cinsəl təcrübə”) ilə mədəni statusunu qazanaraq qız uşağından qadınlıq statusuna keçir. Qadın həyatını bədənsəl, cinsiyyət katiqoriyasının içində məhkum olmuş formada yaşamağa davam edir.
Azərbaycanda dini, ənənəvi düşüncənin əsasında formalaşmış ictimai təfəkkür (mentalitet) insan bədənini, ələxsus da qadın bədənini, onun cinsəlliyini, günahın qaynağı olaraq qəbul edir. Bu düşüncə tərzi qadının bütün həyatını daha körpəliyindən müəyyən edərək şərtləndirməyə başlayır. Qadının dini təfəkkürün onu həbs etdiyi bu mental düşüncə katiqoriyasından azad olunmasının ən vacib şərti düşüncə tərzimizin əsasında dayanan baxışın köklü olaraq dəyişdirilməsidir. Dünyəvi düşüncə insanın doğuşdan hər hansı bir günahla dünyaya gəldiyi fikrini rədd edir. Hər bir fərd davranışının sadəcə hüquqi və əxlaqi nəticələri ilə hesablaşmaqla məsuldur. Əks halda dini mental düşüncə fərdi həbs edərək bütün həyatını günah çadrasının altında yaşamağa məhkum edir.
Qadının cəmiyyətimizdəki təmsilləri ana, bacı, övlad və.s ilə limitlidir. Bir qadın bu təmsillərin xaricində davranış sərgiləsə və ya yazıçı, rejissor onu fərqli təsvir etsə, dərhal ictimai hay-küy dalğası ortalığı bürüyür, ittihamlar bir-birini qovalamağa və bəzən hədələməyə başlayırlar. Arxaik ictimai əxlaqın mühafizəçisi rolunda çıxış edən bəzi “intelektuallar”, onların həzin və kövrək dəstəkçisi olan gənclər analıq, bacılıq təmsilini kirlədən bu “əxlaq fahişələrini” sosial mediadan, televiziyadan “daşlayırlar”.
Cəmiyyətin mövcud təfəkkürü qadını qatı düşüncə katiqoriyaları və məkanların içində saxlamaq üçün əlindən gələni edir. Bizlər yazılarımız, filmlərimiz, əsərlərimizlə qadını bu düşüncə məkanından azad etmək üçün çalışdıqca, qarşı tərəf bizi “şərəfsizlikdə, ləyaqətsizlikdə” ittiham edir, öz aləmlərində: “Sizin ananız-bacınız yoxdur?” sualını verirlər. Dini mental düşüncə münasibətlərin çeşidlənməsinə, fərdi təşəbbüslərin fərqli katiqoriyalar yaratmasına imkan verməyərək fərdlərin kimlik seçiminə total nəzarət edir.
Azərbaycanda ictimai məkanın arxitekturasına və dizaynına baxanda xalqın düşüncə tərzini oxumaq o qədər də çətin olmur. Keçən yay dostlarla Novxanı çimərliyində, yolun kənarında yerləşən restoranların birinə getmişdik, mən şort geyinmişdim deyə bizə oturmağa icazə vermədilər, ofisiant divardakı yazını göstərib buranın “ailəvi istirahət mərkəzi” olduğunu izah etdi. Hər şey aydındır, gərək məkanın tələblərinə uyğun geyimdə və mümkündürsə qadınlarla bu məkana gedək, çox yaxşı olar ki, xanımlar ya anamız-bacımız ya da ki yoldaşımız olsun, sevgilimizlə ilə getmək də bir az uyğunsuz ola bilər.
Bu yaşadığım hadisəni təsadüfən danışmadım. Bu misal ictimai məkanın cinsiyyətini çox yaxşı ifadə edir. Qadının təmsil etdiyi yeganə saf, bakirə məkan evdir, bu ya ata evidir ya da ər evi. Onun xaricində qadının gedə biləcəyi ictimai bir məkan yoxdur. Sistem ehtiyaca cavab verərək ictimai məkanın daxilində ailəvi istirahət mərkəzləri yaradıb, bu yerlərə tam ürək rahatlığı ilə öz xanımlarınızla gedə bilərsiniz, yoxsa qız uşağının, gəlinin küçədə nə işi var..
Bu düşüncələri yazdıqca özüm də fikirləşirəm, ümumiyyətlə Azərbaycan qadının faciəsi yerə-göyə sığacaq kimi deyil. Qadının var ola bilməsi üçün həmişə ikinci bir şəxsin varlığına (ər, övlad), üçüncü bir şəxsin (legitimleşdirmək gücü olan qurum) isə təsdiqinə ehtiyacı var. Onun varlığını ifadə edə bilməsi üçün şəxsi məkana, evə, bir ərə, övlada ehtiyacı var. Onlar yoxdursa, qadınlar da yoxdur.
Cəmiyyət olaraq özümüzə günahdan böyük həbsxanalar inşa etmişik, bu həbsxanaların əksər məhkumları qadın bədənləridir. Qadın bədənləri ona görə ki qadın ictimai – mədəni həyatımızda bir subyekt kimi yox, daha çox seksual bir obyekt olaraq var olmaqdadır. Onları bədənlərinin cinsiyyət orqanına, ictimai təfəkkürümüzün analıq, bacılıq, yoldaşlıq təmsilləri içinə, ev məkanına həbs etmişik.
Bədənlərimizi, cinsəlliyi, məkanı günahdan təmizləyərək təfəkkürümüzü dünyəviləşdirməliyik. Münasibətlərimizdə dini, ənənəvi düşüncəyə istinadları dünyəvi baxışla əvəz edərək, fərdlərin birgə azad yaşaya biləcəyi cəmiyyət formalaşdırmalıyıq. Əks halda, qadınları həbs etdiyimiz bu həbsxanaların qoruyucusu və təminatçısı olaraq yaşamağa məhkumuq.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…