Cins və gender

Source:

Tarixən gender və cins terminləri aralarında heç bir fərq olmadan işlədilirdi, amma müasir cəmiyyətdə onların mənaları tamamilə fərqli anlamda istifadə olunur.

Bu iki məfhum arasındakı fərqi bilmək hər zamankından daha vacibdir. Bu məqalədə biz cins, cinslər arasındakı fərqlər, gender, gender rolları, gender identikliyi və gender ifadələrinin mənalarına baxacağıq.

Ümumi mənada, cins qadın və kişi arasındakı bioloji fərqliliklərə görə müəyyən olunur, genital və digər genetik fərqliliklər buna misal ola bilər. Genderi müəyyən etmək bir qədər çətindir, ancaq qadın və kişinin cəmiyyətdəki roluna (gender rolları) və ya individlərin özlərini qəbul etmə anlayışlarına (gender identikliyi) görə müəyyən olunur.

Bəzi hallarda, bir insanın genetik təyin olunmuş cinsi ilə gender identikliyi üst-üstə düşmür, bu halda həmin insan transgender, qeyri-binar və ya gender-uyğunsuzluğu kimi identifikasiya olunur.

Cinslərin müxtəlifliyi

Kişi və qadın cinsləri arasındakı fərqlər anatomik və psixolojidir, cins bioloji fərqliliklərə görə müəyyən olunur. Məsələn, qadın və kişi genitalları xarici və daxili görünüşünə görə, təbii ki, fərqlidir. Eynilə qadın və kişi bədənində olan hormonlar da fərqlidir.

Bu, fərdin cinsiyyətini müəyyən edən genetikadır. Qadınlarda 46 xromosm və iki X, kişilərdə isə 46 xromosom və bir X, bir Y olur. Y xromosomu dominantdır və testis yetişdirmək üçün vacibdir. Qadınlarda estrogen və progesteron, kişilərdə isə testosteron üstünlük təşkil edir. Bəzən elə hallar olur ki, qadın və kişi binarından kənara çıxmaq lazım olur, kişilər 2 və ya 3 X xromosomu və ya qadınlar Y xromosomu ilə doğulur. Bəzi hallarda isə körpə kişi və qadın genitallarının qarışığı ilə doğulur, bu fərdlər interseks olaraq müəyyən olunur.

Belə hallarda əsasən valideyn uşağın cinsiyyətini müəyyən edir. Araşdırmalara əsasən hər 1500 doğuşdan biri interseks olur. Hazırda, interseks aktivistləri uşağın yerinə valideynin qərar verməsini pisləyir və bədəni üzərində bütün hüquqların uşağın özündə olduğunu anlamağı tələb edirlər.

Gender müxtəlifliyi

Gender hər bir cinsə cəmiyyət tərəfindən “verilmiş” sosial və mədəni roldur. Genetik cəhətdən müəyyən olunmuş cinsdən fərqli olaraq, gender rolları ailə, media, təhsil və cəmiyyətin təsiri ilə formalaşır.

Patriarxal cəmiyyətlərdə gender rolları daha azad cəmiyyətlərə nisbətən sərtdir. Məsələn, Səudiyyə Ərəbistanında qadının gender rolu evdar qadın olmaq, kişiyə qulluq göstərməkdən başqa bir şey deyil, fundamental azadlıqlardan belə məhrumdur. Bəzi azad ölkələrdə də qadınların gender rolları uşaq baxıcılığı və daha az pul qazanmaqla kifayətlənir. Fəqət, ənənəvi gender rolları daş salnaməyə yazılmış deyil və müasir cəmiyyətlər onları dəyişməkdə azaddırlar.

Gender rolları və gender stereotipləri axıcıdır və zamanla bir-birinə qarışa bilərlər. Məsələn, hündür dabanlı ayaqqabılar hazırda Qərb cəmiyyətlərində birmənalı olaraq femininliyə işarə edirsə, onlar ilkin olaraq çapar kişilər üçün dizayn olunmuşdu. Qadınlar hündürdabanlı ayaqqabılar geyindikcə, kişilərin ayaqqabı dabanı qısaldı, qadın ayaqqabılarının dabanı isə daha da incə və hündür olmağa başladı. Zaman keçdikcə hündürdabanlı ayaqqabı qavrayışı özünün hazırkı sosioloji mərhələsinə, femininliyə işarə olmasına gəlib çatdı. Halbuki, mahiyyət etibarı ilə hündür dabanın femininliklə heç bir əlaqəsi yoxdur, sosial normalar onu feminin edib.

Gender rollarına aid digər bir klassik nümunə isə mavi/oğlan, çəhrayı/qız stereotipidir. Müasir “gözlərə” görə çəhrayı qeyri-şərtsiz olaraq femininliyi ifadə edir, bu da öz növbəsində cəmiyyətin bizim gender rollarınıqavrayışımıza necə təsir etdiyini göstərir.

Uşaqlar üçün rəngli geyim kəşf olunana qədər, ağ rəngli geyimdən istifadə olunurdu. 1918-ci ildə nəşr olunmuş Earnshaw’s Infants’ Department (Örnşounun uşaq şöbəsi) dərgisində qeyd olunub: “Ümumi qəbul olunmuş qayda belədir ki, çəhrayı oğlanlar, mavi qızlar üçündür. Çəhrayı rəng daha güclü rəngdir və oğlana daha çox yaraşır, mavi rəng isə daha incə və şirin rəngdir, qızlara daha çox yaraşır.”

Gender identikliyi və ifadəsi

Gender sözünün başqa bir mənası fərdin özünü necə təqdim etməsi, gösməsini ifadə edən gender identikliyidir. Gender identikliyi fərdin kişi və ya qadın olmasını ifadə edən daxili və şəxsi hissləridir. Transgender insanlar üçün isə onların daxili gender identikliyi doğuşdan müəyyən olunmuş cinsə uyğun olmur. Əksər insanların gender identikliyi kişi və qadın ikilisi ilə məhdudlaşır, bəzi insanlar üçün isə gender identikliyi bu ikiliyə uyğun deyil və qeyri-binardır.

Gender ifadəsi isə gender identikliyinin xarici təzahürüdür, ad, əvəzliklər, geyim, saç düzümü, davranış, səs və ya bədən xarakteristikaları ilə ifadə olunur. Cəmiyyət bu işarələri maskulin və feminin kimi qəbul edir. Bir şey də məlumdur ki, feminin və maskulin anlayışları zamanla dəyişir və mədəniyyətlərə görə də fərqlidir.

Yekun üçün qısaca deyə bilərik ki, “cins” bioloji xüsusiyyətlərə görə, “gender” isə fərdin və cəmiyyətin seksuallıq anlayışının qavrayışına və maskulin-feminin məfhumlarının necə qəbul etməsinə görə müəyyən olunur.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəCins və gender