Cinayət işindən: “Nəcməddin Sadıqovun adamı” əsgərləri bağ evində işlədib…

Məhkəmə. Foto: Meydan TV

Müdafiə Nazirliyinin keçmiş əməkdaşlarının məhkəməsi başlayıb

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin tədris vəsaitlərinin hazırlanması bölməsinin baş zabiti Zahid Niftəliyev və N saylı hərbi hissənin tağım komandirinin müavini Elsevər Niftəliyevin məhkəməsi başlayıb. Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (bir qrup şəxs tərəfindən külli miqdarda təkrar rüşvət alma) maddələrilə ittiham olunan hər iki Niftəliyevin işinə Tərtər Hərbi Məhkəməsində baxılır.

1955-ci il təvəllüdlü Zahid Niftəliyevə Cinayət Məcəlləsinin 311-ci maddəsilə yanaşı, 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsilə də ittiham irəli sürülüb.

Zahid Niftəliyev 2022-ci il mayın 27-də həbs olunanda onun bir müddətdir dələduzluq ittihamıyla axtarışa verildiyi bildirilirdi. Həmin vaxt hüquq-mühafizə orqanları da bu məlumatı təsdiqləmiş, Meydan TV-yə bildirilmişdi ki, Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. İndi isə məlum olur ki, istintaqın gedişində ittiham dəyişib. Yəni dələduzluq ittihamı rüşvətə tövsif olunub.

Zahid Niftəliyev həbs olunanda bu xəbərin ictimai əhəmiyyətini artıran əsas məqamlardan biri onun Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıqovun yaxın adamı olmasıydı. Bu, hazırda cinayət işinin materiallarında da əksini tapıb.

İttihama əsasən, Zahid Niftəliyev Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərilə münasibətlərindən istifadə edərək, müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. işlər görməyin müqabilində rüşvət alıb. Bu işləri N saylı hərbi hissədə gizir kimi xidmət edən Elsevər Niftəliyevin vasitəsilə həyata keçirib.

1987-ci il təvəllüdlü keçmiş gizir hazırda həbsdə deyil, onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. O, 2019-cu ildə də dələduzluq və rüşvət verməyə təhrik ittihamıyla məhkum edilib. O zaman ona cərimə cəzası kəsilib.

Zahid Niftəliyev müxtəlif işlər həyata keçirmək müqabilində rüşvət almaqla yanaşı, həm də hərbi hissələrdən birinin hərbi qulluqçularını Qəbələ rayonunun Vəndam kəndində tikdirdiyi bağ evinə aparıb, tikinti zamanı orada işlətməkdə, bununla da vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur. İş materiallarına əsasən, həmin vaxt orada işləyən əsgərlər xəstələnib, bir müddət onların səhhətində problemlər yaranıb. Bu haqda cinayət işində ifadələr var.

Zahid Niftəliyev ifadə verməkdən imtina edib. Lakin o, ümumilikdə ittihamlara münasibət bildirərkən özünü təqsirli bilməyib, ittihamda göstərilənlərin həqiqətə uyğun olmadığını söyləyib.

Elsevər Niftəliyev isə ittihamda yazılanların hamısını təsdiqləyib. O, özünü təqsirli bildiyini də əlavə edib.
Cinayət işində Zahid Niftəliyevin “Nəcməddin Sadıqovun adamı” olması haqda da müxtəlif ifadələr var. Hətta iddia olunur ki, Nəcməddin Sadıqov özü onu tapşırmış, “onun sözü mənim sözümdür” demişdi. Bu səbəbdən Zahid Nurəliyevə xüsusi münasibət vardı.

67 yaşlı Nəcməddin Sadıqov 1993-cü ilin noyabrından 2021-ci ilin yanvarına qədər Baş Qərargah rəisi vəzifəsində çalışıb.

Ana səhifəSiyasətCinayət işindən: “Nəcməddin Sadıqovun adamı” əsgərləri bağ evində işlədib…