Bu yay rayonların birində dostumla rayonun mərkəzindən çox da uzaqda yerləşməyən gölə getdim. Məqsəd istidən qaçıb, gölün kənarında bir neçə saat dincəlmək, imkan olsa bir-iki balıq tutub, istirahətimizi daha da maraqlı eləmək idi. O gölə buna qədər üç-dörd dəfə getmişdim. Təmiz havası, gözəl mənzərəsi ilə göz oxşayan, yayda, eləcə də bütün fəsillərdə zövq ala biləcəyin bir yerdir. Əvvəllər gedəndə çox da diqqət etməmişdim, amma bu dəfə gedəndə gölün kənarında gördüklərimi, baş verən hadisələri, bir sözlə hər şeyi diqqətlə müşahidə elədim və nəticə məni çox üzdü.
Gölün kənarı boya-boy düzülmüş ağaclarla doludur, hərdən bir-iki nəfər gözə dəyər, hərdən isə heç kimi tapa bilməzsən. Yaşıllıqlarda otlayan qoyun-quzu və onları otaran çoban da ara-sıra gözə dəyirdi. Və bu vəziyyəti görüb düşündüm, axı niyə bura insanlar gəlib istirahət etmir, niyə bu gözəlliklərdən zövq almırlar?!
Ağız dolu “gözəllik” deməyimə baxmayın. Bu təbiətin gözəlliyi idi, amma insanlar o gözəlliyi rəsmən zibilxana etmişdi. İyrənc qoxudan qaça-qaça özünə bir yer tapa bilsən, sevinərsən. Görəsən, niyə belə edirlər? Məgər insanlar bundan zövq ala bilmirlərmi, yoxsa onların zövq alması elə bir dəfə ora gedib necə gəldi zibilləməklə kifayətlənməkdir?
Bəs sonra? Heçmi istəməyəcəklər oranı və ya istəmirlər? Nəticə odur ki, həqiqətən istəmirlər. Mən indi demək istəmirəm, dünyanın fərqli yerlərində gedib istirahət etməyin, gəzməyin, görməyin. Təbii ki, hər yerin öz gözəlliyi var və məncə insan övladı bacardıqca elə bütün dünyanı gəzməli, görməli, sevməlidir.
Amma həmin rayonda kimi dindirsən, istirahət etməyə yer tapa bilməməkdən şikayət edər, dodaqaltı deyinər, deyərlər ki, dincəlməyə yer yoxdur. Özləri məhv etdikləri gözəllikləri isə heç ağıllarına da gətirmirlər. Rəsmən zibilliyə çevirdikləri yeri unudublar, amma yadlarına salsan, elə bir yerin olduğunu desən və desən ki, gedək oranı əl-ələ verib yenidən gözəl bir məkana çevirək, ağzına vurub susdurarlar.
Orada gəzişərkən birdən ağlıma gəldi: “Bəlkə elə özüm təmizləyim buranı?” Amma bir az əl-qol atandan sonra anladım ki, bu tək adamın işi deyil. Açığı, dostum da mənə dəstək olmadı. Hə, bir də yadıma düşmüşkən, orada qoyun-quzunu otaran çobanla da kiçik bir dialoqum oldu.
-Məgər o düzənlikləri qoyub, burada-insanların istirahət edə biləcəyi bir yerdə niyə qoyun-quzu otarırsınız?
-İnsanlar buranın qədrini bilmir, heç olmasa heyvanlar məhrum olmasın.
Bax belə, mən də susdum, başımı aşağı əyib gəzişməyə davam elədim.
Yəqin belə məkanların göz görə-görə zibilliklərə çevrilməsini siz də görmüsünüz. Sonradan bu məsələni çoxuna danışdım, qarşısını almaq lazım olduğunu dəfələrlə dedim, amma elə çoxu mənə belə dedi: “Get daha ciddi şeylər haqqında düşün!”
***
Bir neçə gün əvvəl xəbər saytlarının birində “Zibildən düzələn stullar” başlıqlı xəbər gördüm, mənə maraqlı gəldi, tez xəbərə girib baxdım. Videoda gördüm ki, İngiltərə Krallıq Sənət Kollecinin bir məzunu dizayn etdiyi mebelləri tullantılardan hazırlayır. Çox maraqlı gəldi, bu qədər maraqlı olmasına səbəb həm də özümün belə bir iş görməyim olub. Zamanla küçədən tapdığım tullantılardan nələrsə düzəltmişəm, bu işi daimi etməməyimə səbəb isə özümün yorğun, bezgin, bir az da məsuliyyətsiz olmağım olub.
Keçən il isə daha çox zaman ayırdım, küçədə qarşıma çıxan siqaret qutularını toplamışdım, təxminən 2000-dən çox qutu toplamışdım, onların bir neçəsindən maraqlı fiqurlar düzəldə bildim, sonra siqaret qutuları topladığım evi tərk edəsi oldum, geri dönəndə isə gördüm ki, qutular atılıb. Qutuların atılması pis təsir elədi, amma o qutuları toplayarkən küçədən keçən insanların, ətrafımda olan yaxın adamların mənə necə rişxəndlə yanaşdıqlarını, necə yuxarıdan aşağı baxdıqlarını, necə güldüklərini görmək daha təsirli idi.
O insanlar demək istəyirdilər ki, get özünə “ciddi” iş tap. Nədəndirsə mən bu ölkədə insanların ciddi yanaşdığı işləri hələ də anlaya bilmədim. Gənclər arasında birinin incəsənətə marağı olarsa, o saat deyərlər “ciddi peşə seç özünə!” Elə yuxarıda qeyd elədiyim, öz yaşadığım hadisə kimi. Məgər küçədən tullantıları toplayıb, onlardan gözəl bir şey düzəltməyin nəyi pisdir, nəyi qeyri-ciddidir? Nə qədər düşünsəm də cavab tapmadım.
***
Küçələrdə musiqi ifa edib, rəsm çəkib həm öz sevdikləri işdən zövq alan, həm insanları əyləndirən, həm də sevdikləri işdən pul qazanan insanları görəndə çox sevinirəm. Bunlar mənim üçün çox dəyərlidir. Bakıda belə mənzərə çox az qarşıma çıxır, digər şəhər və rayonlarda isə belə şeylər demək olar heç yoxdur. Təbii ki, onlara yaxınlaşıb sevə-sevə dinləyənlər, izləyənlər də qarşıma çıxıb. Hər şeyin bir amması olduğu kimi, burada da bir amma var, dinləyəndən, izləyəndən daha çox qınaq edənlər, onların gördükləri işləri, onların özlərini aşağılayanlar tapılır.
Tbilisinin mərkəzi küçələrinin birində rəssamların toplaşdığı bir məkan var, orada insanlar öz rəsmlərini çəkib pul qazanır. Çox gözəl məkandır, Tiflisə gedəndə hər dəfə ora mütləq gedirəm. İnsanlar çox rahat şəkildə sevdikləri işi görürlər, ortaya maraqlı və gözəl bir mənzərə çıxır. Hər dəfə bura qayıdanda insanlara bizdə də elə bir məkanın olması arzumu deyirəm və buradan ora gedən olanda mütləq ora da getməklərini məsləhət görürəm. Eləcə də, orada küçədə musiqiçilərlə də addımbaşı qarşılaşıram. Mən bunların orada olmasını çox gözəl, burada olmamasını isə bir problem kimi qiymətləndirəndə, insanlar daha “ciddi” problemlərin olduğunu dəfələrlə vurğulayır və bu işləri aşağılayıcı bir şey kimi qələmə verirlər.
İnsanların ciddiyə almadıqları hadisələrlə bağlı üç misal çəkdim, təbii ki, bu şeylər üçün daha çox misal çəkmək olar. Bu yazıda isə üçü ilə kifayətlənmək qərarına gəldim. Məni həqiqətən düşündürən bir sual var: “Görəsən bu insanlar üçün ciddi saydıqları peşə, ciddi saydıqları bir iş nədir?!”
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.