”Cinayət törətməkdən çəkinməyən məmur övladları var” – Yenilənib

Baş Prokurorluq və DİN Nail Allahverdiyevin həbsi ilə bağlı məlumat yayıb

Source:



Nail Allahverdiyev barəsində həbs-qətimkan tədbiri Xətai rayon Məhkəməsində seçilib.



Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov məlumat verib.



Vəkilin sözlərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən N. Allahverdiyev özü də iştirak edib.



S. Bayramov həmçinin müvəkkilinin baş vermiş hadisədən peşmançılıq hissi keçirdiyini, apelyasiya şikayətinin verilməsi ilə bağlı isə hələlik qərar vermədiklərini qeyd edib.


***


Baş Prokurorluq və DİN Nail Allahverdiyevin həbsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş qəza ilə bağlı birgə məlumat yayıb.

Bildirilir ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

“Prezident İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, – birgə rəsmi məlumatda bildirilib.

Ana səhifəXəbərlər”Cinayət törətməkdən çəkinməyən məmur övladları var” – Yenilənib