“Cinayət Məcəlləsinə edilən dəyişiklik jurnalist araşdırmasını çətinləşdirmək məqsədi daşıyır”

Ələsgər Məmmədli online resurslara icazəsiz çıxış olduğu halda bu maddənin təcrübədə tətbiq ediləcəyindən şübhə edir

Source:


Ələsgər Məmmədli online resurslara icazəsiz çıxış olduğu halda bu maddənin təcrübədə tətbiq ediləcəyindən şübhə edir

“Cinayət Məcəlləsinə dövlət sirrinin yayılmasına görə məsuliyyəti sərtləşdirən yeni dəyişikliklər jurnalist araşdırmalarını çətinləşdirmək məqsədi daşıya bilər”. Bunu hüquqşünas Ələsgər Məmmədli deyib.

Martın 6-da Azərbaycan CM-ə yeni 284-1-ci maddə əlavə edilib. Bu maddə dövlətə xəyanət və casusluq əlaməti olmadan, güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək, yalan, talan yolu ilə və ya texniki vasitələrin köməyi ilə dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsinə görə 2-5 il həbs cəzası nəzərdə tutur.

Lakin media hüquqları sahəsində ekspert Ələsgər Məmmədli online resurslara icazəsiz çıxış olduğu halda bu maddənin təcrübədə tətbiq ediləcəyindən şübhə edir.

Hüquqşünas “Turan”a deyib ki, İnternet qlobal şəbəkədir, burada veb-resursların sındırılması yolu ilə əldə edilmiş məlumat yerləşdirilə bilər: “Xaricdəki hakerlərin əldə etdiyi bu məlumatlar üçüncü ölkələr vasitəsilə internetə yerləşdirilə bilər. Daha sonra jurnalistlər də bu məlumatlardan istifadə edə bilər. Bu zaman jurnalist açıq mənbədən məlumatı dərc etdiyinə görə məsuliyyət daşımır. Buna Vikiliks materialları nümunə ola bilər. Bu resursun yaydığı sənədlərdən sonradan bütün dünyada KİV-lər istifadə ediblər. Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanlarının belə hallarda kimisə məsuliyyətə cəlb etməsi çətin olacaq”.

Eksert hesab edir ki, sözügedən norma jurnalistləri araşdırmadan çəkindirmək məqsədi daşıyır: “Digər tərəfdən, dövlət sirrinin qorunmasına görə məsuliyyət dövlət orqanlarının üzərinə qoyulub və onlar informasiya müdafiəsini təmin etmək öhdəliyi daşıyırlar”.

Martın 6-da Milli Məclis həmçinin CM-in 284-cü “Dövlət sirrinin yayılması” maddəsinin 1 və 2-ci bəndlərinə dəyişikliklər edib.

284.1-ci maddəyə edilmiş düzəlişə əsasən, dövlətə xəyanət əlamətləri olmadıqda, dövlət sirri təşkil edən məlumatların yayılmasına görə cəza 3 ildən 6 ilədək artırılıb. Əvvəllər bu müddət 2-5 il təşkil edirdi.

284.2-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, həmin əməllər ağır nəticələrə səbəb olduqda 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Əvvəl bu müddət 3-7 il təşkil edirdi.

Ana səhifəXəbərlər“Cinayət Məcəlləsinə edilən dəyişiklik jurnalist araşdırmasını çətinləşdirmək məqsədi daşıyır”