Nazir bəzi çimərliklərin standartlara cavab vermədiyini bildirib
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev aidiyyəti qurumların nümayəndələri ilə çimərlik turizminin inkişafına dair görüş keçirib.
Görüşdə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, “Azərsu”, “Azərenerji”, “Azəravtoyol” ASC-lərin nümayəndələri iştirak ediblər.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir ölkədə bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını deyib və bu sahədə müvafiq qaydaların təsdiq olunmasının vacibliyini qeyd edib.
Nazir çimərlik turizmi ilə bağlı yeni standartın hazırlandığını və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunduğu bildirib.
Ə.Qarayev Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırıldığını deyib. Eyni zamanda vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb.