Çilov adasında çalışan müəllimlər tətildə evlərinə gedə bilməyiblər

”Hava şəraiti imkan vermir, helikopter də bir dənədir”

Source:


”Hava şəraiti imkan vermir, helikopter də bir dənədir”

Bakının Pirallahı rayonu ərazisindəki Çilov adasında yerləşən 131 saylı tam orta məktəbin müəllimləri qış tətilinə evlərinə gedə bilməyiblər. Həmişə onları adadan Bakıya gətirməyə kömək edən 28 May adına Neft Qaz Çıxarma İdarəsi (NQÇİ) bu dəfə yardım etməyib.

Bu barədə Meydan TV-yə adının açıqlanmasını istəməyən ada sakinləri məlumat veriblər. Bildiriblər ki, idarəyə dəfələrlə müraciət edilib, ancaq işə yaramayıb:

“Qış tətilidir, müəllimlər 5-ci gündən getməli idilər. Ancaq 4 gündür adada qalıblar, gedə bilməyiblər. İdarədən deyirlər ki, hava şəraiti pisdir, gəmilər işləmir. Helikopter isə verə bilməzlər. Nəticədə müəllimlər tətillərini adada keçirmək məcburiyyətində qalıblar”.

28 May adına Neft Qaz Çıxarma İdarəsindən Meydan TV-yə bildirilib ki, 131 saylı məktəbin müəllimlərini aparıb-gətirməyə həmişə kömək ediblər. Sadəcə bu dəfə hava şəraiti əl vermir, helikopter isə cəmi bir dənədir, çatmır:

“Bunu şişirtməyin anlamı yoxdur. Biz çalışırıq ki, həmişə onlara kömək edək. Yenə çalışacağıq. Siz bizim iş şəraitimizi bilmirsiniz, platformalardan hər gün yüzlərlə insan daşınır. Onların hamısına helikopter çatdırmaq mümkün deyil. Vallah, çətindir. Biz də istəmərik belə olsun. Amma hava şəraiti əl vermir. Həmişə onlara kömək etmişik, yenə etməyə hazırıq. Məktəbin direktoru idarəyə yenidən müraciət etsin. Biz kömək etməyə hazırıq”.

131 saylı orta məktəbin direktoru Rafael Musayev isə deyib ki, məktəbinin müəllimləri həmişə istədikləri vaxt Bakıya gedib-gəliblər. İndi də müraciət edilib. Sadəcə hava şəraiti ilə əlaqəli əvvəlcə neft buruğunda olan insanlar çıxarılıb. Çünki onlar 15 günlərlə kiçik yerdə qalırlar:

“Növbəti mərhələdə imkan olarsa, müəllimlər də göndəriləcək. Həmişə bizə kömək edilib, daim aparıb-gətiriblər. İndi də hava şəraiti pisdir. İnanın, gediş-gəlişdə yay-qış problem yaşanmayıb. Biz 28 May adına Neft Qaz Çıxarma İdarəsinə minnətdarıq. İndi əminəm ki, imkan yoxdur deyə, kömək etməyiblər. Hava ilə əlaqəlidir. İmkan olan kimi yenə kömək edəcəklər”.

Ana səhifəXəbərlərÇilov adasında çalışan müəllimlər tətildə evlərinə gedə bilməyiblər