Qubad İbadoğlu: “Polis xəbər tutan kimi klinikalarda Jalə ilə bağlı olan bütün qeydləri ləğv etdilər”
“Qızıma qarşı seçki məntəqəsində baş verən şiddət həm dərəcəsinə, həm də davamlılığına görə yalnız bizim ailəni deyil, bütün Azərbaycanı riqqətə gətirdi və şoka saldı. Zor tətbiqini əks etdirən videolarda döyülənin və döyənin açıq-aşkar görünməsinə baxmayaraq, bu hadisəyə münasibətdə hüquq- mühafizə orqanlarının sərgilədiyi mövqesizlik, istintaq orqanlarının hərəkətsizliyi ictimaiyyəti xeyli hiddətləndirib”.
Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Meydan TV-yə belə deyib.
Qubad İbadoğlunun qızı Jalə Bayramova fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsinin Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 16 saylı məntəqəsində məşvərətçi səshüquqlu şəxs olub. Həmin gün məntəqədə gördüyü qanun pozuntularını lentə alan Jalə Bayramova Azadə Kərimova adlı bir nəfərin hücumuna məruz qalıb. Məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırılıb.
Hadisənin video-görüntüsü də var. Azadə Kərimova Jalə Bayramovaya yaxınlaşıb soruşur: “Sən nə haqla məni çəkirsən?” Sonra telefonunu almağa çalışır. Telefonu verməyən Jalə Bayramovanı yerə yıxıb, sürüyür.
Jalə Bayramova açıqlamasında deyir ki, qadın onun saçından tutub sürüyüb, üzünü cırmaqlayıb. Əlindən güclə qurtulub.
Bir gün sonra Jalə Bayramova həkim müayinəsindən keçib. Boğulmadan bədənində bəzi xəsarətlər qalıb. Başında şişlər əmələ gəlib, ağrıları isə bu günədək davam edir.
Jalə Bayramova fevralın 9-da başına gələnlərlə əlaqədar zərərçəkən qismində yerli polis şöbəsinə müraciət edib. Ancaq bugünədək hər hansı bir tədbir görülməyib.
Qubad İbadoğlu deyir ki, baş verənlərlə bağlı Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə müraciət ediblər. Ancaq qızını döyən şəxs cəzalandırılmayıb:
“Bu fakt göstərdi ki, ölkədə qanunlara nə mərkəzi, nə də yerli səviyyədə əməl olunur. Bir sözlə, ölkəni gənclərin səsini boğmaqla idarə edirlər”.
Fevralın 11-də Daxili İşlər Nazirliyinin (DİN) hadisə ilə bağlı verdiyi açıqlamasında isə deyilir ki, video-çəkilişə etirazı iddia olunan Azadə adlı qadın həmin məntəqədə nə seçici, nə müşahidəçi, nə də məntəqə üzvü kimi qeydiyyatda olub.
Qubad İbadoğlu deyir ki, belə olan halda onun seçki məntəqəsində olması, eləcə də məntəqə katibi ilə məşvərətçi səs hüququ olan üzv arasında danışıq gedərkən prosesə müdaxilə etməsi heç bir qanuna uyğun deyil. Ata bununla bağlı əlavə izahat tələb etsə də, ona hər hansı açıqlama verilməyib.
“Mənə və Jaləyə dəstək məqsədilə minlərlə məktub ünvanlanıb. Bizim ailə ilə həmrəy olanların vahid mövqeyi budur ki, bu günahkarlar cəzalandırılmalıdır. Çünki cəzasızlıq mühitində baş verə biləcək təhlükələr və risklər hər bir ailənin qapısını döyə bilər. Odur ki, bu məsələ getdikcə genişlənən ictimai tələbin istəyi qanunların aliliyi təmin olunmaqla icra olunmalıdır”.
Qubad İbadoğlu baş verənləri təsadüfi hesab etmir. Deyir, hadisənin törədilməsində hakimiyyətin ona olan qisasçılığı və Jalənin prinsipiallığı əsas rol oynayıb:
“Bununla bağlı bəyan etmək istəyirəm ki, mənim mövqeyimə bu yolla təsir etmək istəyənlər yanılırlar. Mən demokratiya uğrunda mübarizəni Azərbaycan üçün milli və strateji məsələ hesab edirəm. Ölkədə demokratik dəyişikliklər olmayınca, nə azadlıqlar, nə rifah, nə də Qarabağ problemi həll olunacaq. Bunu mənim böyütdüyüm övladlarım da başa düşür və mübarizəmə güc qatırlar”.
Jalə Bayramova Bakı Dövlət Universitetinin (BDU) hüquq fakultəsinin Sabah qrupunun tələbəsidir. Atası deyir ki, son semesterindən bütün imtahanlarından A alıb. Eyni zamanda, imtahanlararası dövrdə Seçki Məcəlləsini və onunla bağlı təlimatları da dərindən mənimsəyib. Özünü təlimçi kimi sınaqdan keçirib, müşahidəçiləri seçki prosesinə hazırlayıb. O, məntəqəyə gedəndə aldığı hüquq təhsilini, öyrəndiyi Seçki Məcəlləsini tətbiq edəcəyini güman edirmiş:
“Bu hadisə onun üçün yalnız mənəvi və fiziki zədələri ilə deyil, həm də ölkədə qanunların işləməməsi ilə çox məyus edib. O, qanunları yalnız imtahanlarından əla qiymət üçün öyrənməyib, ən başlıcası hüquqşünas olaraq onları tətbiq etmək və ya onun icrasına nəzarət etmək niyyətində idi. Göründüyü kimi bu sahədə sifəsi yalnız qanunların deyil, həm də onun ayaq altına atılması ilə nəticələndi”.
Qubad İbadoğlu deyir ki, buradan görünən bir şey var. Polis bu işi yüngül xuliqanlıq hadisəsi ilə bağlamaq istəyir:
“Jalənin ciddi xəsarət almasına baxmayaraq, ona olan qəsdi olduğu kimi qəbul etmir. Lənkəranda keçirilən tibbi-ekspertiza polisin nəzarətində olan həkim vasitəsilə formal olaraq aparılıb. Qızım nəinki müayinə olunmayıb, hətta onun açıq-aydın görsənən xəsarətləri belə qeydə alınmayıb. Bu işi Bakıda görmək istədik, müxtəlif klinikalara müraciət etdik. Jalənin adı xəsarət jurnalına yazıldı, ambulator kart açıldı və polis xəbər tutan kimi klinikalarda Jalə ilə bağlı olan bütün qeydləri ləğv etdilər. Hazırda Bakıda Jalənin müayinə və müalicəsinə belə imkan verilmir. Məqsəd odur ki, onun ciddi xəsarətləri aparılan təhqiqatlara əlavə olunmasın”.
Ata deyir ki, qızının sağlamlıq durumunun olduğu kimi qiymətləndirilməsi bu cinayətin dərəcəsinə təsir göstərən başlıca amildir. Burdan da görünür ki, məntəqədə nə seçici, nə müşahidəçi, nə də komissiya üzvü kimi qeydiyyatda olmadığı halda ora Jaləni döydürtmək üçün gətirilən Azadə Kərimovanın arxasında yükək vəzifəli şəxslər dayanır:
“Bu şəxslər rayon səviyyəli deyillər, onlar hətta rayonda yaşasalar da, yuxarı səviyyədə dəstəyə malikdirlər. Belə olmasa idi, Jalənin Bakıda müayinə və müalicəsinə mane olmazdılar. Cinayətkarın DİN-in yüksək vəzifəli şəxsləri tərəfindən himayə olunması aydın görünür. Jalə hazırda ev şəraitində, dost həkimlərin məsləhətli resepti əsasında müalicə alır. Ona hər gün sistem köçürülür. Amma bununla yanaşı onun aldığı travmaların aradan qaldırılması daha ciddi müayinə və müalicə tələb edir”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Lənkərandakı hadisə ilə bağlı hazırda saxlanılan yoxdur.
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev isə “Qafqazinfo”ya açıqlamasında deyib ki, həmin hadisə ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsində Jalə Bayramovanın izahatı alınıb:
“Jalə Bayramova fevralın 10-da Lənkəran Şəhər Polis Şöbəsinə dəvət olunub və şöbənin rəhbərliyi tərəfindən qəbul edilib. Bundan sonra xəsarətlərinin dərəcəsinin təyin olunması üçün ekspertiza müayinəsindən keçirilməsi təmin olunub. Hazırda araşdırma davam etdirilir. Tibbi ekspertizanın rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Hüquqşünas Fariz Namazlı deyir ki, bu işdə əsas məsələ yetirilən xəsarətin ağırlıq dərəcəsini müəyyən etməkdir. Ona uyğun hüquqi ölçü götürülməlidir. Polisə şikayət edildikdə xəsarət varsa, dərhal şikayətçi ekspertizaya göndərilməlidir ki, xəsarətin izlərini tez bir zamanda fiksə etsinlər:
“Əgər polis qurumu şikayətçini vaxtında ekpertizaya göndərmirsə, artıq qanunsuzluğa yol verir və polisin hərəkətlərindən yuxarı qurumlara şikayət etmək olar. İstənilən halda, hətta şikayətçi gec ekspertizaya göndərilsə və bu müddət ərzində xəsarətlər sağalsa, o əsasla cinayət işinin başlanması rədd edilsə, yenə də dövlət qurumu qanunsuzluğa yol vermiş olur”.
O ki qaldı xəsarət yetirən şəxs barəsində hansı ölçünün götürülməsinə, Fariz Namazlı deyir ki, bu, artıq xəsarətin ağırlıq dərəcəsindən asılıdır.
Bundan əlavə, Azərbaycan Cinayət Məcəlləsinin 315-ci maddəsi var. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə adlanır. Həmin maddənin 315.1. bəndində deyilir ki, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə cinayətdir. Bunu edən şəxsi üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
315-ci maddənin 2-ci bəndində isə deyilir ki, bu məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qubad İbadoğlu sözlərinə görə, qızının başına gətirilən işlə əlaqəli bütün hüquqi prosedurları aparacaqlar. Bununla bağlı ictimaiyyəti də məlumatlandıracaq:
“Jaləyə qarşı cinayət törədənlər, onun sürütdürülərək bayıra atılmasını sifariş verənlər, sifarişi icra edənlər və müşahidə edənlər mütləq cəzalarını alacaqlar”.