“Əgər Qalib Salahzadə elə imkanlıdırsa və savab qazanmaq istəyirsə, savadı olub, imkanı olmayan gənclərin təhsil almasına köməklik etsin”
“Qalib Salahzadə “500-dən çox adamı Həccə göndərmişəm” deməklə özünü gülünc vəziyyətə salır”.
Bu sözləri “olke.az”-a deputat Çingiz Qənizadə deyib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudası, keçmiş deputat Hacı Qalib Salahzadənin açıqlamasına etiraz edən Ç.Qənizadə deyib ki, şəxsən özü bu fikirləri doğru hesab etməyib.
“Çünki bu, həqiqət deyil. Digər tərəfdən isə 500 nəfərin Həcc ziyarəti xərcləri təqribən 1 milyondan çox vəsait tələb edir. İndi Qalib Salahzadə də bir ifadədir, ortaya atıb, kimi inanır, kimi yox! Mən bunu ciddi qəbul etmirəm. Əgər, doğrudan da, Qalib Salahzadə bunu edibsə, o zaman etdiyini deməməlidir. Əgər Həcc ziyarətini Allah xətrinə edirsənsə, sonradan bunu səsləndirmək düzgün deyil. Bunun əvəzində daha xeyirxah əməllər etmək olardı. Misal üçün, son illər imtahan verib yaxşı nəticələr və tələbəlik adı qazanan xeyli gənclərimiz var ki, onlar imkansızlıqdan təhsil ala bilmirlər. Əgər mənim maddi imkanım olsaydı, həmin gənclərin təhsil almasına köməklik edərdim. Daha 500 adamı Həcc ziyarətinə göndərib, sonra da bununla öyünməzdim. Əgər Qalib Salahzadə elə imkanlıdırsa və savab qazanmaq istəyirsə, savadı olub, imkanı olmayan gənclərin təhsil almasına köməklik etsin. Bu, Allaha da xoş gedər”.
Ç.Qənizadə qeyd edib ki, Qalib Salahzadə dəfələrlə Həcc ziyarətinə getmiş şəxslərdəndir:
“O özü də deyir ki, 30 dəfədən çox Həcc ziyarətində olmuşam və sairə. Yadıma gəlir, sonuncu parlament seçkilərində də adının siyahıda olmadığını görüb Həcc ziyarətini yarımçıq qoyub qayıtmışdı. Sonradan belə əsaslandırdı ki, kiməsə etibarnamə verib. Yəni, Həcc ziyarəti ilə bağlı bu cür ifadələr işlətməyin özü belə doğru deyil. Mən anlamıram ki, o, nə üçün bunu söyləyir? Yaxşı, dedin, beş adamı da inandıra bildin və onlar da sənə “sağ ol” dedilər. Bütün bunları buna görəmi edirsən? Belə hərəkətlər düzgün deyil. İnsan nə qədər sadə olarsa və ağıllı fikirlər söyləyərsə, bir o qədər onlar üçün yaxşıdır. Mən bunu xüsusilə keçmiş millət vəkillərinə şamil edirəm”.
Hacı Qalib Salahzadə 500-dən çox adamı Həccə göndərdiyini bildirmişdi.